Ana səhifə

Tarixi xəyanətə görə Mikayıl Cabbarovla Məleykə Abbaszadənin boynu “test kəndiri” ndə

    Tarix: 29-09-2017 08:09   
Tarixi xəyanətə görə Mikayıl Cabbarovla Məleykə Abbaszadənin boynu “test kəndiri” ndə

Azərbaycan təhsilinin həssas orqanizminin üstünə çıxaraq onu partlayana qədər tapdalayıb leşə çevirən Fatma Abdullazadə-Misir Mərdanov-Məleykə Abbaszadə triosundan indi bir nəfər qalıb.
F.Abdullazadənin özü ilə birlikdə arxivə gedən Prezident Administrasiyasındakı şöbəsi illərlə dərsliklərin nəinki anasını, nəslini ağlar qoymaqla bütün bir yeni nəslin təhsilini məhv edib.

Triodan qalan son “mogikan”

Anaxeber.Az-ın verdiyi məlumata görə, ona bu “humanitar” xidmətdə təhsil naziri Misir Mərdanovun xirtdəyə qədər rüşvətə bulaşmış idarəçiliyi və M.Abbaszadənin saxtakarlıqlarla dolu imtahanları az kömək olmayıb. İndi nə M.Mərdanov var, nə F.Abdullazadə.
Amma Azərbaycan təhsilinin boğazına...keçən M.Abbaszadə və hazırkı təhsil naziri, qoruq müdirliyindən gələn Mikayıl Cabbarov mərhum prezident Heydər Əliyevin “təhsil millətin gələcəyidir” şüarını əldə bayraq tutmaqla millətin gəlcəyini, bilik fondunu vandal şəkildə demontaj etməklə məşğuldurlar.
Nazir postuna gəldiyi vaxtlarda özünü reformist kimi təqdim etməyə çalışan M.Cabbarovun “əl əməyi” əslində ölkənin təhsil sistemini məhvərindən qoparıb dağıtmağa hesablanıb. Və ona bu “xeyirxah” əməliyyatda yuxarıdakı triodan qalan M.Abbaszadə canla-başla dəstək verir.
Söhbət rəhmətlik eks-prezident Əbülfəz Elçibəyin iqtidarı dönəmində qəbul olunan ali məktəblərə test üsulu ilə imtahan vermək qaydasının ləğvindən gedir.
İllərlə Elçibəyə rəhmət oxuyan və ona təşəkkür edən Azərbaycan xalqı sonrakı iqtidarın da test üsulunu saxlamasını təqdir edirdi.
Ancaq təhsilin “Mişa”sı və Məleykəsi birdən xatırlayıb ki, test üsulunu ləğv etmək lazımdır, təhsilin inkişafını tormozlayır.
Niyəsə ötən illərdən bəri təhsildə tormozlamanı məhz məktəblərdə dərslərin keçirilməməsi, repetitorluğun sürətlə yayılması, rüşvətin tüğyan etməsi, direktorların süpürgə, təbaşir pulu yığmasında görməyənlər günahı test üsulunda axtarırlar.

M.Cabbarov təhsil idarələri müdirlərinin oliqarx həyatını, direktorların lüks maşınlarda gəzməsini görmür, müavinləri Mətin Eynullayev, Ceyhun Bayramovun ali məktəblərdə rüşvətə himayədarlıq etməsini, rektorların bazarlarına əlverişli şərait yaradılmasını da görmür, amma test üsulunun “ziyan”larını görür.
Əlbəttə nazirin bəsirət gözlərinin bağlandığını söyləmək olmaz. Çünki M.Cabbarov Avropada təhsilin müxtəlif modellərinə şahid olub.
Fəqət, ağlına gəlib ki, yeganə mütərəqqi variant olan testi ləğv eləməliyik. Bu işdə köhnə çinovnik olan M.Abbaszadəni qeyd etmək yerinə düşər.
Onun TQDK, indi də DİM-də ali təhsil ocaqlarına pullu uşaqların hansı formada tələbə qəbul eləməsində rol oynadığı dəfələrlə mətbuatda yazılıb.
Elə mətbuat katibi Elnur Nağızadəyə də cinayət işi başlanması və axtarışa verilməsi bu korrupsiyanın nümunəsidir.
E.Nağızadə həmin “əməliyyat”ları özbaşına etməsi inandırıcı deyil. Sadəcə, gizlənir və əgər istintaqa ifadə versə M.Abbaszadənin əməllərini faş edəcək.
Bütün bunlara baxmayaraq şəffaf idarəçilik reputasiyası yaratmağa çalışan və islahatçı donu geyinən DİM sədri təhsilimizin kökünü baltalayanlardan biridir.

