Ana səhifə

Əliyev 15 il sonra...“ağ inqilab”a başlayıb: kim niyə “vuruldu”? - Anaxeber.Az-da...

    Tarix: 22-04-2018 23:47   
 


İllər sonradır....Prezident İlham Əliyev Qərb mətbuatına müsahibəsində iqtidara gəlişinin ilk dövrlərini xatırlayır. Səhv etmiriksə, “Euronews”a danışır:
O, etiraf edir ki, 2003-2005-ci illər olduqca ağır, mürəkkəb, gərgin və yuxusuz keçib. İ.Əliyev legitimləşməsi 2 il çəkən hakimiyyətinin oturuşmasına nail olur.
Bu, o zamanlar idi ki, iqtidar kluarlarında köhnə qvardiya birmənalı olaraq hegemonluq edirdi. Onlara heç bir qüvvə bata bilməzdi.
İlk növbədə hakimiyyəti qoruyub saxlamışdılar, ikincisi İ.Əliyevin yanında sədaqətli komanda olaraq yumruq kimi birləşmişdilər, üçüncüsü dünya dəstəyini əsirgəmədi.
***
Zaman keçir, İ.Əliyev kifayət qədər təcrübəlidir, daxili və xarici siyasətdə səriştəsi var, kadr seçimində, strateji və struktur siyasətində nələrin daha zəruri olduğunu özü müəyyən edir. Yəni, gərginlik də, yuxusuz gecələr də arxada qalıb...
Azərbaycanın prezidenti Rusiya və Türkiyə prezidentlərini barışdırır, enerji siyasətində Qərbin maraqlarının üstündən xətt çəkmir, əksinə, əməkdaşlığı genişləndirir, əbədi qonşu olan Rusiyanı neft-qaz siyasətində qıcıqlandırmır, balanslı siyasət davam edir.
Və bu balanslı siyasət saray daxilində də mütləq idi. İ.Əliyev bilirdi ki, tərəzidə daşlardan biri ağır gələrsə, ölkədəki mövcud sistem laxlaya bilər, mövqelər sarsılar.
***
İllər ötüb. İ.Əliyev 15 ildir Azərbaycana rəhbərlik edir. Və balanslı daxili siyasətdə status-kvonu saxlamaqdadır.
Bu balans referendumdan sonra da, növbədənkənar prezident seçkilərinin ardınca da müşahidə edilməkdədir.
Ona görə də komanda içərisində dəyişdirilənlərin yola salınmasında tək günahkar özləridir. Heç kəsi mənsub olduğu klana, qruplaşmaya görə ayırmırlar.
Əgər Əli Həsənov talançı fəaliyyətində, nəvəsi qudurğanlığında olmasaydı, hələ də “Qaçqınkom” sədri idi.
Heydər Əsədov aqrar sektoru bərbad günə salmasa, Səlim Müslümov mürtəce qanunun qəbuluna nail olub pensiya yaşını qaldırmasa, şöbələr yetim-yesirdən rüşvət almasaydı (axı ona aşağıları incitməmək tapşırılmışdı - red) vəzifədə qalacaqdılar.
Bu gün Ramil Usubov Daxili İşlər naziri olaraq yeni hökumətin tərkibində təsdiqlənirsə, Mədət Quliyev Dövlət Təhlükəsizlik Xidməti rəisi kimi vəzifəsini davam etdirməsinə etimad göstərilirsə, deməli boşluqlar buraxmayıblar, tapşırıqlar yüksək səviyyədə icra olunub, İ.Əliyevin istəkləri gerçəkləşib.
Daha 2003-2005 dönəm deyil. İ.Əliyevin yetərincə siyasi iradəsi, təcrübəsi var ki, komandada kadrların seçimini müəyyən etsin.
Yəni, istənilən naziri yola salmağa qadirdir. Sadəcə, R.Usubov və ya yeni hökumətdə yer alan digər vəzifəlilərin istefaya gedənlərdən fərqi işinə məsuliyyətli olmalarıdır.
***
Əlbəttə, Artur Rasi-zadə, Hacıbala Abutalıbov, Elçin Əfəndiyev, Abid Şərifov qocalar evinin nümayəndələri idi.
Onların gedişində sürpriz hadisə olmadı. Yeni təyin olunan nazirlər isə kifayət qədər gənc, Avropa təhsili olan kadrlardırlar.
İnam Kərimov və Sahil Babayev, habelə Rövşən Rzayev prezidentin komandasını refreş etməsindən sonra bu postlara təyin edilməklə cəmiyyətə o mesajlar verildi ki, İ.Əliyev konfliktdən uzaq, reputasiyası korrupsiyaya bulaşmayan məmurlarla işləməyə üstünlük verir.
Bu həm də iqtidar daxilindəki islahatçı qanadın istəklərinin reallaşmasıdır. Lakin təkrar qeyd etməyə zərurət var: prezident klanların qüvvətinə baxmadan, intriqabaz olmayan məmurları qabağa çəkməyi prioritet sayır.
Bir neçə gün əvvəl Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin məqaləsində də incə bir nüans var idi: “İslahatların və komandanın ümumi işinə mane olan məmurlara görə vaxt itirə bilmərik”.
R.Mehdiyev köhnə qvardiyanın lideri olsa belə, reformalara ciddi ehtiyac olduğunu bilirdi.
O, təcrübəli dövlət xadimi kimi hiss edirdi ki, Azərbaycan üzərində müxtəlif layihələr həyata keçirilir və lokal neqativ işlər, rüşvət, bürokratik əngəllər kimi aşağıları qəzəbləndirən problemləri saxlamaqla idarəçilik ağır dövrə girə bilər, fəsadlar baş qaldırar.
***
Beləliklə, İ.Əliyev komandanı format elədi: gənc nazirlər NK-ya gətirildi, tərkib tam təsdiqlənmədiyi üçün yeni təyinatlar istisna deyil, ən azı təhsil naziri də gənc olacaq.
Paralel olaraq, intriqabaz olmayan, konflikt ocaqları yaratmayan, dövlətçilik təcrübəsi olanlar vəzifədə saxlanıldı.
Xüsusən də, DİN rəhbəri Ramil Usubov, Baş prokuror Zakir Qaralov, PA rəsmiləri və prezidentin köməkçiləri İ.Əliyevin daha 7 il işləmək istədiyi nazirlərdir.
Ümumilikdə, son təyinatlarla biz həm köhnə qvardiyanın sədaqətli, təcrübəli kadrlarının, həm də Paşayevlər klanına yaxın gənc, perspektivli məmurların İ.Əliyev iqtidarında yer aldığını gördük.
Yəni, proseslərin gedişinə klanların mübarizəsi kimi yox, İ.Əliyevin islahatlara hansı komanda ilə getmək istəməsi kimi baxmaq lazımdır.
Prezident hesab edir ki, ölkədə iqtisadi-siyasi, təhlükəsizlik və digər məsələlərin sabitliyi, inkişafı və təminatı islahatları ləngitməyən, tormozlamayan qüvvələrlə mümkündür. Odur ki, 11 apreldən 10 gün sonra NK silkələndi, bu isə son deyil, ardı var...
 
 
AnaXeber.Az üçün xüsusi olaraq
Turanшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net