Ana səhifə

İki od arasında - Əliyev “Putin hesabatı” koalisiyasına qoşulacaqmı? - Risk...

    Tarix: 31-01-2018 08:36   
İki od arasında - Əliyev “Putin hesabatı” koalisiyasına qoşulacaqmı? - Risk...

Rusiya prezidenti Vladimir Putin ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi “Kreml məruzəsi”inə görə “inciyib”.
Putinin “inciməsinə” səbəb onun adının siyahıda yer almamasıdır. “Xətrimə dəyiblər”-rus prezident ironiya ilə bildirib.
Daha sonra məsələyə ciddi tonda reaksiya verərək deyib: “İt hürər, karvan keçər. Özümüz haqda daha çox düşünməliyik. İqtisadiyyatla, kənd təsərrüfatı ilə, ixracın dəstəklənməsi, təhsillə daha çox məşğul olmalıyıq.
Və onda dərk edəcəyik ki, hansısa sanksiya siyahısı hazırlamağa, təhdidlərə ehtiyac yoxdur. Biz “it hürər, karvan keçər” məşhur deyimi əsasında hərəkət etməliyik”.

AnaXeber.Az yazır ki, amma Putin də yaxşı bilir ki, “it hürüb karvan keçməyəcək” və istehza, təkəbbürlə danışmaq daxili auditoriyanı sakitləşdirməyə hesablanıb.
Yaxın keçmişdə sanksiyaların Rusiya iqtisadiyyatını və rublu nə qoyması rusların xatirindən silinməyib.
Ölkə ciddi şəkildə ağır vəziyyətlə qarşılaşdı. Doğrudur, daxili istehsalat Rusiyanı tam çökdürmədi və yavaş-yavaş dirçəlməyə başladılar. Lakin növbəti sanksiya ölkəni təkrar düşdüyü vəziyyətə qaytara bilər.

İkincisi, oliqarxların adlarının siyahıya salınması Putinlə onları üzbəüz qoymağa hesablanmış taktik gedişdir.
ABŞ martda keçiriləcək seçkilər ərəfəsində Putinin oliqarxiya ilə iqtisadi müharibəyə sürükləyir.
Üstəgəl, bu sanksiyalar qüvvəyə minərsə, ABŞ-ın strateji müttəfiqləri həmin oliqarxların şirkətləri ilə əməkdaşlığa edə bilməyəcəklər. Hətta Avropanın da sanksiyalar qoşulması riski var.
Digər tərəfdən isə analitiklər hesab edirlər ki, ABŞ sanksiyaları tətbiq etməyəcək, sadəcə təhdid etməklə “əzələ” nümayiş etdirir. Amma bu, heç yaxşı zarafat deyil. Özü də “rus ayısı” ilə...
“Kreml hesabatı” adlanan sənəd iki hissədən ibarətdir və mətbuata açıqlanmayan məxfi hissəsi də var.
Məxfi bölümdə siyahıda adları olan şəxslərin harada, nə qədər aktivlərə, mal varlığına malik olduğuna dair məlumatlar, eləcə də əlavə siyahının ola biləcəyi ehtimal edilir.
Açıq siyahıya Azərbaycan əsilli 4 iş adamının (Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, Qod Nisanov) da adı daxil edilib.
Oradakı iş adamlarının və oliqarxların bilinən ümumi varidatı 386 milyard dollardan çoxdur.
Əvvəla, məqsəd budur ki, siyahıya düşənlər basqı altına alınır, hesab edilir ki, onlar gələcək sanksiyalardan yayınmaq üçün Putinə təsir-təzyiq göstərərək Rusiyanın siyasətində dəyişikliyə nail ola bilərlər.
Mümkün olarsa, Putinlə həmin oliqarxların üz-üzə qoyulması, aralarının açılması da hədəflənir. Lakin bu iki düşüncənin gerçəkləşmə ehtimalı azdır.
Əgər hər hansı real nəticə əldə olunmasa, onda həmin şəxslərə qarşı real sanksiyaların (səyahət qadağası, aktivlərinin dondurulması, dollar sistemindən təcrid və s.) tətbiqinə başlanacaq.

AnaXeber.Az yazır ki, “Kreml hesabatı”nın Azərbaycan hakimiyyəti üçün riskli tərəfləri var. Rəsmi Bakı arzuolunmayan siyasi şəraitdə dilemma qarşısında qala bilər.
ABŞ sanksiyaların tətbiqinə başladığı halda, Azərbaycandan onun yanında olmağı tələb edə bilər.
Onsuz da Rusiyanın təzyiq və təxribatları Bakını tez-tez siyasətində kövrək addımlar atmağa vadar edirdi, indi iqtidar “yaman yerdə axşamlaya” bilər. Hadisələrin ən pis tərəfi Azərbaycanda seçki ilinə təsadüf etməsidir.
İlham Əliyev diplomatiyada Rusiya amilini hər rakursda nəzərə alır. Bu baxımdan hakimiyyətin Moskva ilə yaxınlaşmasından sonra Vaşinqton anti-Kreml koalisiyasında Bakını görmək istəyə bilər.

Azərbaycan hakimiyyəti isə hər iki tərəfi qıcıqlandırmaq istəmir və bilir ki, ayağını hansı zolağa qoyarsa, minaya düşmüş olacaq.
Əlbəttə, indi Ağ evin Bakıdan konkret tələbi yoxdur. Amma həm təzyiq göstərmək, həm strateji seçim etməsi üçün yaxın aylarda tələblə çıxış edə bilər.
Ukraynanın keçmiş prezidenti Yanukoviçin Qərbdən üz çevirib Moskvaya qucaq açması da o dövrdə Kiyev hakimiyyətinin müqəddəratını təyin etmişdi.
Ukrayna Yanukoviçin səhvinin böyük bəlasını çəkdi - Luqansk, Dombas alova büründü, Krım əldən çıxdı, Kiyev Qərbin oldu.
Ukrayna belə strateji seçim qarşısında olmasaydı, əsl o hadisələr yaşanmayacaqdı. Heç ukraynalıların Yanukoviçi devirmək planları da ağlından keçmirdi. Ancaq strateji seçim - iki od arasında qalmaqdır.

Bakı da belə riskli və xoşagəlməz situasiyaya, alovun həndəvərinə yaxınlaşdırılır. Hakimiyyət qeyri-ixtiyarı olaraq regionda gedən proseslərin tərkib hissəsinə çevrilir.
Əliyev isə bu oyunda iştirakı olmaq istəmir. Əksinə, ona məhz 2018-ci ili sakit başa vurmaq su-hava kimi lazımdır.
Ancaq ox yaydan çıxıb və ABŞ konqresinə göndərilən sanksiya siyahısı Putini bərk qəzəbləndirib. Rusiyanın Amerikaya cavabı çox ağır olacaq.
Bu qaynar qazanın içində isə Azərbaycan özünü yandırmamaq üçün dost əlini nə okeanın o başına, nə sərhədin bu başına sidq-ürəklə uzatmalıdır. Bakının tək yolu var - enerji layihələrində peşəkar oyunçu rolunu genişləndirmək...
AnaXeber.Az
Turan
шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net