Ana səhifə

Bakı Aİ ilə toqquşmada - Əliyevi Brüsseldə çətin suallar gözləyir - Gərginlik

    Tarix: 20-11-2017 05:00   
 Bakı Aİ ilə toqquşmada - Əliyevi Brüsseldə çətin suallar gözləyir - Gərginlik

Rəsmi Bakını noyabrın 24-də növbəti beynəlxalq sınaq gözləməkdədir. Anaxeber.Az-ın verdiyi məlumata görə, Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərinin sammiti asan keçməyəcək.
Qərblə münasibətləri heç cürə yoluna qoya bilməyən və hər mərhələdə siyasi təzyiqlərlə üzləşən hakimiyyət Brüsseldə solaxay suallarla qarşılaşa bilər.
Artıq “Sərhədsiz Reportyorlar” və daha 37 beynəlxalq hüquq müdafiə təşkilatı Avropa İttifaqına Azərbaycanla bağlı məktub göndərib.
Məktubda Aİ liderlərindən sammitə qatılacaq Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırış olunub.
Beynəlxalq təşkilatlar hesab edirlər ki, ölkədə insan haqlarına basqıları dayandırmaq lazımdır və siyasi məhbuslar azad olunmalıdır.
Rəsmi Bakı Aİ-na ünvanlanan məktuba reaksiya verməyib. Aİ-nın da beynəlxalq təşkilatların müraciətinə cavabının nə olacağı məlum deyil.
İ.Əliyevin isə sammitdə ona veriləcək suallara cavabları aydındır: sərbəst toplaşma, söz və mətbuat azadlığı var, demokratik dəyərlərə, fikir plüralizminə hörmət olunur, heç kəs fikirlərinə görə təqib olunmur, həbs edilmir...
***
Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir. “Şərq Tərəfdaşlığı” Avropa İttifaqının 6 qonşu ölkəsini əhatə edir.
Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.
Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa İttifaqı və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər.
2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib.
Prezidentin ayın sonuna yaxın Brüsselə səfəri və sammitdə iştirakı bu qurumla münasibətlərdə ciddi gərginlik yarada bilər.
Hər halda Aİ hüquq müdafiə təşkilatlarının məktubuna rəy bildirəcək. Rəyin hansı formada olacağını söyləmək çətindir.
Lakin rəsmi Bakı ilə Aİ arasında əlaqələri gərginləşdirmək cəhdi müşahidə olunur. Əlbəttə, Azərbaycan hakimiyyəti həmin təşkilatların siyahısında siyasi məhbus statusu qazanmış dustaqları azad etməyi düşünmür.
Bir həftə ərzində hansısa siyasi dəyişikliklər də nəzərdə tutulmur. O baxımdan Aİ hüquq təşkilatlarının məktubuna iki gözlə nəzər yetirməli olacaq: ya təzyiqlərə start, ya da baş verənlərin üzərindən sükutla keçmək...
Belə məlum olur ki, İ.Əliyevi sammitdə çətin suallar gözləyir və təzyiq kampaniyasına başlanacaq. İqtidar mediası da öncədən Avropa İttifaqına yönəlik mesajlar verməkdədirlər.
***
Anaxeber.Az-ın məlumatına görə, rəsmi Bakı ilə nə Avropa Parlamentinin, nə Avropa Şurasının münasibətləri mehribandır.
Hətta Azərbaycanın AŞ-dan çıxmaq məsələsi aktualdır. İ.Əliyev də YAP-ın 25 illik yubileyində bildirdi ki, kimsə bizi üzvlükdə məcburi saxlaya və ya xaric edə bilməz.
Belə nəticə hasil olur ki, hökumətlə Qərbin mühüm qurumları arasında əlaqələr getdikcə pisləşir və müsbətə doğru irəliləyiş müşahidə olunmur.
Əgər Azərbaycan AŞ-dan çıxarsa, ölkə müasir və liberal dünyadan izolyasiya siyasətini seçmiş olacaq.
Bunun üstünə bir də Brüsseldə keçiriləcək sammit öncəsi Aİ ilə gərginlik yaranması heç yaxşı əlamət deyil. Əksinə, rəsmi Bakı bütün Qərb təşkilatları ilə müharibə şəraitində görsənir.
Hüquq müdafiə təşkilatları da hakimiyyətlə Aİ-nın arasını vurmaq üçün olduqca həssas məqamda məktub göndəriblər. Belə desək, seçkiqabağı Azərbaycan hakimiyyəti əməlli küncə sıxışdırılıb.
Amma bunun təkcə günahkarı Qərbin təzyiq etməklə öz maraqlarını təmin etməsi deyil, həm də iqtidarın ölkədə siyasi fəaliyyəti məhdudlaşdırmasıdır.
Azərbaycanda siyasi mühit getdikcə daralır, fəaliyyət azadlığı məhdudlaşır, medianın imkanları buxovlanır, fərqli fikir sahibləri, aktivistlər təqib olunur, iş yerlərindən çıxarılır, həbsə atılır.
Aİ, AŞ, AP və s. Qərb təşkilatlarının təzyiqləri də məhz idarəçilik modeli avtoritar, qapalı ölkələrədir.
O ölkələrdə ki yarımçıq demokratiya var, qismən qeyri-azad ölkələrdir, beynəlxalq hüquq təşkilatları nisbətən göz yumurlar.
Azərbaycan isə son illərdə tam azad olmayan ölkələr siyahısına salınıb. Hər halda Brüssel sammiti ağır keçəcək.
***
Noyabrın 24-də olacaq sammit öncəsi gərginlik və məlum məktub Rusiyanın 5-ci kolon şəbəkəsinin çörəyinə yağ çəkir.
İqtidarda olan ruspərəst qüvvələr İ.Əliyevin seçkiqabağı Qərb dünyası ilə münasibətlərinin getdikcə ağırlaşması, pisləşməsi üçün dəridən-qabıqdan çıxırlar.
Məsələn, Azərbaycanın Avropa İttifaqı ilə "Yeni Qonşuluq Siyasəti" Proqramına daxil olması ərəfəsi, Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının qəbul olunması zamanı, Azərbaycan ilə Avropa İttifaqı arasında “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanması zamanı, Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi imzalanması zamanı bu cür müraciətlər, məktublar meydana gəlir.
Avropa təsisatlarında Azərbaycana qarşı bəyanatlar, qanun layihələri hazırlayan şəxslər həm də Kremlə gizli şəkildə bağlı olan sosialistlərdir.
Kreml heç bir halda Azərbaycanın Aİ ilə yaxınlaşmasını istəmir. Yaxınlaşma baş verən ərəfədə Moskva öz əlaltıları vasitəsi ilə Azərbaycana qarşı Avropadan təxribatlar törədir və münasibətləri pozmağa çalışır.
Anaxeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net