Ana səhifə

Seçkiqabağı ölkə məmur və qudurğan övladlarının cəngində

    Tarix: 25-10-2017 08:32   
Seçkiqabağı ölkə məmur və qudurğan  övladlarının cəngində

Azərbaycan 1789-cu il Bastiliya qalasına qədərki Fransanı xatırladır. Ölkə bu mənzərəyə bir neçə dəfə yaxınlaşıb, hər dəfəsində qazanın qapağı qaldırılaraq buxar sovrulub.

Anaxeber.Az yazır ki, hakimiyyətin Quba və İsmayıllı hadisələrindən sonra, Füzuli, Siyəzən və digər əyalətlərdə baş verənlərdən çıxardığı dərslər böyük təcrübə qazandırıb.
2015-ci ildən götürülmüş yeni kosmetik iqtisadi idarəçilik modelinin gözlənilən effektsizliyinə baxmayaraq, cəmiyyətin “gözünə kül üfürmək”lə 2018-ci ilə qədər yararlı oldu.
Amma hər seçki ilinin əvvəli əyalətlərdə xalq etirazları ilə müşayiət olunur. 2013-cü il, 2015-ci il...
Və 2018-ə keçid ərəfəsində təkrar sosial şərait dəhşətli dərəcədə ağırlaşdırılır və gərginləşdirilir: DYP cərimələri, problemli kreditlər, yağ, pendir, ət və s. qida məhsullarının bahalaşması, ixtisarlar, təqaüd yaşının artırılması, köçkünlər çörək pulunun kəsilməsi, sosial müavinətlərin verilməsində absurd qaydalar, məmurların və uşaqlarının qudurğanlıqları, dəbdəbəli həyatından görüntülər ölkəni qaynar qazana çevirib. Bu gedişat 2018-ci ilin əvvəlində 2013 və 2015 hadisələrinin daha iri miqyasda təkrarlanacağı ehtimalını gücləndirir.
***
Azərbaycanda sosial gərginliyin artan xətt üzrə yüksəlməsi ilə beynəlxalq münasibətlərin gərginləşməsi paralellik təşkil edir.
Rəsmi Bakı bir ildən çoxdur ki, bütün dünya ilə müharibədədir. Seçkiqabağı artan təzyiqlər və ifşa kampaniyaları hökuməti küncə sıxışdırıb.
ABŞ Dövlət Departamentindən bəyanatlar, senatda sanksiya hazırlığı, Sorosla açıq söyüşə keçilməsi, müxtəlif Qərb mediasında süjetlər, ifşaedici materiallar, Avropa Şurası üzvlüyündən çıxarılmaq təhlükəsi, 3 milyardlıq araşdırma, Rusiya ilə qabarma-çəkilmə siyasəti, Moskvadan hərtərəfli həmlələr - Azərbaycan hakimiyyətini təzədən bərkə-boşa salıb.
Belə desək, ölkənin daxilindəki narazılıq və gərginlik beynəlxalq qüvvələrin çörəyinə yağ çəkir. Söhbət hakimiyyətə qarşı istənilən etirazları körükləmək potensialı, elektoratı və zəminindən gedir.
Azərbaycan müxalifəti də zəif günlərini yaşamaqla bərabər hər an xalq etirazlarının qabağında getməyə hazırdır və avanqard olaraq gücünü itirməyib.
Əlbəttə, sual oluna bilər - 32 illik “Yeni əsrin müqaviləsi” Azərbaycanda siyasi hakimiyyətin ömrünü uzatmaq üçün zəmanət olmadımı?
Və yaxud “B” variantı işə salınaraq I vitse-prezidentin prezidentliyə namizədliyi ilə gərginliyə havaya sovurmaq mümkün deyilmi?
***
Bu iki sualın cavabları:
I Qərblə enerji layihələri, əməkdaşlığın genişləndirilməsi rəsmi Bakını arxayınlaşdırsa da, 2018-ci ilin seçki nəticələri açıqlanan tarixə qədər təzyiqlər davam edəcək.
Avropa öz ailəsində repressiyalar gedən, reformalar həyata keçirilməyən üzv görmək istəmir. Hətta Belorus prezidenti Lukaşenko müxalifətin prezident binasının önündə mitinq keçirməsinə icazə verib.
II Ölkədə sosial gərginlik atom bombası kimidir. Xalqın narazılığı beynəxalq siyasətdəki siyasi zəmanətlərlə azalmır.
Əhali həyatından narazıdırsa və zülm ərşə dirənibsə, heç bir iqtidar xalqından qopub xarici güclərdən aldığı arxayınlıqla ömrünü uzada bilməz. O baxımdan daxili siyasətdə əsaslı dəyişikliklər lazımdır.
Hökumət isə postneft dövründə heç bir irəliləyişə nail olmadı. İqtisadçı Qubad İbadoğlu da yazıb ki, hakimiyyət 2018-də 2015-ci ilə qədərki iqtisadi idarəçiliyi bərpa edəcək.
Bu halda sosial vəziyyət acınacaqlı hal alacaq. Nəticə hakim komandada kadr islahatlarını zəruri edir.
Yalnız komandada kadr dəyişiklikləri ilə müəyyən qədər cəmiyyəti sakitləşdirmək olar. Xalq daha nağıllara inanmır.
***
Fövqəldövlətlərin mövqeyi son dərəcə açıq və aydındır. ABŞ və Böyük Britaniya, habelə bu ölkələrlə bağlı olan dünya energetika nəhəngləri ölkəmizin neft-qaz və istehlak bazarlarından onsuz da istifadə edirlər.
Ona görə də yerini möhkəmləndirmiş siyasi rejimdən əl çəkib vəziyyətin dəyişdirilməsinin riskli ssenarisindən yapışmaq onlara əl vermir.
Ancaq bu, əsas vermir ki, ölkədə sosial gərginlik və məmur qudurğanlığı partlayış həddinə qədər çatdırılsın.
Tarixin dönməz gərdişi bizə sübut edir ki, dünyanın qoluzorlularının müdaxiləsi olmadan da xalq üsyanlarının baş qaldırması labüddür.
Görkəmli publisist Aleksandr Genis deyir ki, əsl inqilablar diqqəti cəlb etmədən baş verir və hakimiyyət bundan yalnız o vaxt xəbər tutur ki, artıq vəziyyəti düzəltməyə imkan qalmır.

