Ana səhifə

Əliyevə sərf edən seçki: Ərdoğan 200 milyardlıq defisitlə yunan yolunda - Qaynar təhlil...

    Tarix: 25-06-2018 09:20   
 

“Adam qazandı” - Məhərrəm İncənin Tayyib Ərdoğanın qələbəsinə şərhi belə olub. FOX TV aparıcısı İsmail Küçükkayaya canlı yayında mesaj yazan İncə Ərdoğanın qalib gəldiyini qəbul edib.
Anxeber.Az yazır ki, başından nəticələri bəlli olan seçkiyə rəng qatan yeni namizəd İncə idi. Onun çıxışları kütlələrə təsir etmişdi.
Amma yenə də Türkiyənin mühafizəkar zümrəsinin İncənin sərbəstliyini sevmədiyi, Qərb demokratı kimi özünü aparmasını bəyənmədiyi göz qabağındaydı.
İncəyə gəlikdə CHP-nin ixtiyarları ona Ərdoğanın qələbəsini “qəbul etdirmiş” kimi görünürlər. Onun anti-sistem müxalifətçiliyinə imkan verilmədi. Əgər ona etiraz imkanı verilməsə, onda İncə də mövcud siyasi sistemin qurbanıdır.
Ərdoğan isə millətçi və islamçı təbəqənin damarını tutaraq bu dəfə də seçkilərdən aşkar favorit çıxdı. Təbii, səsvermə zamanı məntəqələrdə müəyyən saxtakarlıq faktları qeydə alınmışdı.
Amma bu qanun pozuntuları total deyildi və seçkilərin nəticələrinə ciddi şəkildə təsir etmədi. ATƏT-in də rəyi belə olub. Ərdoğan güclü siyasətçi və lider olduğunu isbatladı.
Odur ki, Türkiyənin ABŞ, İsrail, Suriya siyasətində Böyük Oyunların fiqurlarından olan Ərdoğanın seçkini İncəyə təslim edəcəyi sadəlövhlük olardı.
Bəziləri o qənaətdədir ki, əhali Ərdoğana mühafizəkar-islamçı olduğuna görə səs verir. Ancaq onun sosial baxımından etdiklərini Türkiyədə heç bir iqtidar etməyib.
AKP iqtidarına qədər Türkiyədə Ərdoğanın əvvəl üzvü olduğu Refah və Milli Selamet partiyası kimi islamçı partiyalar olmuşdu. Bu 2 partiya iqtidara gəlsə də AKP kimi uzun müddət iqtidarı əllərində saxlaya bilmədi.
Hazırda Saadet partiyası AKP-dən daha çox mühafizəkar olsa da xalqdan istənilən dəstəyi ala bilmir. Əslində səbəb çox sadədir.
Ərdoğanın dövründən əvvəl xəstəxana, təhsil müəssisələri pullu idi. Onun dövründən etibarən dövlət xəstəxanaları, universitetlər öz vətəndaşları üçün pulsuzdur.
İmkanları aşağı olan istənilən vətəndaşa hökümət dəstək verməyə başladı. ÜDM Ərdoğanın zamanında 200 milyard dollardan 857 milyard dollara yüksəldi. Türk insanı ilk dəfə onun dövründə pulun nə olduğunu gördü.
Onun reytinqini ən yaxşı saxlayan isə AKP-nin qazandığı bölgələrdə bələdiyyələrin işləməsi oldu.
Məsələn, İzmir kimi şəhərdə hər zaman CHP-nin qazanmasına baxmayaraq xalqa verdiyi xidmət çox bərbaddır.
Ərdoğanı siyasi baxımdan hamıdan fərqləndirən isə hakimiyyətə gəldikdən sonra 30 il davam edən PKK-Türkiyə münaqişəsini sonlandırmaq cəhdi idi.
O, illərdir davam edən propaqanda və özünə qarşı çevrilən çoxsaylı təhqir və tənqidə baxmayaraq öz insanının ölməməsi üçün PKK ilə uzlaşmaya getdi.
Amma türk insanı milli muxtariyyətin verilməsini deyil, milyonlarla əsgərin döyüşübş şəhid olması yolunu seçdi. Buna görə də, mühafizəkar-demokrat Ərdoğan yavaş-yavaş xalqa oxşamağa başladı.
Əvvəl “insanımız ölməsin” deyən Ərdoğan üçün indi türk əsgərin ölümü heç bir məna ifadə etmir.
Əvvəl Türkiyəni federasiya görən Ərdoğan dövləti tək adamın idarə edəcəyi unitar prezidentli respublikası kimi görür.
İstənilən halda qalib gələn iqtidar 200 milyard dollar defisiti olan bir dövlətin mirasına sahibləndi.
Ölkənin rezerv pulu isə sadəcə 85 milyard dollar təşkil etməkdədir. Bu da Türkiyəni Yunanıstanın vəziyyətinə sala bilər.
Anxeber.Az yazır ki, bizim üçün maraq doğuran Türkiyə-Azərbaycan münasibətlərinin bundan sonra necə olacağıdır. Ekspertlərin fikrincə, seçkidən əvvəlki əlaqələr fərqli zolaqda inkişaf etməyəcək.
Gecə gələn xəbərə görə, prezident İlham Əliyev Ərdoğanı təbrik edən ilk ölkə başçısı olub. Bunun özü təsdiqləyir ki, iki ölkə arasında münasibətlər ən yüksək dövründədir.
Nə, Ecevit, nə Dəmirəl, nə də Özal iqtidarları dövründə Türkiyə-Azərbaycan münasibətləri bu səviyyədə olmayıb.
Ən böyük iqtisadi yatırımlar da məhz İlham Əliyev-Tayyib Ərdoğan dövrünə təsadüf edir.
Bakı-Tiflis-Ceyhan kəməri, Bakı-Qars-Axalkalaki, TANAP, TAP kimi meqa layihələr Ərdoğanın dövründə reallaşıb. Eləcə də iki ölkə arasında siyasi anlaşmalar olduqca həssasdır.
Ərdoğanın xahişi ilə Azərbaycanda gülənçilərin sıradan çıxarılması, iki ölkə mediasında hakimiyyətlər əleyhinə hər hansı tənqidi material gedəndə cəzalandırılması halları mövcuddur.
AKP hakimiyyətinin Qarabağ məsələsindəki prinsipial mövqeyi də onu deməyə əsas verir ki, Türkiyədə mövcud iqtidarın dəyişməməsi, yəni status-kvo Bakıya da sərf edir.
Bununla da, Ərdoğan 2023-cü ilə - Türkiyənin 100 illiyinə qədər hakimiyyətdə qalaraq bütün geosiyasi və iqtisadi layihələrini gerçəkləşdirmək istəyir.
İncənin də məğlubiyyəti etiraf etməsi göstərir ki, AKP hakimiyyəti ağrısız bu prosesi keçərək dəyişməz siyasətini davam etdirəcək.
Anxeber.Az
Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net