Ana səhifə

Bunlar həmin deputatlardır ki...

    Tarix: 10-11-2017 09:16   
Bunlar həmin deputatlardır ki...

Milli Məclisin təyinatlı deputatları ilin sonunda gedən büdcə müzakirələrində xor kampaniyasının iştirakçılarına çevriliblər. İlin axırında manipulyasiya xarakterli çıxışlar cəmiyyətdin “gözünə kül üfürməyə” hesablanıb.
Siyavuş Novruzov millət vəkillərinin maaş azlığından gileylənir, Elmira Axundova səhiyyədə əmək haqlarının az olmasında hökuməti qınayır, Musa Quliyev bütün sahələr üzrə maaş artımına çağırış edir, bir başqası bazarlarda qiymətlərin ucuzlaşması üçün müraciət edir, daha nələr, nələr...

AnaXeber.Az-ın Analitik Qrupu yazır ki, parlament büdcə müzakirələrində az qala hökumət qarşısında müxalifət kimi özünü təqdim edir.
Deputatlar tənqidçi donu geyinərək icazəli qəhrəmanlıq nümayiş etdirir, xalqa canıyananalıq göstərir, guya millət vəkilləri rolunda çıxış edirlər.
Onlar həmin deputatlardır ki, il ərzində Milli Məclisə gələn mürtəce layihələrin leyhinə səs veriblər, xalqın və ölkənin siyasi-iqtisadi azadlıqlarının əleyhinə olan qanunların qüvvəyə minməsinə yekdilliklə əl qaldırıblar.
Bu parlamentin indi əhalinin dərd-sərindən danışması, qiymətlərdən, bahalıqdan, maaş azlığından şikayətlənməsi sadəcə, ilin sonunda büdcə müzakirələri ilə bağlı imitasiyadır.
Millət vəkilləri yaddaşı qurdalasalar xatırlayarlar ki, 2017-ci ilin dövlət büdcəsi 645 milyon manatlıq kəsirlə icra olunub. 645 milyon isə DYP cərimələri, iş adamlarına yerli-yersiz sanksiyalara doldurulmağa başlandı.
Yəni, büdcə 2016-cı illə müqayisədə azalmışdı. Dövlət 17 milyarda yaxın gəlir, 18 milyarddan çox isə xərc hesablamışdı.
2016-cı ilin büdcəsində son dəyişiklikdən sonra sosial müdafiə xərcləri 2,699 milyard manat proqnoz edilmişdi, 2017-ci ilin büdcəsində 2,118 milyard manat- 581 milyon manat, yəni 20 faiz azalma var.
Bu fakt onu göstərir ki, hökumət ikinci devalvasiyadan sonra sosial müdafiə xərclərini artırdığını cəmiyyətə nümayiş etdirmək üçün büdcədə həmin maddəni dəyişdi, reallıqda isə həmin vəsaiti xərcləmədi.
Bu, o deməkdir ki, son 2 ildə baş verən kəskin devalvasiya və onun doğurduğu inflyasiyaya rəğmən sosial müavinət, pensiya və büdcə işçilərinin maaşlarında artım gözləməyə dəyməzdi. Belə də oldu. 2017-də xalq özü özünü dolandırdı.
Ən çox azalma investisiya xərclərindədir - 1,142 milyard manat və ya 38 faiz azalma var. Hökumətə yaxın şəxslərdən kimsə demişdi: hökumət gərək xalqa açıq desin ki, kəmərləri sıxmaq vaxtıdır.
2006-cı ildə böyük neft pullarının axını başlayanda Neft Fondundan büdcəyə transfertlərin həcmini sürətlə artırıb dövlət büdcəsinin böyüməsi necə müsbət tonda təbliğ olunurdusa, indi də fonddan büdcəyə köçürmələri o sürətlə azaldıb, büdcənin kiçilməsini də eyni coşqu ilə müsbət tonda təbliğ edirlər.

AnaXeber.Az-ın Analitik Qrupu yazır ki, xarici şirkətlər, investorlar 2017-ci ildə ölkəni tərk etməyə başladılar.
Bütün bunlardan sonra deputatların son çıxışları ictimai rəydə spekulyasiyalar etməklə baş girləməkdir. Hökumət-parlament qarşıdurması hər büdcə müzakirəsində dekorativ xarakter daşıyır.
2018-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın proqnozlaşdırılıb.
2017-ci ilin dövlət büdcəsində neftin 1 barreli 40 dollardan hesablanmışdı. Bu il isə neftin qiyməti 45 dollar səviyyəsində götürüləcək.
2018-ci ilin büdcə layihəsi, eləcə də son zamanlar baş verən iqtisadi hadisə və proseslərin təhlili göstərir ki, Azərbaycan hakimiyyəti neft bumu dövründəki köhnə siyasəti bərpa edir.
Görünür, iqtisadi islahata gedə bilməyən hökümət nə yolla olursa olsun növbəti ildə iqtisadi artıma çıxmaq istəyir.
Növbəti ilin hakimiyyət üçün önəmi hətta onları köhnə qaydalarla da olsa iqtisadi dəyişiklərə nail olmağa məcbur edib.
Belə ki, növbəti ildə dövlət investisiyalarını 6,8 milyard manat proqnozlaşdıran hökümət onun 4,9 milyard manatını və ya 72 faizini büdcədən maliyyələşdirmək niyyətindədir.

Digər tərəfdən də bu il tənəzzülü kənd təsərrüfatı və xirmət sektorunun hesabına dayandırmağı hədəfləyən və ona nail ola bilməyən hökümət gələn ildən dövlətin əsaslı kapital qoyuluşuna daha çox vəsait ayırmaqla məcmu təklifi artırmaqda və xüsusilə də tikinti sektorunda işgüzar mühiti bərpa etməkdə israrlı görsənir.
2018-ci il üçün proqnozlaşdırılan Azərbaycan dövlət büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyi neft, 44 manat 90 qəpiyi isə qeyri-neft gəlirlərindən formalaşacaq. Büdcə gəlirlərinin hər 100 manatından 29 manat 94 qəpiyini Vergilər Nazirliyi, 12 manat 9 qəpiyini Dövlət Gömrük Komitəsi yığacaq, büdcəyə çatacaq hər 100 manatdan 3 manat 70 qəpiyini də cərimə və sanksiyalar hesabına toplanacaq.
Büdcə xərclərinə gəlincə, hər 100 manatdan 38 manatı tikintiyə, 19 manat 50 qəpiy müdafiəyə, milli təhlükəsizlik, hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılması, 10 manat 80 qəpiyi xarici borclara xidmətə, 10 manat 50 qəpiyi sosial müdafiəyə, 9 manat 60 qəpiyi təhsilə, 6 manat 30 qəpiyi mənzil-kommunal, kənd tərərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, nəqliyyat və rabitəyə, 5 manat 90 qəpiyi idarəetməyə, 3 manat 50 qəpiyi səhiyyəyə, 1 manat 50 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiyaya, 60 qəpiyi elmə, 7 qəpiyi isə ekologiyaya xərclənəcək.
AnaXeber.Az

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net