Ana səhifə

Putinin MDB prezidentlərini Kremlə çağırmasında sensasion proje - Gizlinlər

    Tarix: 25-12-2017 09:07   
  Putinin MDB prezidentlərini Kremlə çağırmasında sensasion  proje - Gizlinlər
Dekabrın 26-da MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, sammit Rusiyanın paytaxtı Moskvada baş tutacaq.
Artıq sammitə Özbəkistan prezidenti Şövkət Mirziyayev qatılacağını açıqlayıb. Digər dövlətlərdən isə hələlik heç bir rəsmi açıqlama verilməyib.
MDB-yə hazırda 11 dövlət üzvdür. Azərbaycan da bu ölkələr sırasında yer alıb. Təşkilata keçmiş sovet dövlətlərindən yalnız Baltikyanı ölkələr və Gürcüstan qoşulmayıb.
Ukrayna isə 2014-cü ildən bu yana MDB-nin görüşlərində yalnız səfir səviyyəsində iştirak edir.
MDB dövlət başçılarının növbəti sammiti qeyri-rəsmi müzakirələr müstəvisindən uzağa getməyəcək. Belə toplantılar daha çox Moskvaya lazımdır.
Əvvəla, MDB postsovet məkanındakı dövlətlərin inteqrasiya modeli kimi özünü doğrultmayıb.

Bu qurumun rəsmi və qeyri-rəsmi sammitlərinin üzv ölkələrin mövqeyinə, ictimai-siyasi həyatına hər hansı bir formada təsiri yoxdur.
MDB-nin sammitləri adətən üzv ölkələrin rəhbərlərinə ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlığın perspektivləri barədə müzakirələrin aparılmasına imkan yaradır.
MDB mövcud olduğu 26 il ərzində üzv dövlətlərin daxili və xarici siyasətinin önəmli tərkib hissəsinə çevrilə bilməyib.
Birliyin Parlament Assambleyasının və digər orqanlarının fəaliyyəti əsasən formal xarakter daşıyır.
MDB-nin real əməkdaşlıq platformasına çevrilməsinə mane olan əsas səbəblərdən biri qurumda mövcud olan etimadsızlıq mühiti ilə bağlıdır.
Analitiklər bildirirlər ki, üzv dövlətlərin suverenliklərinin məhdudlaşa biləcəyi təhlükəsi MDB-nin mərkəzi orqanlarının formalaşmasına və işlək strukturlara çevrilməsinə maneə yaradır.
Təbii ki, Rusiyanın davranışları da belə təhlükənin real olduğuna əsas verir. MDB müasir dünyanın siyasi sitemində də öz yerini tapa bilməyib.
Bu gün hətta daha kiçik regional əməkdaşlıq platformaları MDB-dən daha perspektivli və cazibədar görünür.

Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, Kreml hələ də postsovet ideoloji irsindən, “imperiyanın mərkəzi” kompleksindən qurtula bilməyib.
Əslində, Rusiyanın yüksək siyasi dairələrində də, dünyada da MDB-nin zorən diskussiya klubu olduğunu yaxşı başa düşürlər.
MDB hazırda müəyyən qədər Rusiyanın ictimai rəyinə ideoloji təsir mexanizmi rolunu oynayır.
Qismən də daha müstəqil siyasətə can atan üzv dövlətləri mümkün qədər bir arada saxlamaq üçün vasitə missiyasını yerinə yetirir.
Bu səbəbdən MDB-nin toplantılarını nəinki qlobal, hətta regional siyasi hadisə kimi də dəyərləndirmək mümkün deyil.
Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşmə ehtimalına gəldikdə, bunun üçün hazırda hər hansı bir əsas görünmür.
Əgər olacaqsa da bu, daha çox ilin sonunda danışıqlar prosesinin davamı və problemin sülh yolu ilə həllinin tükənməməsinə dair mesajların verilməsi ilə bağlı olacaq. Çox güman ki, belə bir görüş baş tutmayacaq.
Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, Moskva əslində, Vaşinqtona MDB ilə bağlı yeni ssenarilər hazırlayır.
Bunu bir sıra MDB ölkələrində baş verən hakimiyyət dəyişikliyi, inqilablar, hökumətə qarşı etirazlar da sübut edir. ABŞ və Rusiya hazırda bir-birini müxtəlif sahələrdə ciddi ittiham edir.

Bu isə Vaşinqtonla Moskva arasındakı gərginliyi daha da körükləyir. MDB-də baş verən son hadisələr də bu çəkişmələrin nəticəsidir.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin məqsədi Kremlin maraq dairəsində olan regionlarda xarici ölkələrin nüfuzunun artmasının qarşısını almaqdır.
Əslində, ötən il ABŞ Administrasiyasının bir çox MDB ölkələri ilə münasibətlərində gərginlik yaşandı. Çünki ABŞ-ın həmin ölkələrin daxili işlərinə müdaxiləsi artmışdı.
O üzdən Narışkinin həmin açıqlamasında müəyyən həqiqət payı var. Ancaq hazırkı ABŞ Administrasiyası fərqli siyasət apardığından bu barədə birmənalı fikir söyləmək çətindir.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin Moskvada keçirilən iclasında Rusiyanın siyasi rəqiblərinin MDB ölkələri arasındakı ticarətin artırılmasına, hesablaşmalarda milli valyutadan istifadəyə və tranzit imkanlarının inkişafına problem yaratdığını bildirib: “ABŞ-ın bu fəaliyyəti onun bizim ölkələrə qarşı hibrid müharibəsi aparmasını deməyə əsas verir”.
Qeyd edək ki, MDB Antiterror Mərkəzinin 2018-ci il üçün planlaşdırılan fəaliyyəti, təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının işinin səmərəliliyinin artırılması və növbəti il üçün iş planı müzakirə edilib.
Şura 1997-ci ildə yaradılıb. Onun əsas vəzifəsi beynəlxalq xarakterli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində və xüsusi xidmət orqanlarının fəaliyyətinin razılaşdırılmış digər sferalarında səmərəli əməkdaşlığı təmin etməkdir.
Beləliklə, Moskvada MDB prezidentlərinin qeyri-rəsmi toplantısı məhz regionu gözləyən kataklizmlər, terror, siyasi hakimiyyət dəyişiklikləri təhlükəsinin qarşısını almaq yollarının müzakirəsi olacaq.

Yəni, Putin prezidentlər həyəcan təbili çalaraq mesaj verməyə çalışacaq ki, gələn ilin martında Rusiyada seçkilər keçiriləcək, vəziyyət mürəkkəbdir, Kremlə yaxın dövlətlərdə siyasi çaxnaşmalar yaratmaq istəyən qüvvələr var və başında “Ağ ev” dayanır.
Anaxeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net