Ana səhifə

İqtidara qarşı SSRİ kabusu - azərbaycanlılar vətəndaşlıqdan çıxır - Gəlişmə...

    Tarix: 03-10-2017 08:48   
İqtidara qarşı SSRİ kabusu - azərbaycanlılar vətəndaşlıqdan çıxır - Gəlişmə...

Rusiya vətəndaşı olmaq asanlaşıb. Bu cazibədar xəbərin arxasındakı siyasi motivlərin azı əjdaha kimi beş başı var.
O başların Kreml başbilənləri tərəfindən hazırlanmış siyasi ssenari olduğu şək-şübhəsizdir. Axı niyə Rusiya vətəndaşı olmaq sadələşsin ki?!

Anaxeber.Az-ın Siyasət Bürosu son baş verənlərlə bağlı yazır ki, postsovet respublikalarında yaşayan vətəndaşların Rusiya vətəndaşlığına qəbulu prosedurunun sadələşməsi kütləvi müraciətlə müşayiət olunur.
Qanun keçmiş sovet respublikalarında doğulmuş və rus dilini yaxşı bilən hər kəsə Rusiya vətəndaşlığı verilməsi prosedurunun asanlaşdırılmasını nəzərdə tutur.
Ona görə də 1991-ci ilə, yəni Sovet İttifaqı dağılana qədər doğulmuş insanlar ikili vətəndaşlıq daşımaq hüququ əldə ediblər.
Nəticədə Rusiyada yaşayan 3 milyon azərbaycanlı, eləcə də ölkəmizdə olan vətəndaşlarımız arasında Rusiya vətəndaşlığl üçün baş vuranlar kütləviləşib.
Rusiya dövlətinin verdiyi təqaüdlər, iş persprektivləri azərbaycanlıları şimal qonşunun vətəndaşı olmağa sövq etməkdədir.
Lakin Azərbaycan tərəfi də bu siyasi tələyə qarşı seyrçi mövqeyində dayanmayıb. Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir.
Əksinə, xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxs bu haqda aidiyyəti qurumlara məlumat verməsə cinayət məsuliyyəti daşıyır.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşımız bu barədə Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə bir ay müddətində yazılı məlumat verməlidir.
Əks halda, o, Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə uyğun olaraq 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılır.
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşımız yalnız iki halda paralel olaraq Azərbaycan vətəndaşı kimi də qala bilər - beynəlxalq müqaviləyə və ya dövlət başçısının qərarına əsasən.
Bir ara boşluq var idi və icazəsiz ikili vətəndaşlığa malik olanlarımız var idi, amma indi məsələ düzgün həllini tapıb.
Ən azı müharibə bitməmiş bu məsələdə liberalizmə yol verilə bilməz. İki dövlətin əsgəri olmaq mümkün deyil. Amma məsələnin qanunvercilik tərəfindən daha çox, siyasi aspektləri narahatlıq doğurur.
İkili vətəndaşlığın qadağan olunması heç də Rusiya vətəndaşlığı üçün kütləvi müraciətin qarşısını almır.
İnsanların gələcəyə olan ümidsizliyi, sosial həyatın getdikcə ağırlaşması, sosial təminatların az olması qonşu dövlətlərə nicat kimi baxmağa gətirib çıxarır.
Bu, hakimiyyətin bərbad sosial siyasətinin nəticələridir. Azərbaycanlılar dövlətdən təqaüd almağın çətinliklərini görməkdədirlər. Həm təqaüdlərin məbləği azdır, həm yaş həddi artırılıb. Bu halda gələcəyə qarşı kütləvi depressiya başlanır.
İkinci tərəfdən, gənc nəsil işsizlikdən əziyyət çəkir və dövlət təyinatlı işlər də yoxdur, özəl sektorda da istismar var, maaş az, cavan ailələr kirayələrdə sürünürlər.
Belə olan təqdirdə Rusiya vətəndaşlığı üçün müraciət edən gənc Moskva və ya başqa şəhərlərdə Rusiya vətəndaşı kimi yaşayır, dövlətdən uşaq pulu alır, iş tapır, həyatını qurur.

