Ana səhifə

Moskva - Tehran - Ankara bermudu - Qərb Bakını seçki ilində orbitdən qoparacaqmı?

    Tarix: 08-01-2018 08:54   
Moskva - Tehran - Ankara bermudu - Qərb Bakını seçki ilində orbitdən qoparacaqmı?

Türkiyə, Rusiya və İran ittifaqı rəsmi Bakını bermud üçbucağının həndəvərinə kifayət qədər çox yaxınlaşdırıb.
AnaXeber.Az-ın verdiyi məlumata görə, üç qonşu ölkə ilə münasibətlərin yetərli qədər normal fazada irəliləməsi Azərbaycanı Avropa orbitindən seçki ilində uzaqlaşdırır.
Rəsmi Bakının regiondakı siyasi kataklizmlər qarşısında üçlük formatından özünü təcrid etməsi riskli ola bilər.
Onsuz da 2018-ci ildə Azərbaycan TANAP layihəsinin icrasına başlamaqla Qərbin ürəyincə olan addım atacaq.
Bu xüsusatda Moskva-Tehran-Ankara yaxınlaşması hər nə qədər anti-Qərb koalisiyası olsa belə, Bakının onların yanında olması hələ strateji seçim kimi qiymətləndirilə bilməz.
Avropa və ABŞ siyasi kulislərində yaxşı bilirlər ki, Azərbaycan prezidentinin enerji layihələrində əməkdaşlığa üstünlük verdiyi Avroatlantik məkandır.
Bununla belə, Azərbaycan hökuməti özünü aldada və acizlik nümayiş etdirə bilməz. Hakim elita kluarlarında vacib bir məsələ nəzərdən keçirilir: Moskva-Tehran-Ankara ittifaqına yaxınlıq seçki ilində Qərbdən hansı təzyiqlərlə müşayiət oluna bilər?!
İqtidar başbilənləri arasında onu da təhlil edirlər ki, bu ilin martında Rusiyada prezident seçkiləridir, İranda ara qarışıb, bu üçlükdən hələ ki yeganə sakit region Türkiyədir.
Belə mürəkkəb vəziyyət ABŞ üçün göydəndüşmə fürsətdir. Elə Moskva-Tehran-Ankara koalisiyasının daha sıx əməkdaşlıq etməsinə də yaxşı imkanlar yaranıb.
Kreml Ankaranı Qərbin orbitindən qoparmaq, Türkiyə isə Tehrana anti-İsrail siyasətində dəstək vermək niyyəti güdür.
***
AnaXeber.Az-ın verdiyi məlumata görə, marta qədər Azərbaycanda seçkilərlə bağlı hər hansı xarici təhdid gözlənilmir.
Rusiyanın başı öz seçkisinə qarışacaq, Tehran ölkə daxilində sabitliyi bərqərar etməyə və sonrakı proseslərə nəzarəti gücləndirməyə yönəlik siyasət strategiyası yürüdəcək, Vaşinqton isə Türkiyəni İsraillə münasibətləri qaydasına salmağa təhrik edəcək.
Bu halda rəsmi Bakıya seçki ilində təzyiqlər yalnız Avropa İttifaqı, Avropa Parlamenti və ABŞ Dövlət Departamentindən ola bilər.
Dekabrda əfv fərmanının olmaması, REAL həmsədri İlqar Məmmədovun həbsdə qalması, siyasi məhbus siyahısının təşkilatlar tərəfindən yenilənməsi, AŞ PA-nın yanvar sessiyasında gərgin müzakirələr gözləntisi xaricdən təzyiqlər üçün əsas ola bilər.
Hazırda anti-Qərb ritorikası, dövlət qəzetlərində, iqtidar mediasında Avropa, ABŞ siyasəti haqda tənqidi materiallar səngiyib.
Rəsmi Bakı Qərbdən sərt bəyanatlar olanda açıq mətnlə cavab verməyə adətkardır. Hərçənd, Rusiyadan təzyiqlər gələndə reaksiyanın leksikonu dəyişir.
Avropanın təzyiqləri isə bir yandan seçki ilinə görə mövsümi xarakter daşıya bilər, digər tərəfdən rəsmi Bakını üçlük formatından uzaqlaşdırmağa hesablanacaq.
Yəni, indiki halda bu yaxınlaşma Bakının seçim etməsi olmaya bilər, amma ABŞ Azərbaycanı Türkiyə-Rusiya-İran koalisiyasının yanında görmək istəmir.
Ancaq onu demək lazımdır ki, bu anti-ABŞ ittifaqının ömrü bir az uzun çəkəcək. Ona qədər isə İran daha ağır siyasi çəkişmələrə, kataklizmlərə sürüklənə bilər.
***
Rusiyada mart seçkilərində fors-major hadisələr istisna edilmir. Tramp administrasiyasının Moskvaya loyal münasibətinə baxmayaraq, Senat və Konqress aqressiv mövqeyindən əl çəkməyib.
Bu halda MKİ-nın seçkilər ərəfəsində Rusiyada nələr planlaşdırdığını proqnoz etmək çox çətindir. Əslində, martda Rusiyanın qarışması Azərbaycan üçün sərfəli fakt ola bilməz.
Bir yandan şimal və cənub qonşularında inqilab rüzgarlarının əsməsi, 3 milyon azərbaycanlının Rusiyada, 30 milyon həmvətənimizin İranda yaşamasını da əlavə eləsək, 2018-ci ilin ilk aylarının bu iki dövlətdə necə keçəcəyi Azərbaycanın da siyasi həyatında öz təsirini əks etdirəcək.
Odur ki, rəsmi Bakı da, Azərbaycan xalqı da İran və Rusiyanın qarışmasını arzulamır. Bu halda Azərbaycan İranın vurulması üçün aerodroma çevrilməyə məcbur edilə bilər.
Rəsmi Bakı Tehran və Moskva siyasətində konkretdir: yaxşı qonşuluq və dostluq prinsiplərini qoruyub saxlamaq. Hakimiyyət qəti şəkildə cənub və şimal qonşularını qıcıqlandırmaq istəmir. Çünki hər iki ölkədə idarəçilik anti-demokratikdir və əllərində Azərbaycan əleyhinə kifayət qədər resurslar var. Bu potensial həm milli, həm dini ayrı-seçkilik salmaq, separatçılığı alovlandırmaq, məzhəblərarası qarşıdurmalar yaratmaqdan ibarətdir. Ona görə də qarşıdakı aylar Tehran-Moskva-Ankara ittifaqının fəaliyyəti baxımdan əhəmiyyətlidir...
AnaXeber.Az
Turanшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net