Ana səhifə

Acların demokratiyası: nazirlərin dəyişməsi də ölkəni uçuruma yuvarladır - Səbəblər...

    Tarix: 10-05-2018 08:35   
 

Ac ölkəyə demokratiya lazım olmur. Məşhurlardan birinin sözüdür. Azərbaycan bu gün həmin ac ölkəni xatırladır.
Anaxeber.Az yazır ki, xalqların qarnı tox olmayana qədər insan haqları, ədalət və siyasi azadlıqları arxa planda can verməkdə olurlar.
Toplumlar can hayında olduğu vaxtda, qəssablar piy axtardığı üçün demokratiya üfüqdə belə görsənmir. Toxun acdan yox, acın demokratiyadan nə xəbəri?!
Ona görə də son 25 ilin tarixi mənzərəsi acların can hayında olarkən toxların seçkiləri keçirməsi, istədikləri kadrları təyin etməsi, varlıların və vəzifəlilərin öz adamlarını postlara yerləşdirməsi ilə müşayiət olunur.
***
SSRİ-nin yıxılmasında heç bir sosial partlayış olmadı. 15 respublika aclığa, çörəksizliyə, rüşvətə, bürokratiyaya etiraz etmirdi, yalnız milli məsələ qabarmışdı.
Çünki sovet xalqlarının işsizlik və çörək pulu dərdi yoxuydu. O baxımdan sovet ittifaqının “axilles dabanı” milli məsələydi ki, bu yolla da 70 ilin hökumətini yıxdılar.
Müstəqil Azərbaycanın isə nə milli, nə dini, nə irqi ayrı-seçkilik və yaxud bu coğrafiyada yaşayan millətlərin arasında bir nifaq var.
Əksinə, azərbaycanlılar dostluq və mehribanlıqda tolerant, multukultural olduqlarını həm sovet, həm müstəqillik illərində sübut ediblər.
Buradakı ruslara, ermənilərə, yəhudilərə, ləzgi, talış, kürd, avara heç vaxt fərq qoyulmayıb, hamı Azərbaycan vətəndaşıdır.
Ancaq eyni sözləri sosial idarəçilik haqda söyləmək çətin olacaq. Nədən ki, Azərbaycandakı sistem sosial rifahın düşmənidir, xalqın firavan yaşamasının əleyhinədir.
***
Bu, vəhşi kapitalizm də deyil, feodalların rəiyyət üzərindəki quldarlıq quruluşudur. Baxın – məmurlar oliqarxlaşır və bürokratlaşıblar, onlara yaxın getmək olmur. İcra hakimləri və nazirlər, müavinləri, deputatlar əlçatmaz ulduza dönüblər.
Hündür hasarlara alınmış hektarlarla ərazidə tikilmiş malikanələri, milyonluq maşınları, restoran-otelləri, balalarının lüks həyatı, xaricdə daşınmaz əmlak və biznesləri...
Və həmin hasarlarla üzbəüzdə tifil, məzlum, çörək pulu üçün dəridən-qabıqdan çıxan, cırmaqlayaraq yaşayan bir xalq var.
Bu sosial vəhşilik, təbəqləşmə, zümrələr arasında fəhlə və zadəgan siniflərin yaranması ölkəni uçuruma yuvarladır.
SSRİ-ni yıxa bilməyən sosial ədalət məsələsi Azərbaycandakı sistemin budaqlarını öz əli ilə baltalayır.
Vətəndaşların süründürülməsi, ələ salınması, qapıdan qovulması, nazirlərin ağa-bəy həyatı...Axı bunları hansı Avropa ölkələrində var?
Holland, alman məmur velosipedlə işə gedir, naziri xalqın olduğu marketə girib özü bazarlıq edir və ən nəhayət, rüşvət, korrupsiya artıq Qərb cəmiyyətində aşağılar üçün çoxdan arxivə qovuşub.
Azərbaycanda isə acların demokratiyası olmadığı üçün bu xalqın Avropa cəmiyyətləri kimi siyasiləşməsi qeyri-mümkündür.
Çünki insanlar bir tikə çörəyin dalınca qaçanda siyasi hüquqlarını unudurlar. Və sosial bərabərsizlik, sosial tarazlıq pozulanda, tərəzidə əyiləndə gec-tez siyasi böhran fazasına keçid edir.
