Ana səhifə

Hakimiyyətin ölü doğulan islahatları klanlara xidmət etdi? - Pərdəarxası...

    Tarix: 05-06-2018 08:34   
 


Azərbaycanda seçkidən sonra gözlənilən kadrı islahatları ölü doğuldu. Anaxeber.Az-ın Analitik Şöbəsi yazır ki, hakimiyyət kadr dəyişikliklərində ictimaiyyətin gözünə “kül üfürdü”.
Çünki Nazirlər Kabinetinin yenilənməsi yarımçıq həyata keçirildi. Məsələn, 83 yaşlı baş naziri heç də gənc olmayan 70-dən yuxarı yaşı olan Novruz Məmmədov əvəzlədi.
Bakını 15 ildən çoxdur altını üstünə çevirən Hacıbala Abutalıbovla yolları birdəfəlik ayırmadılar, onu da N.Məmmədovun müavini qoydular.
Nəvəsi iki nəfəri qəzada tələf edən Əli Həsənovu isə başsız bədən kimi saxladılar: “Qaçqınkom” sədri postu əlindən alındı, Baş nazirin müavini saxlanıldı.
Təhsil naziri təyin olunan Ceyhun Bayramov müavin idi və sistemin içində olmuş məmurdur.
Onun ötən dövrdə Mikayıl Cabbarovla əl-ələ verib təhsildə hansı müsbət işlər gördüyü məlum deyil.
C.Bayramov maliyyə nazirinin müavini olan qardaşı Azər Bayramovla qruplaşmada adı hallanıb. Təhsil şöbələrinin rəislərinin də Bayramovun diktəsi ilə hərəkət etdiyi söylənirdi.
Analoji təyinat Dövlət Gömrük Komitəsində də həyata keçirildi. Adı monopoliyada hallanan Səfər Mehdiyev komitə sədri gətirildi.
Onun Aydın Əliyevdən fərqinin olması müavin vəzifəsində hiss edilməyib. Əksinə, karqoların buraxılmamasında baş inhisarçı kimi adı keçib.
İctimaiyyətin ən böyük gözləntisi ölkə səhiyyəsini morqa çevirmiş nazir Oqtay Şirəliyevin vəzifəsindən azad olunacağı idi ki, bu islahat da “abort” edildi.
Hərçənd ki, təhsil, gömrük, aqrar sektorlardan fərqli olaraq, səhiyyədə dəyişiklik qeyd-şərtsiz vacib idi. Çünki Şirəliyevin dövründə ölkə səhiyyəsi “qan içməklə” məşğul olub.
Eləcə də büdcə talayan qurumlardan - “Su və Meliorasiya” ASC, Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsi ləğv olunmalıydı.
Diasporla İş üzrə Dövlət komitəsi Xarici İşlər Nazirliyinin tabeliyinə verilməli, gömrük komitəsi ilə Maliyyə və Vergilər nazirlikləri birləşməli, icra hakimiyyətlərinin, reyestr xidmətlərinin səlahiyyətləri ASAN Xidmətə tapşırılmalıydı.Amma cəmiyyətin gözlədiyi real islahatlar həyata keçirilmədi.
Habelə, Energetika Nazirliyinin SOCAR-a birləşdiriləcəyi və ümumilikdə bir sıra struktur islahatlarının reallaşdırılacağı proqnozlaşdırılırdı. Amma hökumət daha çox kosmetik xətt yürütdü.
Anaxeber.Az-ın Analitik Şöbəsi yazır ki, hökumət zəruri olan sektorlarda idarəçilik modelini dəyişməkdənsə, qruplaşma maraqlarını üstün tutdu.
Hakimiyyət daxilində iri fiqurların tərpədilməməsi sırf klanların bir-birinə qarşı “əzələ nümayişi” idi.
Bunun fəsadlarını isə idarəçilikdən irəli gələn korrupsiya sistemi sayəsində əhali çəkəcək. Ona görə ki, səhiyyədə, gömrükdə və bir çox sahələrdə rüşvət qalmaqdadır.
Hakimiyyət məhz həmin problemləri həll etməkdən boyun qaçırdı, sosial sektorlarda rüşvət mexanizmi saxlanıldı.
Əmək və əhalinin sosial müdafiəsi sahəsində də müsbət irəliləyiş yoxdur. Yeni nazir Sahil Babayev hələ ki kadr dəyişikliklərinə köklənib. Məsələn, enerji sektorunda ciddi yeyintilərin olduğu sirr deyil.
“Azərenerji” ASC-nin maxinasiyalar üzrə peşəkar olan prezidenti Etibar Pirverdiyev, Alternativ Enerji mənbələri agentliyi rəhbəri Akim Bədəlov vəzifədən azad oluna bilərdi.
Digər tərəfdən, edilən dəyişikliklər (Səlim Müslümov, Nazim İbrahimov, Heydər Əsədov, Fazil Məmmədov, Ziya Məmmədov) əllərində böyük maliyyə vasitələri olan məmurların maraqlarının zərbə almasıdırsa, həm də onların siyasi hakimiyyətə qarşı çıxma cəhdlərinə səbəb ola bilər.
İstənilən halda, siyasi hakimiyyət islahatları davam etdirməli və əhalinin yumşaq desək, nifrət elədiyi məmurlardan azad olmalıdır.
Artıq yeni parlament seçkilərinə də ehtiyac yaranır. Prezident yeni komanda formalaşdıracaq, bu baxımdan yeni parlamentin də formalaşdırılması islahatların tərkib hissəsi olardı. Digər bir amil isə iqtisadi azadlıqların genişləndirilməsidir.
Digər ən önəmli səbəblərdən biri də Azərbaycanda yeni maliyyə və əmlak bölgüsü olması ehtimalıdır. Ukraynada müxalifətin önəmli simaları böyük sərvətə sahib olan oliqarxlar idi. Mübarizə daha çox oliqarxlar arasında gedirdi.
Azərbaycanda isə bu mübarizə tam fərqli müstəvidə cərəyan edir. Xüsusilə də Qərb Azərbaycanda on milyardlarla dollar vəsaitin, onu nəyə yönəldəcəyi bəlli olmayan qüvvələrin əlinə keçməsini istəmir.
İstənilən halda prezident seçkiləri başa çatdı. Qarşıdan isə parlament seçkiləri gəlir. Və bu seçkilərə indidən hazırlaşmaq lazımdır…
Anaxeber.Az
Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net