Üstəlik, postsovet regionu, ələlxüsus da Cənubi Qafqaz Amerikanın xarici siyasətinin heç də ən başlıca hədəfləri sırasına daxil deyil.
Vaşinqton Yaxın Şərq bataqlığında, Əfqanıstan girdabında və özünün iqtisadi çətinliklər burulğanında elə ilişib qalıb ki, başına çarə axtarır.
Qərb siyasətçiləri bunu dönə-dönə təkrar edib ciddi-cəhdlə bizim qərbyönümlü ekspertləri inandırmağa çalışırlar ki, regionunuz dünyanın bir nömrəli dövlətinin əsas önəm verdiyi məsələlər və strateji vəzifələr sırasına daxil deyil.
Üstəlik, böyük dövlətçilik iddiasından əl çəkə bilməyən Rusiyanı boğmaq üçün ortaya atılmış “narıncı inqilablar” planı da zamanın sınağından çıxmadı.
Bu, “Yeni əsrin müqaviləsi” ilə bir daha özünün məntiqi təsdiqini tapdı. Fəqət heç də 2018-ci ildə Azərbaycan hakimiyyəti üçün seçkilərin asan keçəcəyi anlamına gəlməz. Ən əsası xalq artıq Qərbdən gələn mesajlarla nəfəs almır.
Aleksandr Genisin dediyi kimi...O üzdən ilk növbədə əhalinin maddi rifahı yaxşılaşmalıdır, yoxsa 2018-dən sonra da proses pis istiqamətdə inkişaf edəcək

Anaxeber.Az
Turan


Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net