Ana səhifə

Azərbaycana qarşı terror ekspedisiyasının Kreml və Tehran izi: növbədə Sumqayıt?

    Tarix: 13-07-2018 08:23   
 

Azərbaycanı qaynatmaq və içindən qarışdırmaq cəhdləri davam etməkdədir. Gizli qüvvələr növbəti provokasiya üçün şaiyələr yaymağa başlayıblar.

Anaxeber.az yazır ki, sosial şəbəkələrdə, çayxanalarda növbəti hadisələrin Sumqayıtda olacağı haqda dezinformasiyalar sızdırırlar.
Azərbaycan dövlətinə və xalqına qarşı başladılmış bu xain projenin içində “sapı özümüzdən olan baltalar” göz qabağındadır.
Həmin dairələr Yunis Səfərov, Fərrux Qasımov kimiləri öz təsiri altına salaraq xəyanət planlarını diktə etməyə çalışırlar.
Gəncədə qətllər törədərək ölkədə sabitliyi pozacağını güman edən həmin qüvvələrin planları elə iyulun 10–da fiaskoya uğramışdı.
Onlar Gəncədə izdihamlı aksiyalar, iğtişaşlar olacağını, bu qarşıdurmaların ətraf bölgələrə yayılacağını ümid edirdilər.
Amma hər şey xalqla dövlətin həmrəyliyindən irəli gələrək ölkənin maraqları naminə həlini tapdı. Gəncəlilər heç bir kənar təsirə və təxribata uymadılar.
Bu cəhdin uğursuz alınmasından sonra növbəti ünvan olaraq ölkənin digər böyük şəhərlərindən biri olan Sumqayıtın seçildiyi deyilir. Guya Sumqayıtda hansısa aksiyalar keçiriləcək.
Səbəb yox, məqsəd yox və kimlərinsə qarışıqlıq salmaq, prosesləri süni şəkildə gərginləşdirib məzhəb savaşına qovmaq cəhdləri hiss olunur. Lakin sumqayıtlılar da aldanmayacaqlar.

