Ana səhifə

Əliyevin seçkini erkən keçirməsinin əsl gerçəkləri - Gizlinlər

    Tarix: 18-04-2018 00:07   
 Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelə təyin olunanda bunu iki faktorla şərh edirdilər: 1.Martda Rusiyada seçkilərdir, Moskvanın başı özünə qarışacaq, Bakıya təzyiq etməyəcək. 2. Kəşfiyyat məlumatı əsasında hərəkət olunub və oktyabrda xarici dairələr ölkəni qarışdıra bilərdi. AnaXeber.az-ın Analitik Qrupu yazır ki, bu informativ versiyalardan birincisi suya düşdü. Kremlin Azərbaycandakı seçkilərlə bağlı heç bir planı olmadığı üzə çıxdı. Hətta yəhudi deputat Yevda Abramov iddia edirdi ki, Moskvanın siyasi dəhlizlərində namizəd hazırlanır. Amma seçki yaxınlaşdıqca göründü ki, kampaniya və təzyiq Avropadan gəlir, şimal qonşudan yox...
İkinci variantın isə yetərincə əsaslı olduğu bilindi. Azərbaycan rəhbərliyi məlumatlı imiş ki, Yaxın Şərqdə vəziyyət gərginləşəcək, III Dünya müharibəsi başlana bilər.Faktiki olaraq, seçki bitər-bitməz ABŞ, Fransa, Böyük Britaniya koalisiyası Suriyaya aviazərbələr endirməyə başladı. Qarşı tərəfdən isə İran, Rusiya və Əsəd ordusu var, Türkiyə isə “ortancıl qardaş” siyasətini yürütməkdədir. Kəsəsi, Azərbaycanın üç qonşusu Suriyada müharibə aparır, düşmən qonşuda isə mitinqlər getdikcə böyüyür. Azərbaycan bu şəraitdə növbədənkənar prezident seçkilərinə getdi və sakit şəkildə 7 illik prezident elan olundu. Hər halda proseslərin episentrində seçki keçirmək təhlükəsi sovuşdu. Hakimiyyət yetkililəri də seçkilərin 6 ay qabağa çəkilməsini ütülənmiş formada da olsa, xarici təsirlərlə əlaqələndirirdilər.
İndi aydın olur ki, oktyabra qədər Suriyada vəziyyətin gərginləşməsi, hətta müharibənin coğrafiyasının genişlənməsi barədə rəsmi Bakıda kəşfiyyat məlumatları olub. Bundan əvvəlki yazılarımızda da seçkilərin İran faktoru ilə yaxınlığını ehtimal olaraq irəli sürmüşdük. Əgər Şərqin qapısı olan Suriyada Əsəd rejimi aviazərbələrdən yıxılarsa, koalisiya qüvvələri oktyabra qədər İran planını işə sala bilər. Hətta ABŞ-ın Suriya siyasətinə Yunanıstanda belə etirazlar baş qaldırıb. Ona görə də seçkiləri hadisələrin alovlu dövründən izolyasiya etmək üçün aprelə təyin olunması qərara alınıb. Göründüyü kimi, növbədənkənar seçki təyinatına Avropa və ABŞ-dan da münasibət bildirilmədi. Hakimiyət texnoloqları bir daha anlayır ki, dünyanın başı Suriyaya qarışmışkən seçkilər keçirilməsi doğru strateji seçim imiş. AnaXeber.az yazır ki, Azərbaycan hakimiyyətinə xarici qüvvələrin təzyiq etməsi gündəmdə deyil. Dünya gücləri üçün indi Cənubi Qafqaz ölkəsi yox, Yaxın Şərq prioritetdir. Lakin Azərbaycanın seçkiləri erkən keçirməsi kənar təsirlərdən özünüqoruma instinktidir. Çünki qonşuluqdakı İran və Rusiyanı Avropa, Amerika ilə qarşıdakı dövrdə daha böyük böhranlar gözləyir. Bu hadisələr isə mütləq şəkildə təsirini göstərir. Ona görə də seçkini qabağa çəkməklə ən azından oktyabrda ola biləcək kataklizmlərin qarşısı alınıb.
İndi daxili auditoriyaya total nəzarət etməklə, xarici siyasətdə İran və Rusiya ilə bağlı baş verənlərə rəsmi Bakı daha aydın şəkildə mövqe tuta biləcək.Hazırda Qərbdə Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi planlaşdırılır. Britaniya hökuməti bəzi rusiyalı oliqarxlara qarşı sanksiyalara hazırlıq görür. ABŞ hökuməti isə Bəşər Əsədə dəstək verməsi səbəbi ilə Rusiyaya yeni sanksiyalar tətbiq etməyi düşünür. Konqresə Rusiyanın qiymətli kağızlarına sanksiya qoyulmasını nəzərdə tutan qanun layihəsi də təqdim olunub.ABŞ və müttəfiqlərinin Suriyaya qarşı hərbi əməliyyatında 2 siyasi məqsəd güdülür: Birincisi, Suriyada uğur qazanan, bu uğurunu regional və qlobal miqyasda yaymağa çalışan Rusiyanın xarizmasını cızmaq, onun nüfuzuna zərbə endirmək. İranı da bura əlavə etmək olar.İkincisi, Rusiya ilə yaxınlaşan və ya yaxınlaşmağı düşünən bölgə ölkələrinə, o cümlədən Türkiyəyə mesaj vermək, bu kontekstdə Rusiyanın hava-raket hücumundan müdafiə silahlarının o qədər də etibarlı olmadığını, yüzdə yüz müdafiə qarantiyası vermədiyini nümayiş etdirmək. Suriyanın istifadəsində S-300 var.Yəni sırf hərbi baxımdan bu əməliyyatın Bəşər Əsədə, onu dəstəkləyənlərə sarsıdıcı zərbə vurğunu söyləmək mümkün deyil. Məqsəd görünür ki, siyasidir.Bu hadisələrdə Qərb və Rusiya tərəfindən Azərbaycana qarşı tələb olmayacaq. Yəni, rəsmi Bakıdan Suriya siyasətində strateji seçim edilməsi istənilməyəcək. Hələlik iqtidar belə bir dilemma qarşısında deyil. Amma oktyabra qədər müharibənin arealı genişlənərsə, Azərbaycan mövqeyini bildirməli olacaq. Ukrayna böhranında Bakı Rusiyanı qıcıqlandırsa da, dost ölkənin ərazi bütövlüyünü dəstəklədi, Krımın ilhaqını pislədi. Analoji mövqeni Suriya siyasətində də ABŞ-a qarşı sərgiləyə bilər. Yəni, hər şey hadisələrin necə cərəyan edəcəyindən asılıdır. Azərbaycan hakimiyyəti bütün bunları öncədən hesablayıb və mürəkkəb geosiyasi proseslərin episentrində seçki keçirməyin təhlükəli olduğunu anlayaraq aprelə çəkilməsinə qərar verir.шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net