Ana səhifə

İnqilaba bərabər ölüm: Fuad Poladov saraya, şəxsiyyət məddahlığa qarşı...

    Tarix: 07-05-2018 08:30   
 

Şoloxovun məşhur sözüdür: “Sovet vaxtı şəxsiyyətə pərəstiş varıydı, amma şəxsiyyət də var idi...”
Anaxeber.Az yazır ki, mayın 5-də Azərbaycanın ləyaqətli oğlu Fuad Poladovun ölümü ilə Şoloxovun kəlamı neoaktuallaşdı. Bəli, Azərbayanda da şəxsiyyətə pərəstiş var, amma şəxsiyyət də var - Fuad Poladov kimi.
F.Poladov polad kimi əyilməz, məğrur, mətanətli insan idi. Onun həyatda oynadığı ən böyük obraz elə özü idi - Fuad xarakteri, Fuad pasportu.
Azərbaycanın sonuncu mogikanlarından idi Fuad...Səyavuş Aslan, Muxtar Manıyev, Vaqif Səmədoğlu kimi. Ondan sonra Fəxrəddin Manafov qalır.
Fuad bizə bir daha dərs verdi ki, şəxsiyyətlə istedad necə çulğalaşır. Və ömrü son nəfəsə qədər necə dik qamətlə yaşamaq olar. Çətindir, amma mümkündür. Xarakter olmaq lazımdır.
"Neynim, balalarım var", "əşi düzələn deyil, bu gün elədiyimi sabah xalq unudacaq, ictimai rəy yoxdur" düşünənlər yanılırlar, xalq bir saniyənin içində səni dəftərdən elə silir ki...
O, lazım bildiyi anda müxalifətin mitinqlərinə də qatılıb, sözünü deyib. Ona görə yox ki, müxalifəti bəyənirdi və iqtidarı sevmirdi.
O, bir aydın kimi sadəcə dövlətin və millətin gələcəyi naminə doğru bildiyi yolu göstərməyə, öz xəbərdarlıqlarını etməyə çalışırdı. Bütün canlılar fanidir, bir gün hər kəs öləcək.
Amma insan üçün ən vacibi iz qoyub getmək, bu dünyadan ayrıldıqdan sonra da daim sevgi və sayğı ilə xatırlanmaqdır. Fuad bəy bunu bacaran kişilərdəndir. Nə mutlu ona...
Fuad Poladova olan sevgi bu xalqın nümunəyə olan yanğısının, şəxsiyyət defisitinin gətirdiyi susuzluğun göstəricisidir.
Mayın 5-də Azərbaycanı xalqını Fuad Poladov nümunəsi birləşdirdi – düşüncə və virtualda.
Azərbaycanlılar uzun müddət aradan ilk dəfə idi ki, həmrəylik nümayiş etdirirdi – ləyaqətli, istedadı ilə şəxsiyyəti çulğalaşdıran bir aktyora görə.
O, istisna aktyorlardan idi ki, səhnədə və həyatda artistlik eləmirdi, öz xarakterini, rolunu oynayırdı. Və Fuad bəyə görə olan birlik həm də ləyaqət simvolunun ətrafında birləşmək idi.
Xalq bununla hökumətə, onun məmurlarına, məddahlarına, mükafat və ordenlər üçün sıraya düzülən yaltaqlarına, 2 otaqlı ev üçün  simasızı itirənlərə, urvatsız ölüb gedən və torpağa tapşırılmamış ünvanına nələr yazılmayanlara mesaj verdi. Fuadın ölümünə olan reaksiyalar bir izdihamlı mitinqə bərabər idi.
F.Poladov müxalifətin mitinqində olub, zaman-zaman vətəndaş mövqeyi göstərib, haqqı nahaqqa verməyib, günahsız işdən çıxarılan aktyora görə etiraz edərək “AzDrama”nı tərk edib. Bunu edəcək neçə nəfər var? - barmaqla göstərsinlər...