Aqoniya vəziyyətində olan təhsil - Faktlar

Anaxeber.Az-ın verdiyi məlumata görə, təhsil sektoruna ayrılan milyardların mənimsənilməsi, ucqarlarda tövləyə oxşayan məktəblərin fəaliyyət göstərməsi, müəllimin 150 manatın ümidinə qoyulması, imtahanların pulla yazılması, diplomun satılması, təhsilin bazara çevrilməsi testin günahıymış.
Deməli, müasir uğurlu məzunun əldə olunmasına test üsulu əngəl olurmuş. Sanki, tələbənin yüksək təhsil haqqıyla, cüzi təqaüdlə sınağa çəkilməsi, xaricdə təhsil alan tələblərin ölkəyə qayıtmaq istəməməsi, elmi işçilərin 150-200 manat maaş alması, müəllim olmaq istəyənlərin sayının azalması test üsulunun yaratdığı bataqlıq imiş.
Düzdür, test üsulu ideal qəbul mexanizmi deyil, bununla belə hazırkı şəraitdə testin alternativi də yoxdur.
İstənilən alternativ rüşvətxorluq, yuxarıdan tapşırıq kimi ənənəvi “qəbul yollarına” yaşıl işıq yandırmaqdan başqa heç nəyə xidmət etməyəcək.
2015/2016-cı tədris ilində bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 60,4 faiz olub ki, onların da 86,5 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.
Göründüyü kimi, hər il ödənişsiz təhsil kvotası bir qədər də azaldılır. Bu isə ödənişli təhsil alan yoxsul tələbələr hesabına hər il əlavə milyonlarla manat vəsaitin toplanması deməkdir.

Nazir də bir çox təhsil mütəxəssisləri kimi hər şeyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının üzərinə yükləmək istəyir.
Test sistemində abituriyentin yazı vərdişlərini, nitq inkişafını qiymətləndirmək mümkün olmur. Amma niyə mütləq bunu tələbə qəbulunda qiymətləndirməliyik ki?
O zaman orta məktəbin buraxılış imtahanları nəyə gərəkdir. Test sistemi bilik verən bir sistem deyil. O, qazanılmış biliklərin ölçmə və dəyərləndirmə vasitəsidir.
Ümumiyyətlə, tələbə qəbulunu aparan bir orqanın Təhsil Nazirliyindən asılı olması yolverilməz bir haldır.
Təhsil Nazirliyi buyurub orta məktəblərin buraxılış imtahanlarını obyektiv bir şəkildə keçirsin, yazı, nitq vərdişi olmayan abituriyentləri də ali məktəbə buraxmasınlar.
Orta məktəblər öz funksiyasını demək olar ki, itirib və bunu etiraf edib düzəltmək əvəzinə, məsəslənin malalamağa heç bir ehtiyac yoxdur.

Müəllimlərin “müsabiqəsi”

Anaxeber.Az-ın verdiyi məlumata görə, M.Cabbarov təhsildəki geriləmənin səbəblərini həm də müəllimlərin müsabiqəsində axtarmalıdır.
M.Mərdanovdan bəri bir addım da inkişafa nail olmayan hazırkı nazirin sağa-sola çabalamaları əhəmiyyət daşımır - rüşvətə son qoyulmayınca...
Məsələn, Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqəsinin nəticələri açıqlandıqdan sonra bir neçə gənc namizəd müsahibə vermişdi.
Onlardan biri müsabiqədə müvafiq keçid balını toplayan, amma seçim üçün 2-ci turu gözləyən Günay Məmmədova idi. Sitat:
“Müsahibədən uğurla keçdiyimi görüb çox sevinmişdim. Sevincimin həddi-hüdudu yox idi. Lakin sevincim çox uzun çəkmədi… Yeni tədris ilinin ilk günündən artıq məyus olmuşdum.

Çünki yaşadığım ərazidən xeyli uzaq olmasına baxmayaraq, Hövsan qəsəbəsində yerləşən 280 №li tam orta məktəbi seçməyimin əsas səbəbi məhz 24 saat vakant dərs yükünün verilməsi idi.
Lakin direktor R.M. Qasımovla ilk görüşümdə o, 18 saat vakant dərs verdiyini dedi. Mən isə 18 saat yox, 24 saat vakant dərs üzrə gəldiyimi bildirdim. O isə qətiyyətlə 24 saat yox, 18 saat vakant dərs verdiyini təkrarladı.
Bu məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxladım və mənə bildirildi ki, direktor düz deyir, 18 saat vakant dərs verib.
“Bəs Təhsil Nazirliyinin saytında vakansiya ilə bağlı məlumatlar bölməsində niyə 24 saat qeyd edilib?” deyə sual verdikdə isə “24 saat yəqin səhv gedib, olur belə şeylər.” cavabını aldım.
İndi sizə sual verirəm, siz deyin, əgər səhv gedibsə, bu səhvin məsuliyyətini kim daşımalıdır?! Bunun cəzasını məhz 24 saat vakant dərs yükünə görə o məktəbi seçdiyim üçün mənmi çəkməliyəm?!”
Beləliklə, kor-kor, gör-gor ki, M.Cabbarovla M.Abbaszadə tarixi cinayətə, tarixi xəyanətə imza atmaqla gələcək nəsillərin nifrət və lənətinə qazanacaq bir işə qol qoyurlar.
Azərbaycan təhsili, dövlətin təhsil siyasəti, xalq və gələcək nəsillər onları bağışlamayacaq.

Anaxeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net