Ana səhifə

YAP-ın revanşı - köhnə qvardiyanın aprel yüksəlişinin - Pərdəarxası

    Tarix: 13-02-2018 03:33   
 YAP-ın revanşı - köhnə qvardiyanın aprel yüksəlişinin - Pərdəarxası

Növbədənkənar prezident seçkilərinin keçirilməsi Yeni Azərbaycan Partiyasını siyasi arsenala çıxardı. AnaXeber.Az yazır ki, hakimiyyətin siyasətində son illər hakim partiyanın rolu əhəmiyyətli dərəcədə zəifləmişdi.
YAP bir siyasi qüvvə olaraq iqtidarın idarəçiliyində lokomotiv deyildi və bu, referendumdan sonra qabarıq şəkildə müşahidə olunurdu. Vitse-prezidentlik institunun yaradılması siyasi güclərin onun ətrafına birləşməsi zərurətini yaratmışdı.
Ona görə də YAP hakimiyyətin siyasi episentrindən kənarda qalmışdı. Partiyanın cəmiyyətə təsiri, iqtidarın verdiyi qərarlarda rolu demək olar yox idi.
Bu siyasi boşluğu aradan qaldırmaq zərurəti var idi. Çünki hakimiyyətdəki ana iqtidar, əsas güc mərkəzləri və 90-lardan gələn nazirlər məhz YAP-ın bayrağı altında sıx birləşmişdilər.

Onlara mətbuatda köhnə qvardiya da, ənənəvi klan da deyirlər. Bu qrupların idarəçilik prinsipləri partiya siyasəti ilə həyata keçirilirdi.
Amma son illərdə YAP siyasətin mərkəzindən qıraqda saxlanmaqla islahatların lokomotivi olmayan komanda təəssüratı yaratmağa başlamışdı.
İqtidar yetkililərinin çıxışlarında da YAP-dan söz açılmırdı. O baxımdan apreldə keçiriləcək seçkilər hakimiyyət partiyasını ön plana çıxardı.
Partiyanın VI qurultayında komandanın qocaman üzvlərinin daha məmnun görünməsi və ürəkdən alqışları da hiss etdirirdi ki, YAP revanş götürüb. Bu revanş isə həm də köhnə qvardiyanın təzədən yüksəlişi idi.
Partiyanın sədr müavini Əli Əhmədovun çöhrəsindəki xoşbəxtlik, Baş nazirin müavini Əli Həsənovun sevinci və digər YAP-çıların təbəssümü hakimiyyətdəki yeniçərilərin reaksiyalarından ciddi şəkildə fərqlənirdi.
Bu qurultay hakimiyyət daxilində prezidentliyə ayrı namizəd görənlərə bir cavab idi. Beləliklə, YAP siyasi poliqona qayıdaraq özünü reabilitasiya etməyə başlayır.
Ancaq hər şey partiyanın Siyasi Şurasının və İdarə Heyətinin tərkibi formalaşandan sonra məlum olacaq.
YAP yeni üzvlərlə təşəkkül taparsa, o zaman islahatların növbəti raundunun mərhələli başladığını, partiyanın köhnə qvardiyadan alındığını iddia etmək olacaq.

AnaXeber.Az yazır ki, hakim elita komandanı dəyişmək, paradiqmaları yeniləməyi düşünür. Bu, çox sadə baxışla fərq edilən reallıqdır.
"Köhnə qvardiya” isə asanlıqla təslim olmur. Mübarizə şiddətlə davam etməkdədir. Bunun təzahürüdür ki, növbədənkənar seçkilər təyin olundu.
Qərar məhz köhnə qruplaşmanın ürəyincə idi. Onların arzusunu da iki ay qabaq Zahid Oruc təklif şəklində dilə gətirmişdi.
İndi isə hakimiyyət dəhlizlərində baş verənlər şəksiz ki, gələcək mübarizə dönəmində həlledici amilə çevrilə bilər. Çünki neft pullarının total gəldiyi dövrdə xeyli sayda məmur nəzarətsiz şəkildə varlanıb, beynəlxalq əlaqələr qurub, ehtiyat meydançalar və instrumentariumlar yaradıb.
Ayrı-ayrı məmurların ciddi siyasi, hərbi, kommunikativ, beynəlxalq, maliyyə resursları onları siyasi mübarizənin elementlərinə çevirə bilib. Zamanında mərhum prezident Heydər Əliyev belə təsadüfliklərə yol vermirdi.

Lakin bu, sonrakı dönəmdə mümkün oldu. İndi isə məmurlar həlledici güc sahibidir. Necə davranacaqlarını, hansı addım atacaqlarını proqnoz etmək çətindir.
Beynəlxalq çevrələrin də qarşıdakı seçkilərə münasibəti bilinmir. Misal üçün, son Davos sammitində prezidentin ciddi protokol görüşü baş tutmadı.
Baxmayaraq ki, Davos siyasi rəhbərliklərin təması üçün ən münasib meydança sayılır. Hələlik dünya liderləri açıqda demokratiya və insan haqları məsələlərində reputasiyası o qədər də yüksək olmayan Azərbaycan rəhbərliyindən məsafə saxlayır. Bu vəziyyət prezident Əliyevin BMT-yə səfəri zamanı da sezildi.
Hakimiyyət daxilində menecment vurğuları dəyişib. Bu, kadr qərarlarının qəbulu ünvanına da, idarəçilik fəlsəfəsinə də, hətta idarə edən şəxslərin özlərinə də aiddir. Zahirdən tam görünən iqtidar komandasında idarəçilik dreyf edib.
Artıq 3-5 il əvvəl qərar qəbul edən şəxslər prosesdə tam iştirak etmirlər. Düzdür, bu asanlıqla və rəvan getmir. Müqavimət güclüdür. Bununla belə, nələrsə edilir. Ölkə islahatlara hamilədir.
Bütün bunlara rəğmən, qoca qvardiya YAP-ın timsalına bir müddətlik revanş götürə bildi və qaykaları bərkitməyə nail oldu.

AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net