Ana səhifə

ATƏT-lə AŞ “kürü” imicini düzəldir yoxsa Əliyevin Qərblə əlaqəsi korlanır? - Gizlinlər

    Tarix: 16-04-2018 10:09   


Avropa Şurası və ATƏT-in mənfi seçki rəyləri bu təsisatların öz reputasiyasına xidmət etdi. Çünki hər iki qurum korrupsiyaya bulaşmaqda, kürü diplomatiyasında ittiham edilirdi. Anaxeber.az xatırladır ki, bundan qabaq keçirilən seçkilərə “demokratiyaya doğru daha bir addım” bəyanatları verməklə gözdən düşmüşdülər, hakimiyyətlə işbirliyində olduqları görünürdü. Pedro Aqramunt nümunəsi Avropa Şurasının demokratiya və insan haqlarına münasibətini ortaya qoymuşdu. Ona görə də itirilməkdə olan nüfuzu qaytarmaq lazım idi. Odur ki, aprelin 12-də ATƏT və AŞ mənfi seçki hesabatları açıqladılar. Halbuki, o hesabatlar o qədər də sərt deyildi. Sadəcə, total tərif bumunda mənfi rəylər cəlbedici oldu.Qabaqcadan da bəlliydi ki, yumşaq tənqidlər səslənəcək. Lakin hakimiyyət mənsubları yumşaq hesabata da dözümlülük nümayiş etdirə bilmədi və bəzi iqtidar qəzetçiləri müşahidə missiyası üzvlərinə hücum çəkdilər, haray-həşir qopardılar. Sonra ATƏT və AŞ yetkililəri XİN-ə çağrıldılar. Avropa Parlamenti isə seçkini müşahidə etməyə nümayəndə qrupu göndərməmişdi. Qərb dövlətlərindən hələ ki yalnız Macarıstanın baş naziri qalib namizədi təbrik edib. Məsələ elə bura qədərdir. Bəli, Avropadan təbrik yox, tənqid gəlməkdədir. Amma...Anaxeber.az-ın təhlil qrupunun qənaətincə, işin əmması Azərbaycan-Avropa əlaqələridir. ATƏT və AŞ-ın mənfi rəyləri, AP-ın boykotu, Avropa prezidentlərinin təbrik məktubları yazmaması heç də münasibətləri fundamental şəkildə korlamayacaq. Əksinə, rəsmi Bakı Qərb siyasətində dəst-xəttini dəyişməyəcək, enerji layihələri, nəqliyyat dəhlizləri və s. projelərdə əməkdaşlıq genişləndiriləcək. Beynəlxalq təsisatların mənfi seçki hesabatları ilə hökumətləarası münasibətlər qurulmur. Azərbaycan hakimiyyətində Qərb təşkilatlarının və KİV-lərinin sərt tənqidlərinə qarşı imunitet yaranıb. İqtidar artıq nişangahı da, hədəfi də, məqsəd və məramların nədən ibarət olduğunu da bilir. Bilir ki, əvvəlki seçki hesabatları da Qərblə münasibətləri korlamayıb. Dünya İ.Əliyevin namizədliyinə və növbədənkənar seçki təyin olunmasına ümumiyyətlə susdu. Sadəcə, ATƏT və AŞ-ın nankorluğunu qeyd etmək olar ki, aldıqları kürülər, hədiyyələrin müqabilində verilən rəy siyasi diplomatik xəyanətdir. Anaxeber.az yazır ki, Qərb Azərbaycanı çox sıxışdırmağa maraqlı deyil. Xüsusən də ABŞ-Rusiya arasındakı açıq “soyuq müharibə” və qarşılıqlı təhdidlər ehtiyatlı olmağa səsləyir. Avropa Bakını sıxma-boğmaya saldıqca, Moskvaya yaxınlaşırlar. Nəzərə onu da alırlar ki, hakimiyyət daxilində ruspərəst qüvvələr kifayət qədər güclüdürlər. ATƏT və AŞ-nın seçki rəyləri də ciddi hüquqi təsir, siyasi effekt doğurmayacaq. Yəni, İ.Əliyevin qələbəsini şübhə altına almaq, qeyri-legitim saymaq həddinə qədər gəlib çıxması gözlənilmir. Bu hesabatları daha çox həmin qurumların korrupsiyalaşmış, riyakarlaşmış imicinin reabilitasiyası kimi qiymətləndirmək olar.Məsələn, 2010, 2013 və 2015 seçkilərinə çox yumşaq rəylər vermişdilər. Müxalifət və QHT onları hakimiyyətlə əlbir olmaqda, kürü diplomatiyasında ittiham edirdi.Anaxeber.az-ın verdiyi məlumata görə, Türkiyə, Rusiya, İran, bir çox qonşu ölkələrin və MDB dövlətlərinin prezidentləri Azərbaycanın rəhbərinə təbriklər göndəriblər. Hələlik Vaşinqtondan münasibət olmasa da, Trampın təbrik məktubu olacağı gözləniləndir. “İlham Əliyev təcrübəli siyasətçidir və onun qələbəsi gözlənilən idi”.Bunu virtualaz.org-a Amerika siyasi texnoloqu Ceyson Smart deyib.“Vaşinqton, prinsip etibarilə, İlham Əliyevin prezidentliyinə qarşı deyil, həm də ki, o, Qərblə münasibətlərdə qırmızı xətti keçməyib”, – deyə ekspert bildirib.“Düşünürəm ki, İlham Əliyev öz siyasətini gələcəkdə də davam etdirəcək. Azərbaycan üçün ölkə siyasətinin indiki istiqamətini saxlamaq əhəmiyyətlidir və biz Qərbdə ümid edirik ki, o, ciddi dəyişikliklərə uğramayacaq”, – deyə Smart vurğulayıb.Bu o deməkdir ki, Azərbaycanda sakit seçki keçirilsə də, hakimiyyət istəyinə nail olsa da, hələ əsl həngamə irəlidədir. Azərbaycan Rusiya ilə Amerikanın getdikcə alovlanan müharibəsində strateji seçim etməli olacaq. Hələlik rəsmi Bakı Ankara-Tehran-Moskva ittifaqının həndəvərinfə dolaşır, Avropa və Amerika ilə münasibətlər ürəkaçan olmasa da, Smartın dediyi kimi, Vaşinqtona qarşı qırmıı xətti keçməmişik. Lakin Kreml-Ağ Ev savaşı qızışdıqca, kataklizmlər başladıqca, İran və Türkiyə də bu siyasi qovğaya qoşulduqca regionda vəziyyət kifayət qədər ağırlaşacaq, Əliyev seçimini etməli olacaq - kimin yanındadır(?) Məhz elə buna görə seçkilər 6 ay qabağa çəkildi...
Anaxeber.azшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net