Ana səhifə

Düyməni səhv basan, xalqa yumruq göstərən antiMilli Məclisdən – Faktlar...

    Tarix: 02-05-2018 08:57   
 
Belə parlament nə uzaq Burkina-Fasoda, nə Trinidad-Tobaqoda, nə də Mozambikdə görünüb.
Dünyada belə parlament yoxdur ki, qanun layihəsi səsə qoyulanda 10 deputat düyməni səhv basa, spiker uğunub keçə və təkrar səsqoymaya qoya...
Anaxeber.Az yazır ki, dünyanın heç bir ölkəsində elə deputat yoxdur ki, gah siyasi rəqiblərini rinqə çağıra, gah da Formula-1 yarışlarını tənqid edənləri “razborka”ya çağıra.
Ancaq bütün bunlar müstəqil Azərbaycanın, cümhuriyyətinin 100 illiyi ərəfəsində Tiflisdə elan olunmuş bir parlamentin bugünkü tərkibində baş verir.
Bəli, bəli, Azərbaycanın Milli Məclisində hər növ millət vəkili görə bilərsiniz. Xalqına “otxod” deyəni də var idi, Ağacan Əbiyev kimi “kimin Formula-1 xoşuna gəlmirsə, gəlsin onu başa salım...” söyləyəni də var, iclas zamanı telefonla oynayanı da.
Təkcə son bir neçə ayda spiker Oqtay Əsədovun deputatlara etdiyi çağırışlara baxın: “Telefonları söndürün, oynamayın”, “Onlara deyin çayın içib qurtarıb gəlsinləri qanun layihəsini səsə qoyaq”...
Sanki uşaq bağçasıdır, sanki xalqın Milli Məclisində ölkənin, vətəndaşlarının taleyi həll olunmur, sanki qanun layihəsini qəbul etmək başdansovdu bir işdir.
Hələ bu nədir ki, deputat var feysbuku bağlamağa çağırır, deputat var milyonların qəlbində heykəl qurmuş Elçibəy haqda dişinin dibindən töküləni danışır, deputat var “Rəsulzadənin heykəli niyə çox yerdə qoyulmalıdır” söyləyir.
İlahi, bu Milli Məclisdə say-seçmələri hardan tapıblar, necə müəyyənləşdiriblər?! Yəni onlar millətin vəkilləridir?
Türkiyədəki xalqına can yandıran parlament üzvü də millət vəkili, bizdə ağzından horra tökülən də millət vəkili?!
Məsələn, deputat Ağacan Əbiyev İltizam Komissiyasının sədridir, amma dava-dalaşdan danışır, “gəlsin başa salım” deyir.
Deyəsən, vaxtilə keçmiş həmkarı Hüseyn Abdullayev kimi o da əlbəyaxa həvəskarıdır. Xalq isə millətin vəkilindən sosial rifahının yaxşılaşmasına xidmət edəcək qanun layihəsi təklif edəcəyini gözləyir. Ay-hay, gözlə...
Bu həmin A.Əbiyevdir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru kimi prorektoruna və katibəsinə villa bağışladığı xəbəri yayılmışdı. Görəsən, deputatda bu qədər pul hardan idi belə səxavət nümayiş etdirmişdi?
Bu həmin A.Əbiyevdir ki, 2012-ci ildə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti əlavə izah verilmədən oyunlardan uzaqlaşdırılıb.
“Reuters” agentliyinin əməkdaşları Əbiyevin Olimpiadadan uzaqlaşdırılmasının səbəblərini dədiqləşdirib.
Məlum olub ki, Əbiyev yarış zamanı dəfələrlə Azərbaycan Boks Federasiyasının Olimpiadakı təmsilçiləri və bokçuları ilə ünsiyyətə cəhddə günahlandırılır.
Anaxeber.Az yazır ki, Azərbaycan parlamentində 15-20 deputat istisna olmaqla əksəriyyətinin mandatına xitam verilməlidir.
Onlar nə MM-in iclaslarında iştirak edirlər, nə müzakirələrə qoşulurlar, nə açıqlamalar verirlər, nə də prezidentə qarşı qara piar kampaniyası olanda dövlət başçısının müdafiəsinə qalxırlar.
Əksinə, qıcıqlandırıcı çıxışları ilə xalqla iqtidarı üz-üzə qoyurlar, gərginlik yaradırlar, söyüş hədəfinə çıxırlar. Üstəlik, AŞPA-dakı nümayəndə heyəti də hər şeyi üz-gözünə bulaşdırıb.
Yəni, Azərbaycanın belə Milli Məclisi tarixində olmamışdı. Milli Məclis bir dövlətin, hökumətin və xalqın simasıdır.
Bu baxımdan yeni, dinamik və savadlı gənclərin üstünlük təşkil edəcəyi bir parlamentə ehtiyac var.
Bunu dövlət rəhbərliyi də müşahidə edir, zaman-zaman danışığını bilməyən deputatların sözünü malalayıblar da.
Çünki həmin açıqlamalar Quba, İsmayıllı hadisələrini təkrarlada bilərdi. Ancaq bu məsuliyyəti hiss etməyən millət vəkilləri insanların heysiyyatına toxunurlar.
Belədə isə tək yol qalır - növbədənkənar parlament seçkiləri təyin etmək. Doğrudur, zaman olaraq artıq bu parlamentin müddətinin bitməsinə 2 il qalır.
O halda erkən seçki təyin olunmaya bilər. Amma bu 2 il ərzində deputatların daha hansə hoqqalardan çıxacağına heç kəs zəmanət verə bilməz.
Bəzən hökumət rəsmiləri onlara müxalif çıxan, xaricdə kampaniya aparan fəalları antimilli qüvvələr, antimilli ünsürlər adlandırırlar.
Ancaq gözümüzün qabağında xalqa da, hakimiyyətə də təhlükə yaradan, dövlətlə vətəndaşı üzbəüz qoyan antimilli qüvvə Milli Məclisdəki əksər deputatlardır.
Onların antimilli fəaliyyəti və çıxışları nəticəsində insanların parlamentə inamı, hörməti qalmayıb. İnsanlar millət vəkilinə güvənmirlər, hətta bir çoxu deputatları tanımırlar.
Belə parlament nə uzaq Burkina-Fasoda, nə Trinidad-Tobaqoda, nə də Mozambikdə görünüb...
Anaxeber.Az
Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net