Ana səhifə

Ankaranın Münbiç təklifi və Əsədin Afrinə “girməsi”nin pərdəarxası - TƏHLİL

    Tarix: 19-02-2018 15:58   
Ankaranın Münbiç təklifi və Əsədin Afrinə “girməsi”nin pərdəarxası - TƏHLİL

Asif Nərimanlı

Ötən həftə Vaşinqtondan iki yüksəkvəzifəli şəxs Ankaraya gəldi: əvvəlcə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri McMaster, ardınca dövlət katibi Reks Tillerson. Hər iki şəxsin məqsədinin Türkiyənin Afrindən sonra Münbiçə doğru hərəkət etməsinin qarşısını almaq, yaxud bu məsələdə anlaşmaq olduğu məlumdur. Lakin ilk diqqətçəkən məqam Ağ Evin McMasterlə Tillersonun çantasına eyni təklifi qoyub, ayrı-ayrı vaxtlarda niyə Ankaraya göndərməsi idi. Tilersonun səfər trafikinə baxdıqda düşünmək olar ki, McMaster gəlib getdikdən sonra dövlət katibi də yolunu Beyrutdan sonra Ankaraya salmaq ehtiyacı duyub, yaxud müşavirin nail ola bilmədiyinə, o, nail olmağa cəhd edib. Hər iki şəxsin Ankara səfərlərinin öncədən proqramlaşdırıldığı bu versiyanı masadan qaldırır. Hesab etmək olar ki, Vaşinqtonda Trampla Tillerson arasında hansısa fikir ayrılığı mövcuddur, bu baxımdan, Ağ Evin sahibi öz müşavirini, Dövlət Departamenti isə dövlət katibini Türkiyəyə yolladı. Burada şübhələr açıq olaraq qalır. Lakin bu səfərlər fonunda Türkiyəyə verilən təklif və Türkiyənin verdiyi təklif Suriya mənzərəsini yenidən bulanıqlaşdırdı.

Ankaranın Münbiç təklifi və Əsədin Afrinə “girməsi”nin pərdəarxası - TƏHLİL

Türkiyəyə verilən təklif: “PYD ilə birləşib PKK-ya qarşı mübarizə aparaq!”. Bu fikri ABŞ müdafiə naziri Ceyms Mattis NATO toplantısında Türkiyə müdafiə naziri Nurettin Canikli ilə görüşündə səsləndirdi. İlk baxışda ABŞ-ın Türkiyə ilə zarafat etdiyi, daha sərt desək, Ankaranı ələ saldığı görünür.

- Türkiyə PKK/PYD/YPG-ni birlikdə terrorçu olaraq qəbul edir və hazırda aparılan əməliyyat da bu terrorçuları məhv etməkdir.
-“Zeytun budağı” əməliyyatının aparıldığı Afrin PKK lideri Abdulla Öcalanın Suriyada ilk təşkilatlanma qurduğu bölgədir.
- ABŞ Rakkanı İŞİD-dən azad edəndə əməliyyatda iştirak edən Suriya Demokratik Qüvvələri (SDQ: PYD/YPG döyüşçülərindən təşkil olunub) Öcalanın posterini qaldırdılar.
- Bu gün Afrində mühasirəyə düşən PYD-yə kömək üçün məhz Qəndildən PKK-çılar gəlir.

PYD-nin PKK-nın Suriya qolu olması və hər ikisinin eyni hədəfə doğru addımlaması haqda faktları saydıqca bitməz. Amerikanın buna rəğmən, “PYD-ni PKK-ya qarşı döyüşdürmək” təklifi gülməli göründüyü qədər də düşündürücüdür. Və Vaşinqton bu təklifi irəli sürərkən heç də qeyri-ciddi deyil:

a) ABŞ-ın Türkiyənin bu təklifi qəbul etməyəcəyini bildiyi halda dilə gətirməsi Ankaraya “PYD-ni terrorçu kimi görmədiyi və ona dəstəyi kəsməyəcəyi” mesajını bir daha çatdırmağa hesablanıb.

b) Vaşinqtonun eyni təklifi daha əvvəl iki dəfə də Ankaraya təqdim etdiyi haqda informasiya da xüsusi diqqət çəkir. Bu o deməkdir ki, okeanın o tayındakılar təkliflərində ciddidirlər və PYD ilə Türkiyənin birlikdə PKK-ya qarşı döyüşməyini istəyirlər. Böyük ehtimalla, Vaşinqtonun bu planı PKK daxilində onun maraqlarına uyğun olmayan qrupları təmizləməyə hesablanıb və şübhəsiz ki, söhbət İrana bağlı olanlardan gedir. İranın əmrində olan “Hizbullah”ın PKK-da müəyyən qruplara dəstək verdiyi, terror təşkilatına canlı qüvvə ilə yardım etdiyi, hətta bu prosesdə Tehranın da əlindən gələni etdiyi zaman-zaman gündəmə gəlib. Bu baxımdan, Amerika İranın PKK içindəki uzantlarını PYD-nin əli ilə təmizləmək və Türkiyənin də bu prosesə dəstək verməyini təmin etmək fikrindədir. Mattisin “PYD ilə PKK-nı döyüşdürək” təklifinin arxasındakı əsas səbəb də məhz budur.

