Ana səhifə

Əliyev köhnə qvardiya nomenklaturasından necə qurtulur? - gizlinlər Anaxeber-də...

    Tarix: 08-06-2018 07:18   
 

Azərbaycan hakimiyyətindəki köhnə qvardiyanın avanqardını sovet nomenklaturasından çıxmış çinovniklər təşkil edirdi.
Onlar yuxarıdan aşağılara qədər sistemi əhatə etmişdilər: istərsə mərkəzi hakimiyyətin yüksək eşelonunda, istərsə regional idarələrdə...

AnaXeber.Az yazır ki, sovetin şinelindən çıxan bu kadrlar ölkənin rüşvət ənənələri ilə idarə olunması sistemini 2015-ci ilə qədər davam etdirməyi bacarmışdılar.
Sistemin qocalması və rüşvətin tüğyan etməsinə görə çürüməyə, metastaz verməyə başlaması yuxarılardakı islahatçıları narahat etməyə bilməzdi.
Hakimiyyətdəki reforma tərəfdarları anlayırdılar ki, təhsildən səhiyyəyə, icra hakimiyyətlərindən gömrüyə, aqrar sektordan sosial müdafiə təminatı sahələrinə qədər ayaq açmış korrupsiya xərçəng kimi yayılmaqla idarəçilikdə dərin çatlar yaratmaqdadır, xoşagəlməz proseslərə aparır, büdcə talanı sosial gərginliyi yaradır, məmur oliqarxiyası yaranır, aşağılar isə yuxarılara qəzəb püskürür. Bunun bir gün partlayışı ola bilərdi.
O baxımdan 2015-ci ildən sonra ölkədəki iqtisadi siyasətin dəyişməsi, böhranın başlaması, manatın tam üzən məzənnəyə keçidi maliyyə böhranından siyasi böhrana keçidin tappıltı səsləriydi.
İqtidarın texnoloqları, başbilənləri dərk edirdilər ki, bu gedişat çox pis perspektiv vəd edir və regiondakı mürəkkəb vəziyyətin həssaslığı da nəzərə alınmalıdır.
Ona görə də tezliklə struktur və kadr islahatları gerçəkləşməyə başladı, son üç il ərzində 10-a yaxın nazir istefaya göndərildi, bəzi qurumlar ləğv edildi, bəzi komitələr birləşdirildi, bir sıra vəzifəlilərin səlahiyyətləri məhdudlaşdırıldı.
Bu siyasət köhnə qvardiyanın halqasının daralması kimi qiymətləndirilməklə yanaşı, onların gətirdiyi rüşvətin yaratdığı fəsadlardan qurtulmağın başlanğıcıydı.
Prezident İlham Əliyev komandanın yenilənməsi, gəncləşdirilməsi, o cümlədən sovet nomenklaturasının caynaqlarında olan sahələrin Qərb təhsilli kadrla həvalə olunması istiqamətində inqilabi dəyişikliklərə getdi.
Eyni zamanda bu siyasi strategiyanın davamı olaraq qubernatorlara, oliqarxlara çevrilmiş nazirlərin, generalların kurasiyasında olan icra başçıları ilə vidalaşmaq dalğası start götürdü.

AnaXeber.Az yazır ki, əslində, manatın devalvasiyasından sonra 33 rayon icra hakimiyyətinin dotasiyadan məhrum edilməsi bugünkü proseslərin başlanğıcı idi.
İ.Əliyev özü müşavirələrin birində qeyd etmişdi ki, artıq dotasiyalar kəsilməlidir və bölgələr öz daxili resursları hesabına ayaq üstə dayanmalıdır.
Çünki regionların sosial-iqtisadi inkişafı proqramı ilə əlaqədar büdcədən 2004-ci ildən bəri ayrılan milyonlar yerlərdə icra başçılarını padşahlara, burjuylara çevirdi.
Onlar büdcəni talayır, rayonlarda kosmetik abadlıq işlərini iş adalarının boynuna biçir, vətəndaşları incidir, aztəminatlı ailələri, şəhid ailələrini, köçkünlərin İH-lərinin qəbul qapısından qovur, süründürür, sosial gərginliyi artırırdılar.
Son bir neçə gün ərzində icra başçılarını vəzifəsindən azad olunması, adı müxtəlif maxinasiyalarda, məhkəmə işlərində keçən İH rəhbərlərinin sərəncama götürülməsi bu siyasətin tərkib hissəsidir.
Ən diqqət çəkən məqam ondan ibarətdir ki, İ.Əliyev adı korrupsiya və qalmaqallara bulaşmış icra başçılarının yerinə reputasiyası sağlam, cəmiyyətdə o qədər də tanınmayan, barəsində neqativ informasiyalar olmayan kadrları təyin edir.
Belə desək, Naxçıvan qruplaşmasının əsasını təşkil etdiyi klanının diktəsi ilə təyin olunmuş icra başçıları yola salınır, köhnə qvardiya üzvləri arxivə göndərilir, onları sovet təfəkküründən uzaq, dilənçilik etməyən, rüşvət xəstəliyinə hələ ki yoluxmamış kadrlar əvəzləyir. Hətta son təyin olunan icra başçılarının bioqrafiyası haqda vikipedik məlumatlar da məhduddur.
Belə ehtimal etmək olar ki, İ.Əliyev hansısa nazirin təqdimatı və yaxud masası üzərində qoyduğu dosye əsasında icra başçısı təyin etmir.
Artıq əyalətlərdə vəziyyətin qismən də olsa yaxşılaşdırılması və köhnə qruplaşma adamlarından qurtulmağın zamanı çiban kimi yetişmişdi.
Bu nöqteyi-nəzərlə güman etmək olar ki, İ.Əliyev qarşıdakı dövrdə onlarla icra başçılarını vəzifəsindən azad edəcək. Bir sözlə, tam yeni komanda ilə 7 illik idarəçilik formalaşdırılacaq...
AnaXeber.Az
Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net