Ana səhifə

“Gülərqeyt” skandalı və Səməd Seyidov dilimizi necə qısa elədi? - seçki bazarlığı...

    Tarix: 23-05-2018 08:16   
 
Azərbaycanda “Gülərqeyt” skandalı yaşananda hələ o zaman parlament buraxılmalı və təkrar seçki yolu ilə tərkibi yenidən formalaşmalıydı.
Gülər Əhmədova - Elşad Abdullayev arasında mandat alverinin videosu əslində çoxdan cəmiyyətə bəlli olan gerçəkliyin əyani sübutu idi.
Hakimiyyət o kadrlardan yaxa qurtarmaq üçün G.Əhmədovanı həbsə yollamağı, Fransada yaşayan E.Abdullayev barəsində cinayət işi açmağı seçim etdi.
Artıq o hadisə tarixin arxivinə qovuşub, sabiq xanım deputat azadlıqdadır, keçmiş rektor isə öz həyatını yaşayır.
Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, “Gülərqeyt” skandalı AŞ PA tərəfindən şəxsinə sanksiya tətbiq olunmuş Səməd Seyidovun qurumdakı nümayəndə heyəti rəhbəri postundan qeyd-şərtsiz istefasını şərtləndirirdi.
G.Əhmədovadan fərqli olaraq, S.Seyidovun adı beynəlxalq rüşvət qalmaqalında hallanıb və AŞ PA onu 2 il seçki missiyalarından kənarlaşdırıb.
S.Seyidov isə keçi inadkarlığı ilə ittihamları qəbul etməyərək hələ də Azərbaycanın adını batırmaqda davam edir. Halbuki, onun rüşvət təklif etdiyi AŞ PA sədri Pedro Aqramunt artıq vəzifəsindən istefa verib.
Aqramunt korrupsiyaya bulaşdığını etiraf edib və qurumdakı postunu tərk etməklə AŞ PA-nın olan-qalan bərba imicini qorumağa çalışıb.
S.Seyidov isə Azərbaycan AŞ PA əlaqələrini, ölkəmizin qurumdakı mövqeyini, Ermənistanla diplomatik mübarizəni nəzərə almadan nümayəndə heyəti rəhbərliyindən istefa vermir.
Onu da nəzərə almır ki, “Gülərqeyt” hadisəsi daxili auditoriyanı silkələmişdisə, beynəlxalq əks-sədası olmamışdı, amma şəxsinə sanksiya və rüşvət ittihamları Qərb aləmində Azərbaycanın reputasiyasını ciddi şəkildə zədələyib.
Digər tərəfdən, AŞ PA-nın sessiyalarında Azərbaycanın Ermənistan qarşısında dilini qısa edəcək bu xoşagəlməz hadisəni kəsib atmayın yeganə yolu S.Seyidovun istefasıdır.
İkincisi, tarixən öz qızlarını başqa xalqlara və eləcə də azərbaycalılara satmış ermənilərin qarşısında Aqramunta azərbaycanlı qız təklif olunması ittihamı dilimizi ikiqat qısaldır.
Bu arqumentləri onların əlinə verməmək üçün AŞ PA nümayəndə heyətimiz refreş olunmalı, hətta S.Seyidovun mandatı ləğv edilməli, Azərbaycan AŞ PA münasibətləri yüksək səviyyədə saxlanmalıdır. Çünki biz Avropa ailəsiyik və bu qurumun üzülyünə mərhum prezident Heydər Əliyevin dövründə qoşulmuşuq.
Azərbaycanı Avropadan izolyasiya etmək, Qərb ailəsindən ayırmaq həm Kremlin qucağına atmaqır, həm Qərb dəyərlərindən uzaqlaşdırmaqdır.
Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, S.Seyidov AŞ PA-dak lobbiçilik missiyasını üz-gözünə bulaşdırıb. Faktiki olaraq, sanksiya ilə qarşılaşmış yeganə deputatdır.