Türkiyənin təklifi: “PYD Fəratın şərqinə çəkilsin, bundan sonra Türkiyə və ABŞ ordusu Münbiçdə ortaq hərəkət edə bilər”. Çavuşoğlu bu təklifi Ankarada qəbul etdiyi Tillersona bildirdi, ikinci isə düşünəcəklərini dedi. Ankaranın bu təklifi ortaya maraqlı suallar çıxarır. Xüsusilə Türkiyə PYD-nin Münbiçdən çıxaraq, Fəratın şərqinə çəkilməsini istəyirsə və ABŞ bununla razılaşacaqsa, bu, “Ankara sərhədlərində PKK/PYD/YPG terrorçularının kanton, muxtariyyət, yaxud da quruluş formasından asılı olmayaraq, ərazi əldə etməsini qəbul edirmi?” sualına diqqət çəkir.

Çünki: Türkiyənin “Fərat qalxanı”, İdlib əməliyyatı, ardınca Afrin hərəkatının ana məqsədi Şimali İraqdan başlayaraq, Suriyanın şimalından keçməklə Aralıq dənizinə çıxacaq “kürd dəhlizi” layihəsinin, yəni Türkiyənin cənub sərhədlərində PKK dövlətinin yaradılmasının qarşısını almaqdır. Hələ Obama dövründə bu plan dövriyyəyə girdi və Türkiyə “Fərat qalxanı” hərəkatı ilə ilkin mərhələdə buna mane oldu. ABŞ Türkiyə ilə üz-üzə gəlməmək üçün dəhlizin istiqamətini bir qədər cənuba – Ankaranın dəstəklədiyi Suriya müxalifətinin əlindəki İdlibə çəkərək, Afrinə birləşdirmək planını dövriyyəyə saldı. Vaşinqtondan gələn “İdlibdə Əl-Qaidə terrorçuları var, Türkiyə buna göz yumur” mesajı da İdlibə müdaxiləyə əsas yaratmaq və Türkiyəni terrora dəstək verən ölkə elan edərək, oyundan kənarda saxlamaq gedişi idi. Ankara İdlib əməliyyatı ilə buna mane ola bildi. Afrini təmizlənməsi də hələ o vaxtdan gündəmdə idi. Afrində “Zeytun budağı” əməliyyatına başlayan Türkiyə “növbəti hədəf Münbiçdir, daha sonra İraqa qədər ərazini terrorçulardan təmizləyəcəyik” mesajını verdi.

Türkiyənin bundan başqa seçiminin olmadığı da məlumdur: PKK-nın əsas qərargahı Şimali İraqdakı Qəndildədir; 40 ildir əziyyət çəkdiyi terroru kökündən məhv etməyin yeganə yolu Qəndilə qədər olan əraziləri təmizləmək və “arının əsas yuvası”nı dağıtmaqdır; əks təqdirdə, “dərman xəstəliyin sadəcə qarşısını alır, onu birdəfəlik sağaltmır”.

Bu baxımdan, Türkiyənin Münbiç təklifinin onun maraqlarına uyğun olmadığı aydındır. Çünki PYD-nin Fəratın şərqinə çəkilməsini istəyirsə, bu, o deməkdir ki, terrorçuların Şimali İraqdan Fərat sahillərinə qədər olan ərazidə, yəni Türkiyənin cənub-şərq sərhədlərində mövcudluğunu qəbul edir.

ABŞ Münbiç təklifini qəbul edərsə: ilk və əsas şərti PYD-nin Fəratın şərqində mövcudluğunun qəbul etdirilməsi və Cenevrədəki Suriya masasına tərəf kimi əyləşməsi olacaq; Suriyada Türkiyə-İran-Rusiya cəbhəsi qarşısında yeganə silahı olaraq əlində qalan PYD-nin xilası üç ölkədən birinin onu qəbul etməsindən keçir və xüsusilə bu ölkə Türkiyədirsə, o zaman, Vaşinqton oyundan qazanclı çıxa bilər.

a) Bu, ABŞ-a regiondakı əsas müttəfiqi və üz-üzə gəlmək istəmədiyi Türkiyəni itirməmək şansı verə bilər.
b) Türkiyə sərhədlərində Şimali İraq və Suriya ərazisinin bir hissəsinin də daxil olduğu “kürd dövləti”ni yaratmasına yeni imkan açıla bilər. (Şimali İraqda baş tutmayan “müstəqillik referendumu” da buna hesablanmışdı. Oxu: “Kürd dövləti”nin hədəfləri: regional-etnik müharibəyə doğru).

c) Türkiyənin neytrallaşdırılması bölgədə Rusiya, xüsusilə də İrana qarşı müharibədə güc balansını tamamilə Vaşinqtonun xeyrinə dəyişdirə bilər.