Hətta 500-600 manat maaşa görə işini itirmək qorxusu ilə yaşayanlar, aralarında istərsə jurnalist, istərsə bankir olsun, ədalətsizliyə qarşı susanda F.Poladov xarakter və mərdlik nümayiş etdirmişdi.
Anaxeber.Az yazır ki, buna görə də hökumətin, onun bir qolu olan Mədəniyyət və Turizm Nazirliyinin Poladovun ölümünə səssiz qalması anlaşılandır.
Hətta bunu düşmən düşmənə belə eləməzdi ki, nazir Əbülfəs Qarayev elədi: Allahın rəhmətini də dilə gətirmədi.
Sən doğurdanmı görkəmli Qara Qarayevin nəslindənsən, cənab nazir? Bu nə laqeydlik, bu nə hörmətsizlik?!
F.Poladovun sağlığında heç zaman nazirliyə və onun rəhbərinə ehtiyacı olmayıb. Elə son müsahibəsində də belə demişdi:
“Mədəniyyət Nazirliyi deyilən bir anlayış mənim üçün artıq yoxdu. Çünki elə bir orqan tanımıram. Bizdə Mədəniyyət Nazirliyi yoxdu. Ancaq Turizm Nazirliyi var. Ummuram da onlardan".
Ə.Qarayev bu sözün hikkəsini elədi, bu müsahibədəki acı həqiqətin qarşısında duruş gətirə bilmədiyi üçün cılız addım ataraq başsağlığı vermədi, dəfnə getmədi. Belə mədəniyyət naziri olmaz olsun.
“AzDrama”nın rəhbəri Azər Paşa Nemətovun “Ölüb, Allah rəhmət eləsin, xəstəyəm” deyib, sonra bu sözünə xalq etirazını görəndə sağalıb vida mərasiminə getməsi ilə Əbülfəs Qarayevin susqunluğu, biganəliyi arasında heç bir fərq yoxdur.
Çünki Azərbaycanda Mədəniyyət Nazirliyi çoxdan ölüb. Və yalnız mükafat üçün yaltaqlananlar, mədhiyyələr deyənlərə bu nazirlik xidmət göstərir – Azərbayan mədəniyyətinin nəhəngi Fuad Poladova yox.
Və təəccüblü deyil, yazıçı Sabir Əhmədli də vətəndaş mövqeyinə görə diqqətdən kənarda qaldı, Səyavuş Aslan heç vaxt yaltaqlanmadığı üçün eyni taleni yaşadı, yalnız ölümündən hökumət ayıbına qısılıb təltif etdi.
Fuad Poladovun cənazəsini evindən götürdülər. Rəsmi tədbir olmadı. Niyə? Çünki o, Əliyevlər hakimiyyətinə yaltaqlıq etmədi. Başını dik tutdu, şərəflə yaşadı.
Azərbaycan elə bir gündədir ki, onun hökuməti də, parlamenti də, məmuru da namuslu, vicdanlı adamlara nifrət edir.
Böyük insan, əsas odur ki, səni Allah sevsin. Ruhunu pula satanların özü nədir ki, sevgisi də nə ola...Nur içində yat. Bil ki, bu millətin namuslu adamları səni həmişə ehtiramla yad edəcək.
Onun ölümü də xalqa xidmət oldu. Bu şərəfli ölümə hökumətin münasibəti ilə iqtidarın iç üzünü bir daha açdı.
Və saray adamı olmamağın, xalqın adamının olmağın nəticəsini növbəti dəfə sübuta yetirdi.
F.Poladovun ləyaqətlə yaşadığı kimi, ölümü də şərəfli oldu. Elə Ə.Qarayev və digərləri də hamı kimi bir gün bu dünyadan gedəcəklər, necə yaşayıblarsa, elə...
Anaxeber.Az
 Turanшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net