Ana səhifə

Hakimiyyətin “Axilles dabanı” - seçkiqabağı təşvişin müdhiş - Ssenarisi

    Tarix: 30-10-2017 08:40   
Hakimiyyətin “Axilles dabanı” - seçkiqabağı  təşvişin müdhiş - Ssenarisi


Azərbaycan hakimiyyətinin “Axilles dabanı” xaricdən siyasi təhdidlərin olmasıdır. Bir neçə dəfə “narıncı” və “məxməri” inqilabların ssenarisini pozmuş iqtidar Qərblə əməkdaşlıq etməsinə baxmayaraq, onun maliyyə fondlarına güvənmir.

AnaXeber.Az yazır ki, bu fondların tarixi missiyası sərt idarəçilik və azadlıqların buxovlanması siyasəti yürüdülən ölkələrdə media və qeyri-hökumət təşkilatlarını, siyasi partiyaları maliyyələşdirməkdir.
Azərbaycan hakimiyyəti Qərbin əksər institutlarını Bakıdan çıxarıb, ofislərini bağlayıb. Bura daxildir Milli Demokratiya İnstitutu (MDİ), ATƏT, Norveç evi , Açıq Cəmiyyət İnstitutu (Soros), Sülh və s. təşkilatlar.
Məsələn, Belarus, Özbəkistan, Türkmənistan hakimiyyətləri Sorosun ölkələrində fəaliyyətini qadağan edib. Rəsmi Bakı da Corc Sorosu dələduz, fırıldaqçı və korrupsioner adlandırır.

Son vaxtlar hakimiyyət yetkililərinin Soros haqda tez-tez danışması, TV və mətbuatda onun barəsində olmazın ittihamlar səsləndirməsi də təsadüfi deyil.
Seçkiqabağı məhz Soros fondunun pullu inqilabların baş xəzinədarı kimi təqdim olunması iqtidar daxilində ciddi narahatlıqlardan xəbər verir.
Hakimiyyət Qərbin ən nəhəng maliyyə korporasiyalarından biri olan və siyasi çevrilişlərin müəllifi kimi tanınan Sorosun Azərbaycanda narazı elektorata dəstək verəcəyindən ehtiyatlanır.

Artıq yerli telekanallarda Soros fondunun fəaliyyətindən bəhs olunan süjetlər yayımlanır. Təbii ki, bununla kütləyə hansısa mesajlar vermək mənasızdır.
Rəsmi Bakı TV-nin əli ilə beynəlxalq dairələrə, diplomatik korpuslara eyham vurur ki, hansı ssenarilərin hazırlanmasından agahdır. Bəs bu ssenari nədən ibarətdir?
AnaXeber.Az yazır ki, Azərbaycan sosial vəziyyət çox ağırlaşıb. 2015-ci ildən bəri baş verən ardıcıl iki devalvasiya əhalinin güzəranını pisləşdirib.
Cəmiyyət sürətlə gedən təbəqələşmə ciddi uçurum və aqressiya yaradıb. Bir ovuc şəxsin yüksək həyat tərzi yaşaması, xalqın isə yoxsullaşması iqtidarla xalq arasındakı körpüləri yandırıb.
Məmurlar, uşaqları, dəbdəbəli sarayları, milyonluq maşınları, süründürməçilik, rüşvət, monopoliya, bahalaşma, soyğunçuluq, kredit borcları, intiharlar, ixtisarlar, işsizlik - son illərdə ən çox leksikonda olan sözlərdir.
Belə vəziyyət seçkiqabağı heç də əl verən deyil. Hakimiyyət komandasının xalqın “qanını içən”, sahibkarların boğazını üzən siyasəti əhalinin hökumətdən üz çevirməsinə səbəb olub.
İndi hamı narazıdır - ictimai nəqliyyatda, məclislərdə xalq şikayət edir, məmurları, nazirləri lənətləyir, neftin pullarının vaxtında sovrulmasını bildirirlər. Bu siyasi-iqtisadi mənzərə seçkiqabağı Soros kimi fondların əlverişli fəaliyyətinə yol açır.
Ona görə də hakimiyyət olduqca narahatdır. Gələn il hansı siyasi kataklizmlərin olacağı, müxalifətə və ya “X” qüvvəyə nə kimi dəstək veriləcəyi, meydana hansı güclərin çıxarılacağı müəmmalıdır.
Ən azı reallıq bundan ibarətdir ki, 2013 seçkilərində hakimiyyət tərəfdarları Sorosun adını çəkmirdilər. Əksinə, müxalifəti rus projesi kimi təqdim etməyə, Abbas Abbasovu hədəfə almağa başlamışdılar.
2018 ərəfəsində nə Abbas Abbasov, nə Söyün Sadıqov, nə də Rüstəm İbrahimbəyov yada düşür. Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov yalnız və yalnız Corc Sorosu “gözümçıxdıya” salıb.

AnaXeber.Az yazır ki, hakimiyyət üçün müxalifət və xalq nə qədər potensial rəqib olsa da, xaricdən hansısa tramplin və tətikləyici dəstək olmasa iqtidara bata bilməzlər. Bu mənada YAP iqtidarının Soros əndişəsi anlaşılandır.
Soros müxtəlif ölkələrdə narıncı inqilabların müəllifidir. Soros həmin inqilabların arxasında dayanıb onları maliyyələşdirən əsas fiqurlardan biridir. Ona görə də təsadüfi deyil ki, “The Guardian” və “Washington Post” da Sorosun adı keçib.
Soros dünyanın yeni tarixinə permanent regional inqilab ocağı (bu ocaq hələ də közərir!) kimi düşən “qızılgül inqilabı”nın qələbəsinə bir neçə ay qalmış Bakıya da gəlmişdi.

Soros Azərbaycan patriarxı Heydər Əliyevin oturub danışmağa fürsət tapdığı iki nəhəng Corcdan biri idi. Dünyaya hökm edən ikinci nəhəng Corc qüdrətli BP şirkətinin prezidenti idi. Söhbət Azərbaycandakı ən azı iki dövlət çevrilişi cəhdində əli olan şirkətdən gedir. Bəli, bəli, söhbət həmin o Corc Braundan gedir.
Corc Soros bir müddətdən sonra öz nəhəng “Soros Fund Management LLC” şirkəti ilə birgə Bakıda peyda oldu.
Azərbaycandakı yeni qurumu - Dövlət Neft Fondunu “qeyri-şəffaf fəaliyyətinə” görə həddən artıq tez-tez tənqid edən Corc Soros az sonra dodaqlarını bərk sıxıb susdu. Yeni inqilabi dəyişikliklərə qədər...
Bir neçə il qabaq Corc Soros İlham Əliyevdən öz fondunun - Soros Fondunun Azərbaycana qayıtmasına icazə verməsini xahiş etdi. Əliyev etiraz etmədi. Amma...
Amma həmsöhbətinə bir daha xatırlatdı ki, Azərbaycan hökuməti Sorosa və onun fonduna ölkənin daxili işlərinə, daxili siyasi həyatına qarışmağa heç bir halda icazə və imkan verməyəcək.
Əliyev Sorosun hansı azərbaycanlı müxalifətçilərlə saatlarla söhbət etdiyini bilirdi. O, bu məxfi danışıqların detallarından da xəbərdar idi. Bəs Soros nə edir?
AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net