Və burada Türkiyənin təəccüblü görünən təklifinin pərdəarxası diqqət çəkir. Ankara bilə-bilə özünü niyə oda atır?:

BİRİNCİ: Suriya masasında əlini gücləndirmək. Türkiyənin Afrin əməliyyatı əslində “Fərat qalxanı” hərəkatının ilk etapda tamamlanmasıdır. Bura təmizlənəndən sonra türk ordusu Fəratın şimal sahilindən – Əl-Babadan Afrinə qədər bütün ərazini nəzarətə götürəcək. Lakin strateji baxımdan Münbiçin önəmi daha böyükdür. Türkiyə Münbiçə nəzarəti təmin edərsə:

a) “Fərat qalxanı” hərəkatı ərazisi genişlənəcək və Fərat çayının sahilində möhkəmlənəcək.
b) Bu, Türkiyəyə Suriyada Rusiya və ABŞ arasında şərti sərhəd olaraq qəbul edilən Fərat sahillərində güc əldə etmək imkanı verir.
c) Münbiçə nəzarət Türkiyəyə Suriyada Əsəd rejiminin əlindəki strateji Hələb bölgəsini şərq və qərb cəbhədən mühasirəyə alması və danışıqlar masasında əlini gücləndirməsi deməkdir. (İran və Əsədin Afrin əməliyyatına qarşı çıxmasının əsas səbəblərindən biri məhz budur. Oxu: İran niyə Afrin əməliyyatına qarşı çıxır? - Tehranın türk qorxusunun SİRRİ).

Ankaranın İran və Əsədlə yanaşı, ABŞ-ı da narahat edən “Afrindən sonra yolumuz Münbiçədir” mesajının arxasında da bu hədəflər vardı. ABŞ-a verilən təkliflə də Türkiyənin Münbiçi ordu ilə yox, diplomatiya ilə ələ almaq istəyi görünür. Hesab etmək olar ki: Türkiyə Afrin əməliyyatını başa vurandan sonra ordunu ikinci və daha böyük əməliyyata salmaq istəmir və məsələni məhz DİPLOMATİYA ilə həll etmək niyyətindədir. Lakin faktiki olaraq, bu, “Pirr qələbəsi” deməkdir. Türkiyə “Pirr qələbəsi” ilə razılaşacaqmı?! Fikirlər bu nöqtədə qarışır və baş verənləri anlamaq üçün “baxış bucağı”nı dəyişdirməkdən savayı yol görünmür.

İKİNCİ: rusların oyunu və Suriyada qarışan kartlar. “Əsəd ordusu Afrinə girəcək”. Bu xəbəri Rusiyanın rəsmi “RİA Novosti” agentliyi yaydı. Xəbərdə deyilir ki, “anlaşma əldə olunub, Afrin bölgəsi də daxil olmaqla Türkiyə ilə sərhədə qədər Suriya hökumətinin nəzarətinə veriləcək”. Ankaranın ABŞ-a Münbiç təklifinin səbəblərini məhz burada axtarmalıyıq.

Suriyada Əsəd Rusiya və İranın istəyinin əksinə addım atmadığı məlumdur, deməli, onun Afrinə daxil olmaq planı da Moskva və Tehranda, yaxud da iki paytaxtdan birində hazırlanıb. İranın açıq şəkildə Afrin əməliyyatına qarşı çıxdığını nəzərə alsaq, oxlar Tehranı göstərir, amma Moskvanın icazəsi olmadan Əsədin Türkiyəyə qarşı çıxmayacağı detalını da unutmamalıyıq. Bu baxımdan, Əsəd ordusunun Afrinə girməsi planının Moskvada hazırlandığı, Tehranda dəstəkləndiyi görünür.

