Ana səhifə

Ərdoğanın səfəri: parada mesajı, simvolik protokol yoxsa hərbi saziş? - Təfsilat

    Tarix: 11-07-2018 08:43   
 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ölkədə iki hadisə ərəfəsinə təsadüf elədi.
Hakimiyyət enerji fəlakəti və Gəncə terroru ilə bağlı ciddi araşdırmalar, həbslər apardığı vaxtda Ərdoğanın ilk səfəri paytaxtımıza oldu.
Anaxeber.Az yazır ki, simvolik xarakter daşıyan bu səfər ənənəvidir. Prezident İlham Əliyev də seçkilərdən sonra ilk səfərini Türkiyəyə etmişdi.
Bu səfər daha çox enerji və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı siyasi strateji müttəfiqlik məsələlərinin növbəti müzakirəsindən ibarətdir.
Türkiyə regional liderlik gücünü artırmaq gedişi edir. Bu baxımdan, ilk olaraq Bakıya səfər planı təsadüfi deyil. Azərbaycan Cənubi Qafqazın əsas gücüdür.
Regional lider olmaq istəyən ölkə Bakı ilə əməkdaşlıqda maraqlı olmalıdır. Qərblə arasında uçurum yaranan Türkiyənin S-400 raket sistemlərini almaq üçün ruslarla müqaviləsi bağlaması NATO ilə də münasibətlərində çatlar yaratdı.
Türkiyənin S-400 gedişi haqlı idi, çünki üzvü olduğu Şimal Alyansı ona rusların verdiyi imkanları vermirdi.
Türkiyə ümid edir ki, İranı vurmağa hazırlaşan ABŞ Ankaranın Tehranla yaxınlaşmasını görərək, müəyyən güzəştlərə gedə bilər. Trampın İranı təkləmək planları fonunda bu gediş məntiqli görünür.
Ehtimal ki, Qərblə açıq qarşıdurma müstəvisinə keçən Türkiyə təkcə Rusiya ilə kifayətlənmir.
Bölgədəki digər güc olan İranla da münasibətlərində yaranmış çatları təmir etmək və birgə hərəkət etmək xəttini seçir. Problemlərin həlli isə Bakı ilə yaxınlaşmaqdan keçir.
Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Şimali Kipr Türkiyə Cümhuriyyətinə yola düşəcək. Bu səfər də simvolik məna daşıyır.
Səfər çərçivəsində verilən mesajlar Türkiyə-Azərbaycan münasibətlərinin inkişafından, türk hərbçilərinin və hərbi hava qüvvələrinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Bakıda keçirilən paradda iştirakından narahatlıq keçirən bəzi təxribatçı, riyakar qüvvələrə də nəticə çıxarmaq üçün imkan verəcək.
Eyni zamanda, münasibətlərin ən müxtəlif sahələrdə, həmçinin hərbi tərəfdaşlıq müstəvisində inkişafına da zəmin yaradacaq.
Türkiyə artıq yeni bir siyasi sistemə keçir. Bu siyasi sistem prezident üsul-idarəsidir. Yəni prezident hakimiyyəti formasıdır.
Hətta başqa prezident üsul-idarələrindən fərqli olaraq, Türkiyədə baş nazirlik postu da ləğv edilir. Bu bir növ ABŞ variantına daha çox bənzəyir.
Türkiyədə Nazirlər Kabinetinin başçısı da prezident olacaq, icra hakimiyyətinin bütün səlahiyyətləri prezidentin əlində cəmləşəcək.
Qanunvericiliyin mərkəzi kimi isə parlament öz funksiyasını yerinə yetirməyə davam edəcək. İcra hakimiyyəti isə bütövlükdə Prezident Aparatına və Prezidentə aid olacaq.
Azərbaycan uzun müddətdir ki, Türkiyə ilə hərbi-siyasi sazişin bağlanmasına, iki ölkə arasında hərbi ittifaqın mövcudluğunu həyata keçirməyə can atır.