Parlamentdə bəzi deputatların onun müdafiəsinə qalxması da “saman çöpüyündən yapışmaq”dır.
Onlar bununla Azərbaycanı müdafiə etmirlər, əksinə rüşvətə görə cəzalandırılmış birinə qahmar çıxırlar.
Azərbaycanın haqlı davasını aparması üçün bu ləkəni təmizləyərək yeni nümayəndə heyəti rəhbəri ilə AŞ PA-da təmsil olunması vacibdir.
Necə ki, G.Əhmədovanın həbsi bütövlükdə hakimiyyətə yönəlik ittihamların arqumentini yumşaltdı.
S.Seyidova qarşı tətbiq olunan sanksiyalardan çox, faktın özü önəmlidir.Kimsə sanksiyaları sərt, kimsə əhəmiyyətsiz və qeyri-ciddi hesab edə bilər.
Amma fakt budur ki, Azərbaycan nümayəndə heyətinin rəhbərinə beynəlxalq təşkilat tərəfindən məlum ittihamlarla sanksiya tətbiq olunub. Bu, ölkə üçün ayıb və utandırıcı haldır.
Bu faktın beynəlxalq səviyyədə təsirlərini biz bəlkə də Bakıdan baxmaqla görməyəcəyik.
Amma Azərbaycan təmsilçilərinin beynəlxalq təşkilatlarda dili qısa olacaq. Məsələn, ermənilərin bizim nümayəndələrin çıxışlarına hansı reaksiyaları verəcəklərini yəqin ki, təxmin edirsiniz.
Üstəlik, Ermənistanın demokratikləşmə həmləsi həyata keçirərək beynəlxalq nüfuzunu artırmağa başladığı bir dövrdə...
Ekspertlərin fikrincə, indiki Milli Məclis buraxılmalıdır. Seçki islahatı həyata keçirilərək heç olmasa, qismən demokratik seçki yolu ilə səviyyəli, xalqdan mandat almış parlament formalaşdırılmalıdır.
Bunun edilməməsi, yaxud köhnə, ənənəvi üsullarla yeni seçki tamaşasının səhnələşdirilməsi ölkə üçün ağır nəticələrə səbəb ola bilər.
S.Seyidovun Aqramuntlara müsbət seçki hesabatları üçün rüşvət təklifi həm də G.Əhmədovadan sonra növbəti sübutdur ki, Azərbaycanda seçkilər necə keçirilir.
Xalqın sərvətlərinin, qara kürüsünün daşınaraq avropalı deputatlara yedirilməsi müqabilində xalqdan səs almayıb keçirilən seçkilərə saxta rəylər hazırlanması S.Seyidovdan çox, Azərbaycanın adını batırır.
Sovet dövründə əhalinin qara kürünü şor kimi yediyi halda, müstəqillik illərində kilosu 1500-2000 manatdan Avropaya satışa çıxarılması, Qərb siyasətçilərinə rüşvət kimi verilməsi xalqa münasibətin göstəricisidir.
Əgər hakimiyyət xalqın sərvətlərini ədalətli şəkildə əhali arasında bölüşsəydi, maaşlar yüksək olsaydı, vətəndaşların sosial problemləri həll edilsəydi, gənclərin mənzil və işsizlik kimi əbədi çətinliklərinə son qoyulsaydı, məhkəmə sistemində ədalət, rüşvətsizlik olsaydı, seçkiləri saxtalaşdırmağa, G.Əhmədova kimilərin mandat bazarlığı ilə məşğul olmasına, S.Seyidovun Aqramunta rüşvət təklifinə ehtiyac qalmazdı.
Onu yaşadan sistemə xalq seçkidə həqiqətən səs verərdi və AŞ PA deputatlarından saxta müsbət seçki rəyləri almağa zərurət olmazdı.
Amma heyf ki, xalqın səsvermə hüququ və sərvətləri əlindən alınaraq Aqramuntlara peşkəş olunub - sitatın sonu...
Anaxeber.Az
Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net