***
Anaxeber.Az yazır ki, Nazirlər Kabinetinin təsdiqlənməsindən sonrakı mənzərə də həmin məhz quldar-qul münasibətlərinin saxlandığını göstərməkdədir.
Hökumətin tərkibində iri fiqurlar getdi, yerinə gənc nazirlər təyin olundular. Ancaq fiqurların dəyişməsi ilə sistem dəyişmir. Necə Əli İnsanovdan sonra Oqtay Şirəliyev, Misir Mərdanovdan sonra Mikayıl Cabbarov, Füzuli Ələkbərovdan sonra Səlim Müslümov təhsil, səhiyyə, sosial təminat sektorlarından heç bir müsbət dəyişikliyə getmədilər.
Sistem dəyişməlidir, idarəçilik prinsipləri fundamental olaraq təzələnməlidir, aşağılarda rüşvət kökündən kəsilməlidir. Olacaqmı? - inandırıcı deyil.
Çünki yeni nazirlərin gəlməsinə baxmayaraq, yenə təhsil, sosial müdafiə sektoru, miqrasiya xidməti, gömrük rüşvət və korrupsiya girdabında çabalayır.
Birinci növbədə maaşlar artmalıydı ki, dövlət strukturunda işləyənlərin əli rüşvətə bulaşmasın. Eynilə Gürcüstan modelinin tətbiqi labüd idi.
Amma yeni gələn nazirlərin yalnız köhnə komandanı qovub yerinə öz adamlarını gətirməklə “islahat”lar həyata keçirdiklərini müşahidə etməkdəyik.
Nə qədər ki, məktəblərdə, universitetlərdə semestr pulu, xəstəxanalarda soyğunçuluq, aqrar sektorda maxinasiyalar, gömrükdə iş adamlarının “dərisinə saman təpilməsi” davam edəcək Fransadan, İngiltərədən belə nazir gətirsən, xeyri olmayacaq.
Hakimiyyət isə korrupsiya sistemindən imtina edə bilmir. Nazirlər və məmurlar aşağılara “qan uddurmasa” büdcə dolmayacaq, özləri varlana bilməyəcəklər.
***
Odur ki, nazirlərin hündür hasarlara alınmış hektarlarla ərazidə tikilmiş malikanələri, milyonluq maşınları, restoran-otelləri, balalarının lüks həyatı, xaricdə daşınmaz əmlak və biznesləri...
Və həmin hasarlarla üzbəüzdə tifil, məzlum, çörək pulu üçün dəridən-qabıqdan çıxan, cırmaqlayaraq yaşayan bir xalq var.
Bu sosial vəhşilik, təbəqləşmə, zümrələr arasında fəhlə və zadəgan siniflərin yaranması ölkəni uçuruma yuvarladır.
Millət vəkili Qüdrət Həsənquliyev haqlıdır. Bu ölkədə maaşlar artmayınca heç nə düzəlməyəcək.
Müəllim və həkimlərdən başlamaq lazımdır, bu peşə sahiblərinin maaşları artsa avtomatik digər peşə sahiblərinin də maaşlarını qaldırmaq lazım gələcək.
Əlbəttə, bəzi iqtisadçılar deyə bilər ki, maaşları 300-500 manatdan 3 və 5 minə qaldırmaq inflyasiyaya səbəb olacaq.
Ancaq maaşlar artmadan da iqtisadiyyatda yerimizdə sayacağıq, rüşvət və korrupsiyanın da miqyasını azaltmaq mümkün olmayacaq.Hansı iqtisadiyyat üçün daha çox təhlükəlidir: inflyasiya yoxsa korrupsiya?
Türkiyədə və sanksiyalardan uzun on illiklərdir qurtulmayan İranda müəllimlərin və həkimlərin maaşları 3-5 min dollar arasındadırsa, Azərbaycanda niyə olmasın?
Qonşularımızın əhalisi 80 milyon nəfər civarındadır. Bizdə bunun onda biri qədər əhali var, neft və qaz gəlirləri də hər keçən gün artır.
Bizdə də maaşları normal insan kimi yaşamağa imkan verəcək həddə artırmaq mümkündür.
Bir sözlə bu məsələyə əməli başlı əncam çəkmək lazımdır, yoxsa il ərzində 10 faizlik artımla uzağa gedə bilməyəcəyik, yaxındakı uçuruma gedəcəyik...
Anaxeber.Az
Turanшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net