Ana səhifə

Kreml “iti dişləri”ni qıcayıb: - Geogizlinlər...

    Tarix: 07-07-2018 09:01   
 

Gəncə meri Elmar Vəliyevə sui-qəsdlə bağlı rəsmi açıqlamalar daban-dabana ziddiyyət təşkil edir. Güc strukturları dini motivlərə bağlayır, hərbi prokuror isə Rusiyaya...
Anaxeber.Az yazır ki, E.Vəliyevin hərbi prokuror olan qardaşı Xanlar Vəliyev cinayəti törədən Yunis Səfərovun özünün və anasının erməni olduğunu açıqlayıb.
Onun sözlərinə görə, Səfərovun anası Rusiya xüsusi xidmət orqanlarında işləyir və hadisənin şəxsi düşmənçiliklə, dinlə, gəncəlilərin təhqir olunması ilə əlaqəsi yoxdur.
İlk gün bu hadisənin adi kriminal kimi təqdim olunması ilə ötən gün hüquq-mühafizə orqanlarının terror aktı kimi qiymətləndirməsi arasında da uzlaşma görünmür.
Güc strukturlarının məlumatında Gəncə rəhbərinə qarşı cinayəti törədənin İranın Qum şəhərində təhsil aldığı, “Müsəlman birliyi” hərəkatı lideri Taleh Bağırzadə ilə əlaqəliyi, sonra Suriyada təlim keçməsi ilə Rusiya vətəndaşı olması bir-birinə tərs mütənasib gəlir.
Əgər İranda təhsil alıbsa və ekstremist şiədirsə, Suriyadakı vəhhabi təlimləri ilə hansı bağlılığı ola bilər?
Ölkənin hərbi prokuroru isə ümumiyyətlə, bu məlumatların hamısını təkzib edərək E.Vəliyevə uzanan əllərin Kremlə gedib çıxdığını bəyan edir. Yəni, Moskvadan sifariş olub.
Hərbi prokuror Kremli nişan verirsə, deməli sui-qəsd siyasi motiv daşıyır, Gəncə təsadüfən seçilməyib, Azərbaycan hakimiyyətinə olduqca ağır mesajlar verilib.
Prezidentin müşavirədə olduqca hirsli görünməsi də məhz məmurların yarıtmaz fəaliyyətindən əlavə, ölkəyə qarşı təxribatların olmasından qaynaqlanırdı.
Anaxeber.Az yazır ki, Rusiyanın iti dişlərini qıcıyaraq Cənubi Qafqaz ölkələrini sıxması və aqressivliyi geosiyasi və strateji məğlubiyyətlərin yaratdığı eyforiyadır.
Affekt vəziyyətinə düşən Moskva Qərbin sanksiyaları, enerji siyasəti qarşısında getdikcə daha da isterik hərəkətlər etməyə başlayır. Bakı isə növbəti hədəfidir.
Bunun bir tərəfi TANAP layihəsinin açılışı, digər aspekti türklərlə hərbi parad, ən mühüm isə Putin administrasiyasının C.Qafqazı nəzarətində saxlamaq ehtirasıdır.
Gürcüstanda prezidentin kürəkəni güllələnir, rus pasportu olan şəxs Tiflis aeroportunda adamları zəhərləyir, Ermənistanda Serjin Qərblə yeni kontraktları Moskvanı qəzəbləndirir, Gəncədə isə şəhərin hakiminə atəş açılır.
Rusiyanın isterik qəzəbi və iri pəncələri altında üç ölkəni əzmək ehtirası bu hadisələrlə müşayiət olunur. Əslində, Kreml son 5 ildə Azərbaycandan əlini çəkmir.
2013 seçkilərində “Milyarderlər ittifaqı” və Bakı buxtasına hərbi donanmanın gəlişi, diaspor təşkilatının qeydiyyatının ləğvi, silah zavodlarının partlaması, müəmmalı yanğınlar, sonuncu isə enerji fəlakəti və sui-qəsd artıq Moskvanın qəzəbinin dozasını nümayiş etdirir.
Bundan əlavə, ADNA terrorunun ip ucları da şimal qonşuya gedib çıxırdı. Və təxribatların Kremlin divarlarında və FSB-nin qaranlıq otaqlarında hazırlandığını yəkcə siyasi şərhçilər iddia etmirlər, sui-qəsdə məruz qalan məmurun hərbi prokuror olan qardaşı açıqlayır.
Görünür ki, Hərbi Prokurorluqda Y.Səfərovun milli mənsubiyyəti, anasının Rusiya xüsusi xidmət orqanlarında işləməsi haqda müfəssəl və səhih məlumatlar var.
Anaxeber.Az yazır ki, hərbi prokuror qardaşını yaralayan şəxs haqda “o adamın özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır.
İndi bundan nəticə çıxarın” deyirsə bizim vəzifəmiz yüksək rütbəli məmurumuzun açıqlamasını ciddiyə alaraq müvafiq nəticə çıxarmaqdır:
Birincisi, Rusiya xüsusi xidmət orqanlarında xeyli erməni əsilli Rusiya vətəndaşı çalışır. Onlar Azərbaycanla bağlı ssenarilərin müəllifləri ola bilərlər.
İkincisi, Gəncə şəhər icra hakimiyyətinin başçısına qarşı hazırlanan sui-qəsd planında Rusiyanın xüsusi xidmət orqanlarından şübhələnməliyik. Surət Hüseynovu Gəncədə qızışdıran bəlli mərkəz idi.
Bir daha xatırladaq ki, bu iki nəticə hərbi prokurorun açıqlamasından irəli gəlir. Ancaq bu nəticənin əksinə olaraq hakimiyyət içərisində Rusiyanı müttəfiq adlandıranlar da var.
Belə çıxır ki, iki fərqli Rusiya var? Biri Azərbaycanın əleyhinə işləyir və xaos yaratmaq istəyir, o biri Azərbaycanla dostluq etmək istəyir. Axı bu necə ola bilər?
Bu ola bilər ki, Azərbaycanda çaxnaşma yaratmaq istəyən FSB-dəki dairələr bizi daim təhdid altında saxlamağa çalışırlar. Faktiki bu olay kifayət qədər qorxuludur.
2009-cu ildə də Rusiya vətəndaşı olmuş gürcüstanlı Fərda Qədirov adlı psixopatın səhər saatlarında Bakının mərkəzində yerləşən neft akademiyasına əlini-qolunu sallayıb daxil olaraq 13 nəfəri qətlə yetirməsi, bu dəfə də Gəncədə günün ortasında işdən çıxan icra başçısını İH-nin inzibati binası qarşısında rahatca güllələyən Rusiya vətəndaşı milli təhlükəsizliyin təhdid altında olmasına dəlalət edir.
Deməli, Rusiya istədiyi zaman Şimal ya da Cənub və ya Qərb zonasında terror aktı təşkil edə bilər, separatizmi, məzhəb savaşını alovlandıra bilər. Bir sözlə, əsrlərdir bizi təqib edən Rusiya təhlükəsi yenə qapımız ağzındadır...
Anaxeber.Az
Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net