Anaxeber.Az-ın Siyasət Bürosu son baş verənlərlə bağlı yazır ki, hakimiyyət ölkəni boşaltmaq siyasəti yürüdür. 2018-ci il seçkilərindən sonra kütləvi şəkildə ölkədən gedənlər olacaq.
Əsasən də gənc nəsil Şərqi və Qərbi Avropaya, eləcə də qonşu ölkələrə axın edirlər. Azərbaycan hökuməti bu prosesi heç şübhəsiz ki, müşahidə edir. Lakin “beyin axını” ölkənin gələcəyi üçün ciddi təhlükələrin yaranacağından xəbər verir.
Üstəgəl, Azərbaycanı heç zaman sevməyən və həmişə məkrli planlar quran Rusiyanın ağzımızın içində vətəndaşlıq prosedurlarını sadələşdirməsi böyük bir tələdir.
Bu tələyə əksər postsovet respublikaları düşəcəklər. Azərbaycan isə təcili olaraq sosial siyasətində islahatlar aparmalıdır. Əks halda nə effektlər yaranacaq?
1 Kreml Rusiya əhalisinin sayını artırır.
2. Subay gənclər rus qızları ilə ailə qurur.
3. Onlar özlərini rus dövlətinin vətəndaşı sayır, seçkidə iştirak edir, vətəndən uzaqlaşırlar.
4. Putin postsovet ölkələrinə qarşı bir ordu yetişdirir.
5. Həmin yeni vətəndaşların içərisindən ona xidmət edən qüvvələr çıxarır.
6. Putinin Pyotrun yazdığı vəsiyyətdən bəri yürüdülən siyasi arzuları gerçəkləşir.
7. SSRİ-nin yeni modeldə - Avrasiya İttifaqı formatında bərpası gerçəkləşir.

Onu da nəzərə almaq lazımdır ki, hakimiyyət daxilində ruspərəst məmurlar var. Onlar 5-ci kolon xidmətini yerinə yetirirlər.
Deputat Qüdrət Həsənquliyev də həmin şəbəkəyə yönəlik mesajlar vermişdi. Bu şəbəkə siyasi həbsləri reallaşdırır, Moskvanın diktəsi ilə hərəkət edir. Rusiya vətəndaşlığı alan azərbaycanlıların həmin şəbəkə ilə təmasının yaradılacağı istisna deyil.
Putinin bu hiylə siyasəti əslində, 2009-cu ildən başlanıb. Son dövrlərdə isə məsələ tamamilə ciddiləşib. Gələn məlumatlar da bu narahatlıqdan qaynaqlanır.
Azərbaycanlıların kütləvi şəkildə Rusiya vətəndaşlığı üçün müraciət etdikləri söylənir. Azərbaycanda ictimai rəydə SSRİ-nin tərəfdarlarının və onun yeni qiyafədə bərpasına qəyyumluq edənlərin kifayət qədər olması faktı göz qabağındadır.
Müstəqil Azərbaycanda mövcud hakimiyyətin yürütdüyü siyasətin insanları narazı salması onların sovetin xiffətini çəkməsinə səbəb olur. Yəni, yaşlı və orta nəsil SSRİ-nin dağıdılmasında iştirak etdiyinə görə peşmandır.
Putinin guya Avropa Birliyinə (AB) oxşar nəsə qurmaq istədiyi barədə illüziyalarla yaşayanlar da yanılırlar. Güman eləmək ki, mifik Avrasiya İttifaqı ideyası yalnız AB-nin alternatividir, böyük səhv olardı.
Moskva (AB-yə alternativ) bərabərhüquqlu və suveren dövlətlərdən ibarət ittifaq qurmaq istəsəydi, bunu elə MDB-nin bazasında edə bilərdi, nəinki yeni konstruksiyalar fikirləşərdi.

Məsələ də ondadır ki, Kreml AB-dən fərqli olaraq Avrasiya İttifaqını məhz Moskvanın aşkar dominant olduğu imperiya formatında yaratmaq istəyir.
Bu səbəbdən o, hətta könüllülük prinsipinə də söykənmək niyyətində deyil, əksinə Kremlin planlarına görə, onun yaxın tabeçiliyinə daxil olmalı olan ölkələrə hərbi-siyasi xarakterli sərt təzyiqlər göstərməyə hazırdır.
Odur ki, özünü tələm-tələsik müasir dünyanın ikinci qütbü elan edən, qonşulardan və Qərbdən öz şişirdilmiş ambisiyaları ilə barışmağı imperativ şəkildə tələb edən Rusiya SSRİ-ni bərpa eləmək, Avrasiya İttifaqı yaratmaq bəhanəsi altında əslində sadəcə olaraq özünün ekspansionist neoimperiya planlarını aşıq şəkildə gerçəkləşdirməyə çalışır.
Anaxeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net