Moskva hansı “ata oynayır”?: Burada Rusiyanın Suriyada PYD-ni ələ almaq niyyəti yenidən boylanır. Moskva Cenevrə danışıqlarının davamı kimi başlatdığı, lakin müstəqil platformaya çevirdiyi Soçi masasında Suriya böhranını həll etmək və ABŞ-ın bölgədən tamamilə çıxarılmasına nail olmaq istəyir. Türkiyə bu masada haqlı PYD terrorçularını görmək istəmir. Rusiya istəməsə belə bununla razılaşır, lakin bu, Ankaranın strateji maraqlarına uyğun olsa da, tərs məntiqlə ABŞ-ın da PYD üzərindən bölgədə qalmasına əsas yaradır. Moskvanın qəbul etmədiyi məhz bu detaldır. Və ABŞ-ın “Afrin bizim təsir dairəmizə daxil deyil, Türkiyənin əməliyyatına qarışmayacağıq” deməsi ruslar üçün Afrindəki PYD-ni ələ almaq üçün yeni imkan yaratdı. Vaşinqton bununla şahmat taxtasında “piyadanı verib, atı qurtarmaq gedişi etdi” – Afrini Türkiyəyə verərək, həm Ankranın qəzəbindən müəyyən qədər yayınmış oldu, həm də Münbiçdə güclənərək, PYD-ni Fəratın şərqində möhkəmləndirmək imkanı qazandı. Moskva burada dövriyyəyə girir.

Rusiyanın planına görə: Afrindəki qüvvələri ələ almaqla ABŞ-ın PYD kartı ikiyə bölünür; ABŞ-ın PYD-ni Suriya masasına tərəf kimi çıxaranda, Moskva öz əlindəki “PYD kartını” işə salır; son nəticədə bütün tərəflər Suriya münaqişəsinin danışıqlar yolu ilə həlli üçün masaya əyləşəndə Rusiya ABŞ-a qarşı “ikinci PYD-ni” çıxarır; görünür, Rusiya Türkiyəyə qarşı çıxmağı gözə alaraq, bu karta nail olmaq gedişi edir.

Və böyük ehtimalla Türkiyənin Münbiç təklifinin arxasındakı əsas səbəb budur. Ankara rusların və iranlıların Suriyada oynadığı oyuna qarşı ABŞ-la “yaxınlaşmaq” gedişi edir. Məqsəd heç də cəbhəni dəyişmək yox, Rusiyaya mesaj verməkdir. Türkiyə də ABŞ-ın Münbiçi onunla paylaşmaq istəməyəcəyini anlayır. Çünki:

1. ABŞ Münbiçdə hərbi bazalarını quraraq, burada ciddi şəkildə möhkəmlənib. Bu baxımdan, indiyə qədər 5 min TIR-dan çıx silah verərək, “nizami ordu” səviyyəsinə qaldırdığı PYD kartını kiminləsə paylaşacağı inandırıcı görünmür. Amerikalı rəsmilərin Ankara səfərindən sonra “Münbiç məsələsində israrlıyıq” deyə verdikləri açıqlamalar da bunu göstərir.

2. Türkiyənin məğlubiyyətə bərabər olan “Pirr qələbəsi” ilə razılaşacağı da inandırıcı deyil.

3. Türkiyə Münbiç təklifi ilə iki gediş edir: birinci: ABŞ-a anlaşmaq üçün son təklifini verəndən sonra Münbiçə daxil olur; bu, Türkiyənin Münbiç əməliyyatında diplomatiya baxımından əlini gücləndirə bilər; ikinci: “ABŞ-la razılaşa bilərəm” deyərək, Rusiyaya oyunu qaydalarına görə oynamaq mesajını verir.

Çavuşoğlunun “Münbiç təklifi”ni səsləndirməsindən dərhal sonra Lavrovun “ABŞ-ın Suriyada əsl planlarına” dair açıqlamalar verməsi də Moskvanın artıq narahat olduğunu göstərir.

Bu gün Suriya dövlət televiziyası Əsəd ordusunun bir neçə saat içində Afrinə daxil olacağı haqda rəsmi açıqlama yayması da bu prosesin davamıdır. Görünür, türklərlə ruslar arasında çatlar bir qədər də dərinləşdiyi üçün bu informasiya yayılıb və Moskva “mesaja qarşı mesaj” gedişi edərək, geri çəkilmək istəmədiyini nümayiş etdirir. Lakin “Əsəd ordusu Afrinə girəcəkmi?!” məsələsi müəmmalı olaraq qalır. Çünki bu, Əsədlə Türkiyənin yox, dolayısı ilə Rusiya və İranla Türkiyənin üz-üzə gəlməsi deməkdir. Və Moskvanın bu oyunu sona qədər oynayacağı (oynaya biləcəyi) heç də inandırıcı deyil, xüsusilə ABŞ-ın yeni sanksiyalarının Kremlin divarları önünə qədər gəldiyi bir vaxtda...шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net