Ana səhifə

Klanları toqquşduran vitse-prezident təyinatları 2 ildir niyə yubanır? - aprel sirri...

    Tarix: 29-06-2018 09:28   
 

2016-ci ilin sentyabrında keçirilən referendumdan sonra vitse-prezidentlik institutu təsis olunsa da, yalnız 1-ci vitse-prezident postuna təyinat olub.
Anaxeber.Az-ın Siyasət Şöbəsi diqqət çəkir ki, iki ildir vitse-prezidentlər təyin olunmur. Bəzi deputatlar və ekspertlər 2018-ci ildə təyinatlar gözlənildiyini proqnoz verirdilər.
Bu ilin ilk yarısı geridə qalıb, apreldə növbədənkənar prezident seçkiləri keçirilib, qarşıda parlament seçkiləri yaxınlaşır, hələ də vitse-prezidentlər təyin olunmur.
Bu siyasi institutun təsis olunmasında məram Nazirlər Kabinetinin islahatların lokomotivi ola bilməməsiydi.
Belə gözlənilirdi ki, NK arxa plana keçərək vitse-prezidentlərin səlahiyyətləri daha üstün olacaq.
Lakin aprel seçkilərindən sonrakı dəyişikliklər göstərir ki, hakimiyyət yeni nazirlərin timsalında ciddi struktur dəyişikliklərinə getmək istəmirlər.
Bu isə o deməkdir ki, vitse-prezidentlərin təyin olunması ən azı ilin sonuna qədər həyata keçməyəcək. İqtidar NK-ni radikal şəkildə kəsib atmaq strategiyasını seçmədi.
Digər tərəfdən, siyasi qruplaşmalar referendumdan sonra vitse-prezident postları üçün fəallaşmışdılar.
Üç klan öz namizədini vitse-prezident görmək istəyirdi. Hətta həmin qruplaşmalara biət edən bəzi deputatlar adlar çəkməyə başlamışdılar.
Cəmiyyətdə bu müzakirələrin uzanması hakimiyyətin yüksək eşelonunda yaxşı qarşılanmadı. Hökumət klanların mübarizəsinin qızışmasında maraqlı deyildi.
Bu diskussiyalara və proqnozlara son verməyin yolu təyinatları uzatmaq oldu. Ona görə mövzu gündəmdən çıxdı və unuduldu. İki il keçir və heç bir aktuallıq kəsb etmir.
Vitse-prezidentlərlə bağlı dəqiq say göstərilməyibsə, həmin dəyişikliklərin məqsədinə uyğunolaraq dövlət idarəetməsi üçün bir neçə vitse-prezident təyinatı ola bilər.
Bu, prezidentin zəruri hesab etdiyi sahələrdən asılıdır. Uzağı iki vitse-prezidentin olması məqsədəuyğundur. Amma bu, o demək deyil ki, vitse-prezidentlərin sayı çox ola bilməz.
Bu, prezidentin səlahiyyətində olan bir məsələdir. Məsələn, Qarabağ məsələləri, ayrı-ayrı muxtar qurumlar üzrə vitse-prezident təyin edə bilər. Sırf iqtisadi-siyasi islahatlar üzrə vitse-prezident təyinatı da ola bilər. Bu, vitse-prezidentlik institutunun təyinatı və xarakterindən asılıdır.
Anaxeber.Az-ın Siyasət Şöbəsi yazır ki, vitse-prezident postuna yüksək ranqlı məmurların adları çəkilirdi. Bu halda klanların qarşıdurması alovlanırdı.
I vitse-prezident təyinatı iqtidarda hans qüvvənin yüksəlişdə olduğunu nümayiş etdirdi.
Bu isə öz növbəsində hakim komandada siyasi elitadan kimin yanında olmağı şərtləndirir. Çünki yaxın 7 il Azərbaycanda hakim elitanın yeni klan olacağı şübhə doğurmur.
O baxımdan nazirlərin və məmurların, o cümlədən icra başçılarının, deputatların hansı klanda təmsil olunacağı, transferlərin reallaşacağı, Bakı qruplaşması ilə necə işləyəcəkləri maraq doğurur.
Xatırladaq ki, Naxçıvan qruplaşmasında təmsil olunan, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev referendum elan olunan kimi prezident İlham Əliyevin vitse-prezidentin kimliyini açıqlamalı olması ilə bağlı müsahibə verdi.
Müsahibədə ölkənin birinci xanımı Mehriban Əliyeva ilə yanaşı Naxçıvan klanının lideri Ramiz Mehdiyevin, Vasif Talıbovun, Bəylər Eyyubovun adını çəkdi.
Daha sonra Naxçıvan qruplaşmasının nəzarətində olan media qurumlarında vitse-prezidentliyə ən layiq namizədin Naxçıvan Ali Məclisin sədri Vasif Talıbovun olduğunu təbliğ etməyə başladılar. Amma nə adı çəkilən, nə çəkilməyənlərin təyinatı reallaşıb.
Əslində, ölkədə referendumun keçirilməsi haqda layihə və vitse-prezidentlik institutu yaradılması Bakı klanında siyasi ideoloqların beyninin məhsulu kimi qiymətləndirilir.
Hakimiyyətin kifayət qədər resursa və gücə malik bu qruplaşması öz istəklərini diktə edə bildi və ölkə referenduma getdi.
Amma sonra proses tormozlandı və yeniçəri klan mərhələli siyasəti davam etdirməyə başladı. Yəni, postlara, nazirliklərə öz kadrlarını bir-bir yerləşdirdilər.
Hakimiyyət kluarlarında müxtəlif ambisiyalı cinahlar mövcuddur. Onlar seçkidən sonra iqtidarda möhkəmlənməyi hədəfləyiblər.
Belədə ən vacib amil vitse-prezident postlarından birinə sahiblənməkdir. Prezident Administrasiyası dəhlizlərində gedən müzakirələrdə vitse-prezidentlərin kimliyi barədə səhih və aydın təsəvvürlər yoxdur.
Azərbaycan hakimiyyətində I vitse-prezident postuna Mehriban Əliyevadan layiq ikinci dövlət xadimi yox idi.
Bu təyinat yerində və düzgün qərar idi. Cəmiyyətdən gələn sosial sifariş də M.Əliyevanı dəstəkləyirdi.
Eyni sözləri hələlik digər dövlət məmurları barəsində birmənalı olaraq söyləmirlər. Vitse-prezidentlik postlarına müxtəlif adlar çəkilsə də, konkretlilik yoxdur.
Reallıq ondan ibarətdir ki, ölkə başçısı komandasındakı köhnə kadrları daha da yuxarılara çəkmir. Əksinə, onların fəaliyyətini məhdudlaşdırır, səlahiyyətlərini azaldır.
Ona görə son nazir təyinatları və yeni icra başçılarının bioqrafiyası belə ehtimal yaradır ki, vitse-prezidentlər də reputasiyası sağlam, ictimaiyyətə çox tanış olmayan kadrlardan təşəkkül tapacaq.
Anaxeber.Az
Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net