Ana səhifə

Azərbaycan-Rusiya sərhədinə kürd köçü - Xudat buxtasını kim bağladı? -Özəl

    Tarix: 23-10-2017 08:11   
Azərbaycan-Rusiya sərhədinə kürd köçü - Xudat buxtasını kim bağladı? -Özəl


Rəsmi Bakı daha bir layihəni Rusiya ilə münasibətlərin korlanmaması naminə qurban verib.

AnaXeber.Az-ın verdiyi xəbərə görə, Xudat ərazisində nəzərdə tutulan limanın tikintisi yarımçıq saxlanıb.
Bir liman, bir də Putin...
Xudatın Sibiroba kənd ərazisində tikintisi planlaşdırılmış və inşasına başlanmış liman müəmmalı şəkildə dayandırılıb.
Hətta sərhədçilərə aid inzibati bina da yarımçıq qalıb. Şahidlərin sözlərinə görə, Sibirobadakı sözügedən binada “lələ köçüb, yurdu qalıb”.
İddialara görə, Dövlət Sərhəd Xidmətinin rəisi general Elçin Quliyevin limanın tikintisində xüsusi rolu olub. Ancaq Rusiya tərəfindən gələn mesaj bütün planları təxirə salıb.
İnternet resurslarında da liman tikintisi haqda rəsmi məlumat var. 2014-cü ildə yayımlanmış xəbərdə deyilir ki, Xaçmaz ərazisində hava limanının inşa edilməsi təklif olunur.

Bu məsələ Quba-Xaçmaz iqtisadi rayonunun 2018-ci və 2030-cu illərədək dövrləri əhatə edən inkişaf planının layihəsində əksini tapıb.
Planın layihəsini hazırlayan «Renessans Studio» MMC-dən verilən məlumata görə, «Azərbaycan Hava Yolları» QSC-nin Xaçmaz rayonu ərazisində balansında 150 hektar sahəsinin olmasına baxmayaraq, burada heç bir fəaliyyət yoxdur.
Plana əsasən, Xaçmaz şəhərinin üç dəfə artması və 100 min nəfərlik bir şəhərə çevrilməsi nəticəsində hazırkı aeroport ərazisi (150 ha) şəhərin daxilində qalır.
Ona görə də aeroportun rayonun Xudat şəhəri yaxınlığında salınması məqsədə uyğun hesab olunur.
Bundan başqa, su nəqliyyatı - regionun sahilətrafı əhalisi və turistlərin dəniz nəqliyyatı ilə təmin edilməsi və dəniz gəzintilərinin təşkili məqsədilə sahilboyu zolaqda (Xudat, Xaçmaz, Siyəzən şəhərlərinin hüdudlarında) sərnişin nəqliyyatı üçün liman obyektlərinin tikintisi təklif olunur.
Amma dövlət planı Rusiyanın təlimatı əsasında reallaşmayıb. İndiyə qədər də Moskvanın liman tikintisinə niyə mane olduğunun səbəbləri müəmmalıdır. Lakin bölgədəki digər fakt ondan ibarətdir ki, Azərbaycanın şimal zonası - sərhəd kəndlər boşalır.

Məsələn, Xraxoba, Uryanoba kəndlərində yaşayanlar Rusiya vətəndaşlığını qəbul edərək köç ediblər.
Evlər isə istifadəsiz qalıb. Hətta kəndlərdə yeni evlər tikilib və iddialara görə, ora yezidi kürd kökənli insanlar köçürülüb.
Beləliklə, Rusiya bir tərəfdən sovet insanlarının vətəndaşlığını ortalığa atıb, bir yandan Dumada qəbul etdiyi qərara əsasən ərazilərində təhlükə yaranarsa qonşu dövlətlərin 40 kilometrə qədər torpaqlarına müdaxilə edə bilər, paralel olaraq sərhədində hər hansı tikilini aparmağa imkan vermir, kəndləri boşaldır.
Baxmayaraq ki, Qəbələ RLS fəaliyyətini dayandırdı və Azərbaycan Rusiyaya qarşı çoxlarını təəccübləndirən addım atdı.
Ancaq bu, tərəflər arasında razılaşdırılmışdı. Xudatda da Rusiyanın istəkləri dövlət planından üstün olub. Əslində, 2018 seçki ilində Sibirobadakı liman hazır olmalıydı, amma...
Amması budur ki, prezident İlham Əliyev sonuncu dəfə təcili Soçiyə çağırılanda və rus həmkarı ilə görüşdən sonra heç də ürəkaçan danışıqlar olmamışdı. Putin özü də bildirmişdi ki, bir sıra açıq qalan məsələlər var.
Görünür ki, Moskva Bakıdan bütün maraqlarının təmin olunmasını tələb edir. Azərbaycan isə balanslı xarici siyasətdə axsamaq istəmir və Kremlin bütün tələblərini yerinə yetirmir. Nəticədə Xudat buxtası da açılmamış bağlanır...
TAP və TANAP...
Ümumiyyətlə, Rusiya özünün iştirakı olmayan Azərbaycanın strateji əhəmiyyətli layihələrinin hər zaman əleyhinə çıxıb.

Anaxeber.Az xatırladır ki, Moskva vaxtaşırı buna görə rəsmi Bakını sıxışdırıb, təhdid edib, hədələyib, təxribatlarla mesajlar verib. Azərbaycan tərəfi də əbədi qonşunun “quyruğunu” tapdalamayıb, qıcıqlandırmayıb.
Amma TAP və TANAP kimi mühüm layihələr hər nə qədər Rusiyanın xoşuna gəlməsə də, Azərbaycan öz müstəqil enerji siyasətini yürütdü.
Ümumiyyətlə, Azərbaycanın enerji layihələrinin böyük əksəriyyəti Avropa bazarı ilə bağlıdır və Qərblə əməkdaşlıq genişləndirilir.
Bu isə Azərbaycanın Rusiyanı nəzərə almaması anlamına gələ bilməz. Azərbaycan məhsullarının əsas icrax trayektoriyası Rusiya bazarlarıdır, milyonlarla azərbaycanlı orada işləyir, müxtəlif sektorlar üzrə idxal-ixrac əməliyyatları aparılır.
Yəni, Azərbaycanın Rusiya bazarında böyük və əhəmiyyətli payı var. Bu paydan Azərbaycanın məhrum edilməsi zaman-zaman gündəmə gəlib və təhdid dilində ismarıclar ünvanlanıb.
Rusiya xarici işlər naziri Sergey Lavrovun buna bənzər açıqlaması olmuşdu - Azərbaycan məhsullarının idxalı yasaqlana bilər, Rusiyada işləyənlər deport edilə bilər.
Bu isə Azərbaycan hakimiyyətinin iqtisadi embarqo və ağır köçlə qarşılaşması demək olacaqdı. Hətta bir neçə il qabaq azərbaycanlıların deportasiyasına başlanmışdı.
Həmçinin, 2013-cü ildə Pokrovskaya bazarı ilə bağlı hadisələri yada salmaq lazımdır. Analoji siyasətin seçkiqabağı başladılması Moskvanın əlində iki vur iki qədər sadə riyazi hesablamadır.
Rəsmi Bakı da Kremlin əlində hansı təzyiq rıçaqları olduğuna bələddir və Rusiyanı qəzəbləndirməmək üçün zərərinə olsa belə hansısa məsələnin üstünə getmir.
Anaxeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net