Anaxeber.az yazır ki, Mingəçevirdəki enerji fəlakətindən başlanmış proseslərin Gəncəyə qədər uzanması, qətllər, icra başçısının güllələnməsi, müxtəlif təxribat xarakterli videolar, çağırışlar regiondakı geosiyasi hadisələrlə əlaqəli görünür.
Rəsmi Bakının Qərbə yaxınlaşması, enerji siyasətində müstəqil layihələr həyata keçirməsi, Rusiyanın hər çaldığı havaya Ermənistan kimi oynamaması, İranın şiəçilik siyasətinə Azərbaycanın poliqon olmaması ölkəmizi təzyiqlərlə üzbəüz qoymaqdadır.
Bu təzyiqlər şimal və cənubdan gəlməkdə görünür. Xüsusən də İranın ləpirləri gözə dəyir. Artıq müxtəlif analitiklər, hökumətyönlü deputat və ekspertlər bu versiyanı dilə gətirməkdədir.
Azərbaycan görünür ki, kimlərinə maraqlarına biət etmir deyə ölkədə dini motivlərlə qarışıqlıq salmağa cəhdlər edilir.
Ümumilikdə şiəlikdə bu cür cinayət qrupları təcrübəsi yoxdur. Qətl isə konkret iki halda verilə bilər. Birincisi mühakimə ilə - bu, edamdır. İkincisi isə xüsusi hallarda dini liderlər qətl fətvası verə bilərlər.
İranla bağlı onu demək olar ki, İslam Respublikasında Azərbaycana qarşı düşmən qüvvələr həmişə olub. Rafiq Tağı qətlə yetiriləndə də bəzi ayətullahlar şadyanalıqla fətva vermişdilər.
Elə o zaman da Azərbaycanı qarışdırmağa cəhd edilmişdi. Amma Amerikanın İranı vurmaq planları olduğu halda, Tehran Baki ilə münasibətləri korlamaq istəməsinin məntiqi anlaşılmır.
Anaxeber.az yazır ki, Gəncə hadisələri bir ziddiyyəti ortaya qoydu. Hakimiyyət orqanları ilk günlərdən başlayaraq bu hadisənin dini zəmində, din şüarı ilə edildiyini qeyd etdilər.
Bu isə həm də son illərdə Azərbaycanda dini sahədə vəziyyətin nəzarətdə olması ilə bağlı təbliğatı puça çıxarır.
Belə çıxır ki, vəziyyət deyildiyi kimi olmayıb. Dövlət qurumları ölkənin ikinci böyük şəhərində dini situasiyanı nəzarətdə saxlaya bilməyib.
Yeri gəlmişkən, bu hadisələr həm də göstərdi ki, bir sıra dövlət qurumları həm informasiya axını, həm də qiymətləndirmək baxımından situasiyanı nəzarətdə saxlaya bilmir.
Çevik reaksiya, operativ iş aparılmır. Bu isə nəinki indiki situasiyada, ümumilikdə müharibə vəziyyətində olan ölkə üçün çox təhlükəlidir.
Hadisələrin izləri isə cinayətkarların Rusiyadan bura gəlmələridir. Rəşad Böyükkişiyevin Rusiyadan Gəncəyə qayıtması Yunis Səfərovun Gəncədə polis əməkdaşına başından küt alətlə xəsarət yetirməklə silahını əldə etməsindən əvvələ təsadüf edir.
Elmar Vəliyevə qarşı qanlı aksiyanı gerçəkləşdirən Yunis Səfərovla Rəşad Böyükkişiyevi bağlayan və hazırda üzdə olan məqam onların hər ikisinin Rusiyadan ölkəyə gəlmələridir. Mümkündür ki, bu şəxslər qanlı olaylardan əvvəl bir-biri ilə tanış olublar və ya ümumi tanışları olub.
Bu arada Yunis Səfərovun anası Leyla Səfərovanın Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinə dair maraqlı bir detal üzə çıxıb.
Həmin detal Elmar Vəliyevin qardaşı, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin günlər əvvəl dilə gətirdiyi məlumatları təsdiqləyir: Leyla Səfərova artıq 4 ildir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Akademiyasının kitabxanaçısıdır.
Belə bir mühüm bir posta sıradan birinin götürülməsi inandırıcı deyil. Bu baxımdan ölkənin ən məlumatlı adamlarından biri olan Xanlar Vəliyevin “Yunis Səfərovun anası Rusiya kəşfiyyatına işləyir” iddiası maraq doğurur.
Bundan başqa, Yunis Səfərov qanlı olayı törədəndən sonra youtube kanalında onun xanımının səs yazısı və sonradan videosu yayıldı.
Səfərovun xanımı videosunda Yunis Səfərovun qanlı olayı dini motivlərlə törətdiyini iddia edirdi. Maraqlıdır ki, video yayımlanan “Ar-rad TV” də Rusiyada qurulub, orada fəaliyyət göstərir.

2017-ci ilin fevralında youtube kanalı üzərindən əsasən rus dilində dini motivli verilişlərlə çıxış edir. Səfərovun xanımının niyə məhz Rusiyada peyda olması, oradakı “Ar-rad TV” ilə əlaqə yarada bilməsi də açıq qalan suallardandır.
Bir sözlə, dövlətə qarşı terror ekspedisiyasının icraçılarının gəldiyi məkan Rusiya, “ideoloji şüarları” isə din, şiəlik, İranın Qum şəhərinə səfərlərdir...
Ehtimal var ki, Azərbaycan Kreml və Tehranın bəzi dairələrinin hədəfinə tuş gəlib. Bütün bu xain planlara, çağırışlara baxmayaraq, Azərbaycanda fitnə yaratmaq, çaxnaşmalar törətmək, dövləti sarsıtmaq, xalqı qızışdırmaq və öpz maraqları naminə alətə çevirmək cəhdləri alınmayacaq. Gəncəlilər bunu isbat etdilər və heç bir təxribata uymadılar...
Anaxeber.az
Turan
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net