Ana səhifə

İlham Əliyev Heydər Əliyevin qoşulduğu Avropa Şurasından çıxacaqmı?

    Tarix: 13-10-2017 09:04   
İlham Əliyev Heydər Əliyevin qoşulduğu Avropa Şurasından çıxacaqmı?


Avropa Şurası kimə və nəyə lazımdır? Prezidentin köməkçisi Novruz Məmmədov ötən gün Tvitter üzərindən sual edib.
Bu ritorik sualın iki üstəgəl iki olduğunu təcrübəli xarici siyasət məmuru elə gözəl anlayır ki?!
Əgər AŞ heç kəsə lazım deyildisə, 2001-ci ildə Heydər Əliyev Azərbaycanın bu quruma üzvlüyünə niyə nail olurdu?
Belə izolyativ siyasətlə Azərbaycanı Avropanın bir parçası olmaqdan qoparmaq qaranlıq dərəyə yuvarlanmaqdır.
Rəsmi Bakı isə hikkəli şəkildə işıq gəlməyən tərəfə getməyi seçim etməyə hazırlaşır.

Bu ayrı məsələdir ki, Avropa Şurası çoxdan korrupsiyaya bulaşmış və dəyərlərini tapdalamış quruma çevrilir.
“Lazım olsa, Avropa Birliyi ilə də əlaqələri kəsərik” düşünənlər varsa, iki tərəf arasındakı ticarət əməliyyatlarının həcminə nəzər salmaq lazımdır.
Xarici ticarətimizin yarısından çoxu AB başda olmaqla, Avropanın payına düşür, əsas ixrac borularımız Qərbə doğru yönəlib.
Əlaqələrin əhəmiyyətini təkcə iqtisadi mənfəətlə ölçmək doğru olmaz, bunun siyasi və təhlükəsizlik baxımından önəmi də böyükdür.
Təsadüfi deyil ki, Avropa və Avroatlantik strukturlara inteqrasiya Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında “Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri” sırasında qeyd olunub.

Ümumiyyətlə, AŞ-dən (Avropadan, Qərbdən) uzaqlaşmaq müasir, mədəni dünyadan təcrid olunaraq “izqoy”a çevrilmə təhlükəsi yaradır.
Avropa Şurasının baş katibi Tornbörn Yaqland Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirmədiyini və REAL hərəkatının lideri İlqar Məmmədovu həbsdən azad etmədiyini deyir.
Ayrıca, Yaqland Azərbaycanı Avropa Şurasından çıxarmaqla hədələyir. Azərbaycan hakimiyyəti isə məsələni mürəkkəbləşdirmək kursu seçib. Axı bunun sadə yolu da var - İ.Məmmədovu azad etmək!
Əlbəttə, rəsmi Bakı təhdid dilinə təhdidlə cavab verir. Yaqland bizi çıxarmamış, biz özümüz çıxarıq, heç lazım deyilsiniz. Böyük ehtimal rəsmi Bakı AŞ-dan çıxmayacaq. Sadəcə, tərəflərin gərginliyi azaltmasına zərurət var.
Azərbaycan Avropa Şurasından çıxarsa, bu Azərbaycanla Avropa arasında münasibətlərin soyumasına gətirib çıxara bilər. Bunun ardınca, Azərbaycanın digər Avropa qurumlarıyla münasibətləri soyuyacaq.

AnaXeber.Az bildirir ki, məsələn Azərbaycanın Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində üzv dövlətlərin parlamentləri arasındakı “Avronest”lə də münasibətlərində suallar yarana bilər.
Onsuz da Azərbaycan bir müddət “Avronest”dəki fəaliyyətini dayandırmışdı. İkincisi, Azərbaycanın Avropa Şurasından çıxmasından Rusiya faydalanacaq.
Moskva bölgə ölkələrinin Avropanın siyasi, iqtisadi və hərbi strukturlarıyla əməkdaşlığından və dərin inteqrasiyasından narahatdır. Moskvanın əsas hədəfi bölgə ölkələrinin Avropa ilə deyil Rusiya ilə yaxınlığına nail olmasıdır.
Halbuki, iqtisadi səbəbdən də Azərbaycan Avropadan uzaqlaşa bilməz. Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqı ölkələridir, yeni tikilən boru xətləri ilə daşınacaq qazımızın son ünvanı da köhnə qitədir.
Odur ki, Azərbaycanın Avropa Şurasından çıxması Rusiyanın Azərbaycandakı mövqelərinin güclənməsinə səbəb olacaq.
Maraqlıdır ki, rosbalt.ru saytının gürcü yazarı İrina Corbenadze proseslərə fərqli kontekstdən yanaşıb.
O yazır ki, Azərbaycan, Türkiyə və Rusiya itaətkar deyil, deməli, cəzalandırılmalıdır: “Başlıcası, bunlardan ikisinin neft-qaz, üçüncünün, Türkiyənin isə həm Rusiya, həm də Azərbaycan karbohidrogenlərinin ixracat imkanlarını gücləndirən tranzit ölkə olmasıdır.
Moskva və Bakı fürsəti əldən vermir – elə hey boru kəmərləri çəkir, bununla da ABŞ-ı Avropanın bahalı sıxılmış qaz bazarından məhrum edirlər.
Və bu işdə onların yardımçısı Türkiyədir. Bu bildirir ki, üç ölkənin üçündə də rejimi dəyişmək və qaz hasilatını nəzarətə götürmək lazımdır”.
Amma gürcü analitikin dedikləri qədər də məsələ dramatik deyil. ABŞ-ın Rusiya və Türkiyədə iqtidar çevrilişləri etmək hədəfləri görünmür.
Hətta plan varsa da, Putin və Ərdoğan fenomeni yaxın perspektiv üçün bu imkanları hər iki ölkədə ertələyir. Yəni Türkiyənin və Rusiyanın daha zəif dövründə iqtidara öz adamlarını yerləşdirmək olar.

AnaXeber.Az bildirir ki, 15 iyul hərbi çevrilişə cəhdi baş tutmadı, Rusiyada isə millətçilik güclənib. Təkcə qalır Azərbaycan...
Hə, Azərbaycan növbəti eksperiment və laboratoriya ola bilər. Hakimiyyətin narahatlığı da məhz bundan ibarətdir.
Ona görə də Avropa Şurasından çıxmaqla bağlı hədələr spekulyativ siyasətin bir başıdırsa, mitinqlərə icazə verilməsi, bəzi məhbusların azad olunması keçid dövrünə hesablanmış bir başqa siyasətin başıdır. Bakı qabarma və çəkilmə strategiyası yürüdür.
Bir tərəfdən Qərb də hakimiyyəti çox sıxışdırmaqdan ehtiyat edir. Çünki küncə sıxıldıqca Azərbaycanda Rusiya və İranın təsirləri güclənir.
Azərbaycan isə Tehran və Moskva siyasətində Avropa üçün əhəmiyyətli açardır. Yəni, yuxarı saqqal, aşağı bığ siyasətidir.
İlham Əliyevin açıq şəkildə AŞPA-dan çıxmaqda problem görmədiklərini deməsi Qərbin çox incə bir siyasətin qarşısında qaldığına eyhamdır.
Ona görə də N.Məmmədov hücum xarakterli danışır - AŞ kimə və nəyə lazımdır...
AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net