İndiyə qədər Türkiyədə parlamentdə belə bir ittifaqın yaradılması üçün razılıq əldə etmək bir qədər çətin idi.
Amma indi Cümhur İttifaqı parlamentdə yerlərin əksəriyyətini əldə edib. Prezident üsul-idarəsinə keçid isə Ərdoğanın hakimiyyətini xeyli gücləndirib.
Bu səfər zamanı iki ölkə arasında hərbi-siyasi münasibətləri daha yüksək səviyyəyə qaldıra biləcək saziş imzalana bilər.
Anaxeber.Az yazır ki, bunun ittifaq dövləti kimi başa düşülməsi isə yanlış olardı. Çünki ittifaq dövləti konfederativ birlik deməkdir ki, buna isə iki ölkə hələ hazır deyil.
Amma hərbi-siyasi saziş hərbi, siyasi sahədə iki dövlətin səylərini birləşdirən və iki dövlətin siyasi, hərbi qüdrətini ortaq dəyərə çevirən sazişin imzalanması deməkdir.
Maraqlısı budur ki, Ərdoğan and içən kimi Azərbaycana gəldi, İran prezidenti Həsən Ruhani isə erməni baş nazir Nikol Paşinyanı ölkəsinə dəvət etdi.
Bu, həm də strateji müttəfiqlərin kimliyinin açıq şəkildə nümayiş etdirilməsi, Ərdoğanın səfəri ərəfəsində Gəncədəki sui-qəsdin izinin Qum şəhərinə qədər gedib çıxmasıdır.
Birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP, Cənub Qaz Dəhlizi kimi ortaq layihələrimiz regionun əhəmiyyətini artırır, eləcə də müəyyən qüvvələr tərəfindən birmənalı qarşılanmır.
Çünki Rusiyanın iştirak etmədiyi enerji və nəqliyyat layihələri rəsmi Bakının sıxışdırılması ilə müşayiət olunur. Amma Bakı siyasəti dəyişmir.
Analitiklərin fikrincə, Azərbaycanın geosiyasi maraqlarına uyğundur. Ərdoğanın prioritet siyasətində Dağlıq Qarabağ probleminin həlli məsələsi də var.
Türkiyə xalqının mövqeyi və Ərdoğanın qələbəsinin nəticələrini, təzahürünü yaxın zamanlarda görməyə başlayacağıq.
Amma Rusiya Qarabağ məsələsinin həlli danışıqlarını Türkiyənin nəzarətinə keçirməyə imkan vermir.
Ermənistan prezidenti Armen Sərkisyan deyib ki, müharibə hamı üçün dağıdıcı olacaq. Yaxşı ki, hələ bunu anlayır.
Buna baxmayaraq, Armen Sərkisyan İlham Əliyevlə görüşə hazır deyil, o Azərbaycan prezidenti ilə Nikol Paşiyanın görüşüb müzakirə aparması vacibliyini bildirib.
Sərkisyan baş naziri ona görə qabağa verir ki, Ermənistanda Konstitusiya dəyişikliyindən sonra əsas səlahiyyət sahibi prezident deyil, baş nazirdir.
Mümkündür ki, yaxın zamanda Kreml Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirini görüşdürməyə çalışsın. Bu payız aylarında baş tuta bilər.
Unutmayaq ki, avqustun 30-da İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Nikol Paşinyanı dinləməkdə qəbahət görmək olmaz.
Ancaq elə birinci görüşdəcə o Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını bölgənin statusu ilə əlaqələndirərsə, onunla növbəti görüşə ehtiyac qalmayacaq.
Ümumiyyətlə diplomatiyanın arxa plana keçdiyi və ordunun yeni strateji hədəfləri olduğu halda qarşı tərəflə mənasız görüşlərə ehtiyac yoxdur.
Anaxeber.Az
Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net