Ana səhifə

Seçkidən sonra ilk kataklizm: Bakının qaynar nəbzi yoxlanır -şimal küləyi... - Detallar...

    Tarix: 06-07-2018 00:02   
 

Analitiklər növbədənkənar prezident seçkilərinin təyin olunması ilə bağlı belə şərh edirdilər ki, oktyabrda ölkə qarışa bilər. Anaxeber.Az xatırladır ki, rəsmilər də bu məsələyə eyham vururdu.
Zahid Oruc Cümhuriyyətin 100 illiyində növbəti oktyabr inqilabına işarə edərək şimal küləklərinin əsdiyi mesajını vermişdi.
Siyasi şərhçilərin fikrincə, erkən seçki Rusiyada martda keçirilmiş prezident seçkilərinə hesablanmışdı. Belə desək, Moskvanın başı özünə qarışanda, Bakı seçkiləri təhlükəsiz keçirsin.
Əgər oktyabrda seçkilər olsaydı, Kremlin azı 6-7 ay zamanı olacaqdı ki, hansısa ssenarilər həyata keçirsin.
Yevda Abramovun Rusiyanın yeni namizəd hazırladığı, Qüdrət Həsənquliyevin də Moskvanın hansısa planları olduğu haqda açıqlamaları da unudulmayıb.
Hakimiyyətə yaxın yetkililər açıq şəkildə həyəcan təbili çalırdılar ki, şimal qonşudan təhlükə gözlənilir.
Seçkidən sonra protokola uyğun olaraq Putinin Əliyevə təbrik məktubları da sadəlövhcəsinə sevinməyə əsas vermirdi.
Cənubi Qafqazı orbitindən kənara çıxmağa qoymayan Kremlin ilk həmləsi Ermənistan olmuşdu. Moskva Sərkisyanı cəzalandıraraq Paşinyanın iqtidara gəlişinə şərait yaratdı.
Rusiyanın Azərbaycanda isə hakimiyyət dəyişikliyi planı yoxdur. Sadəcə, təzyiq altında saxlamaq üçün Kremldəki bəzi dairələr vaxtaşırı təxribat xarakterli ssenarilər çizir.
Ona görə də erkən seçkidən 3 ay sonra, yayın dəhşətli hərarətində “oktyabr planı” ertələndiyini ehtimal edənlər var.
Mülahizələr ondan ibarətdir ki, Bakının qaynar nəbzini yoxlamaq üçün əvvəlcə Mingəçevir İES-də enerji fəlakəti, ardınca Gəncədə Rusiya vətəndaşının icra başçısına sui-qəsdi, eyni tarixdə “Alov qüllələrində” eməni bayrağının ucalması baş verdi.
Bu üç hadisənin uzantıları nəzərləri Kremlə doğru yönəldir: Moskvanın Bakıdan nə istədiyini söyləmək çətin olsa da, ordu günü keçirilən parad, Ərdoğanın gözlənilən səfəri və türk sülhməramlılarının Naxçıvanda yerləşdirilməsi “şimal ayı”sını qıcıqlandıra bilər.
Kəsəsi, həm seçkidən sonra ilk kataklizm yaşanır, həm Bakıya mesaj ötürülür, həm də nəbz yoxlaması aparılır.
Yəni, enerji fəlakətində məmur səhlənkarlığı və korrupsiya, icra başçısına sui-qəsddə düşmənçilik, qisas faktorları olsa da, sərhədlərdən kənarda sifariş olduğu görünür.
Təbii ki, dövlət xaotik vəziyyətdə ayıq-sayıq hərəkət elədi, müvazinəti itirmədi və hadisələrin içərisindən soyuqqanlı şəkildə çıxmağı bacardı.
Anaxeber.Az yazır ki, Rusiyanın Azərbaycandan daim aktual olan üç tələbi var: rus qoşunlarının Qarabağa yerləşməsi, Avrasiya İttifaqına qoşulmaq və Kollektiv Təhlükəsizlik Şurasının üzvlüyünü qəbul olunmaq.
Rəsmi Bakı isə həm strateji, həm tarixi əhəmiyyəti baxımdan bu tələbləri yerinə yetirmir.
Əks halda Qərbin hansı təzyiqləri işə salacağını göz qabağına gətirmək lazımdır. Ona görə də Rusiyadakı qüvvələr zaman-zaman təxribat və təzyiqləri həyata keçirirlər.
Gah Moskvada diaspora təşkilatımızın qeydiyyatı ləğ olunur, gah ölkədə müəmmalı yanğınlar, silah zavodlarında partlayışlar olur, gah da enerji məntəqələrində fors-major situasiyalar yaranır.
Bu dəfə isə daha qorxulu hadisə baş verdi: enerji yoxluğunun yaratdığı informasiya blokadasında axtarışda olan Rusiya vətəndaşı icra başçısını işdən çıxdığı yerdə güllələyir.
Maraqlısı budur ki, Tiflisdə də Rusiya vətəndaşı hava limanına dərman tökərək kütləvi zəhərlənməyə səbəbkar olub.
Belə görsənir ki, Cənubi Qafqazın itirilməməsi üçün mövsümi təxribat ekspedisiyası hərəkətə keçib.
Üstəlik, hansısa qüvvələr şiəliyin inkişaf etdiyi mərkəzlərdən olan Gəncədə dindarları qızışdırmağa, iğtişaşa təhrik etməyə can atırlar.
Amma nə gəncəlilər bu təxribatlara uyur, nə də güc strukturları mürgülü deyillər. Əksinə, Gəncə camaatı ilə dövlət arasında bir vəhdətlik var.

Söhbət Gəncə merinə sui-qəsd edən Yunis Səfərovun xanımı kimi özünü təqdim edən birinin yutubda səs yazısından gedir.
Özünü Səfərovun həyat yoldaşı olduğunu iddia edən bu şəxs ərinin icra başçısından İmam Hüseynin qisasını aldığını bəyan edib.
nə həmin qadının fotosu var, nə ad-soyadı var. Şübhə doğurmur ki, hansısa qüvvələr şiələri, İmam Hüseyn əzadarlarını küçələrə çıxmağa sövq edir.
Paralel olaraq, Gəncə cavanları adından çağırışlar yayılır. Bəyan edilir ki, sui-qəsd edən Y.Səfərovun başına bir iş gələcəksə, aksiyalar başlanacaq.
Məsələləri İmam Hüseynə, dinə bağlamaq, Taleh Bağırzadənin adını hallandırmaq cəhdləri ölkənin əsas şəhərlərindən biri olan Gəncəni qızışdırmağa hesablanıb.
Amma bütün bunlar sadəcə, aprel seçkilərindən sonra sınaqdır və nəbz yoxlamasıdır. Hakimiyyət isə daxili siyasətini gücləndirməlidir.
Çünki E.Vəliyevə sui-qəsd cəmiyyəti ikiyə bölüb. Bu da pis məmurların insanlara qarşı münasibətindən qaynaqlanır...

Anaxeber.Az
Turan
 
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net