Ana səhifə

Seçkiqabağı: ABŞ və Rusiya səfirlərinin Bakıda olmamasının - Gerçək üzü...

    Tarix: 19-03-2018 08:49   
  
Azərbaycan hakimiyyətinin növbədənkənar prezident seçkilərinə getməsinə beynəlxalq aləmin reaksiyaları sönük oldu. Qərb təşkilatları erkən seçki təyin olunmasını sükutla qarşıladılar.
AnaXeber.Az yazır ki, yalnız Avropa Parlamenti seçkilərə müşahidəçi göndərməkdən imtina etməklə açıq mövqeyini qoydu. AP rəsmi Bakının seçkisini boykot etmiş oldu.
2015-ci ildən ulduzları barışmayan Bakı AP münasibətləri gərgin olaraq qalmaqdadır. Üç il əvvəl bu qurumun siyasi məhbuslar barədə çıxardığı qətnamə iqtidarı qəzəbləndirmişdi.
Bu seçkiyə də müşahidəçi göndərməkdən imtina etməsi əlaqələrin ürəkaçan olmadığını göstərir. Eyni ərəfədə ABŞ-ın Bakıdakı səfiri Robert Sekutanı geri çağırması Vaşinqtonun açıq mövqeyi idi.
ABŞ-ın məhz seçkiqabağı səfiri çağırması o anlama gəlir ki, “Ağ ev” apreldəki seçkiləri müşahidə etmək istəmir.
Ancaq bu faktı heç də seçkini boykot kimi qiymətləndirmək olmaz. Əksinə, ABŞ üçün seçkilərin şəffaflığı, demokratikliyi təminatı əhəmiyyətli deyil.
Yəni ki, nəticələri indidən legitim hesab edirik. Və Azərbaycan hakimiyyəti seçkilərlə bağlı düzgün strateji zaman seçimi etdiyini göstərdi.
Eynilə 10 il qabaq keçirilən seçkilər də analoji sakitliklə keçmişdi. Müxalifət seçkini boykot etmişdi, Qərb və ABŞ təzyiq siyasəti yürütməmişdi.
O nöqteyi-nəzərdən belə dəyərləndirmək mümkündür ki, Avropa Parlamenti istisna olmaqla Qərb təsisatlarının heç biri hakimiyyəti sıxma-boğmaya salmadılar.
Xüsusilə, səfir Sekutanın Novruz tonqalının üstündən atlamadan ölkəsinə qayıtması seçkilərdə Bakının işinə qarışmayacaqları deməkdir.
Yeri gəlmişkən, Donald Tramp ABŞ prezidenti seçiləndən sonra bəyan etmişdi ki, Amerika öz işləri ilə məşğul olacaq və heç bir ölkənin daxili işlərinə müdaxilə etməyəcək.
Bu açıqlamadan sonra iqtidar qəzetləri, telekanallar Tramp barəsində təriflər yağdırır, Obama administrasiyası dövrünü kəskin tənqid edirdilər.
Trampın dediyi kimi də oldu: ABŞ Dövlət Departamenti Bakıda erkən seçkilər haqda sərt bəyanat vermədi, müşahidəçi gəlib-gəlməyəcəyi bilinmir, səfir də geri çağırılıb.
AnaXeber.Az yazır ki, bəzi analitiklər fərqli düşünürlər. Onlar hesab edirlər ki, Son günlərdə Azərbaycan-ABŞ münasibətlərində gərginlik yaranıb.
İşğalçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanın Vaşinqtona səfər etməsindən sonra Azərbaycan tərəfin Amerikanın ölkəmizdəki səfiri Robert Sekutanı Xarici İşlər Nazirliyinə çağırması, Birləşmiş Ştatlara nota verməsi buna sübutdur.
Bu mövzu ilə bağlı müxtəlif müzakirələrin getdiyi bir vaxtda ABŞ-ın ölkəmizdəki səfirinin bu ayın sonunda Bakını tərk edəcəyi məlum olub. Bu barədə səfirin özü “İnterfax Azərbaycan” saytına məlumat verib.
O, diplomatik missiyasını başa vurduğuna görə martın sonların ölkəsinə dönəcəyini desə də, yeni səfirin kimliyi barədə məlumatsız olduğunu bildirib.
Bu da o anlama gəlir ki, Azərbaycandakı prezident seçkiləri vaxtı seçkilərə birbaşa təsir etmək imkanları olan dünyanın iki nəhəng ölkəsinin, yəni Rusiya və ABŞ-ın səfirləri Bakıda olmayacaq.
Bu faktın istənilən halda 11 aprel seçkilərinə dolayısı ilə təsir edəcəyi bildirilir. Rəsmi Bakının gərginliyin fonunda ehtiyatlı davranışlarını da sezməmək mümkün deyil.
Belə ki, rəsmi dövlət qəzetlərinə diqqət yetirdikdə, heç birində Amerika əleyhinə olan bir yazıya belə rast gəlmək mümkün deyil. Bu da o anlama gəlir ki, rəsmi Bakı ABŞ-la münasibətləri gərginləşdirmək istəmir.
Amma nə Rusiya, nə ABŞ səfirlərinin Azərbaycanda olmaması heç nəyi dəyişmir. Saakyanın isə çağırılması elə də ciddi hadisə deyil. Onu Konqresdə görüş keçirməyə çağırıblar. Bu, Amerikanın rəsmi mövqeyi deyil.
Orada hansısa konqresmenlər ermənilərdən pul alıb, Saakyanı danışıqlara çağırıblar. Bu ABŞ-ın qondarma rejimi tanımağı anlamına gəlmir. Bu heç gözlənilmir də.
Bu, ermənilərin bizi qıcıqlandırmaq üçün növbəti hoqqalarıdır. İstənilən halda bu olmamalı idi. Biz tərəfdən də mehriban münasibət olmalıdır.
Yəni, ABŞ-ın Bakıdakı radosu açılmalıdır, MDİ və s. təşkilatların qapısından möhür götürülməlidir. Bundan əlavə, siyasi məhbus qalmamalıdır.
Və hakimiyyətin aprel seçkilərini sakit keçirərək mayda bu islahatlara gedəcəyi istisna edilmir.
AnaXeber.Az
Turanшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net