Ana səhifə

İlham Əliyev Prezident Administrasiyasını refreş edəcəkmi? - son həbslərdən çıxan dərslər...

    Tarix: 13-09-2017 08:58   
  İlham Əliyev Prezident Administrasiyasını refreş edəcəkmi? - son həbslərdən çıxan dərslər...
ABŞ-Rusiya arasındakı soyuq müharibənin poliqonu olan Azərbaycan son hadisələrdən ciddi dərslər çıxarmalı oldu.
Rus və NATO generallarının Bakı toplantısı da göstərdi ki, rəsmi Bakı strateji seçim qarşısında qalmaqla yanaşı idarəçilikdə bir çox nöqsanlara əl gəzdirməlidir.


Anaxeber.Az-ın Siyasət Bürosu son baş verənlərlə bağlı yazır ki, Azərbaycanda mövcud sistem və idarəçilik modeli tez-tez daxili intriqaları, problemləri ortaya çıxarır, o da özlüyündə xarici siyasətə siraət edir.
Hakim komanda daxilindəki qruplaşmaların toqquşmaları, maraqların təmin olunması üstündə çəkişmələri siyasi həbslərə, nüfuzlu adamların əsassız saxlanmasına gətrib çıxarır ki, ölkənin imicinə ağır zərbələr endirilir.
Son həbs - “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi Azərbaycanın dünyadakı reputasiyasına böyük xələl gətirdi.
Bu həbs hansı qüvvələrə lazım idisə, artıq prezident İlham Əliyevin həmin gücləri iqtidardan uzaqlaşdırmasına zərurət yaranıb.
Bu hadisələr göstərdi ki, referendumun 1 ili yaxınlaşır və ciddi struktur və kadr islahatlarına ehtiyac var.
Siyasi hakimiyyət Nazirlər Kabineti və Prezident Administrasiyasının strukturlarına təzədən baxmalıdır, kadrlar gəncləşməlidir, intriqa yuvaları dağıdılmalıdır, Əliyevin Qərb və İsraillə münasibətlərini korlayan klanlar zəiflədilməlidir.

Bu proses də referendumdan sonra təsis olunan vitse-prezidentlik institutunun fəallaşdırılması, işlək və operativ bir posta çevrilməsi ilə gerçəkləşə bilər.
Çünki son 1 ildə hələ də PA-dakı bəzi fiqurların və NK-də olan nazirlərin idarəçilikdə hansı ssenariləri həyata keçirdikləri, idarəçiliyə təsir etdikləri göz qabağındadır. M.Əliyevin həbsinə İ.Əliyev qərar verməsə də, ona təqdimat verənlər var idi.
Bu dairələr də məhz PA və NK-da fəaliyyətdədirlər. Qərbdən gələn sərt təzyiqlər və ABŞ-ın sanksiyaları işə salmağa hazırlığı da onların siyasi şantajı nəticəsində baş tutdu.
O baxımdan Prezident Administrasiyası yenilənməlidir. Çünki aparatda prezidentə qarşı qüvvələr var ki, həbslərə təqdimat verirlər.
Yeni siyasi-iqtisadi islahatlar fonunda Azərbaycanın strategiyası fərqli olmalıdır. Artıq ictimai fəalların həbsləri, təzyiqlərə məruz qalması kimi köhnə vərdişlərə son qoyulmalıdır.

Əgər rəsmi Bakı dünyaya açılırsa, beynəlxalq yarışlar təşkil olunursa, müxtəlif forumlar paytaxtda keçirilirsə, Azərbaycanın adı beynəlxalq təşkilatların, nüfuzlu nəşrlərin siyahısında “banan respublikası” və avtoritar rejim” kimi tanınmamalıdır.
Bu cür təxribat xarakterli siyasət işlədən qruplar isə İ.Əliyevi çətin suallar və seçimlər qarşısında qoyurlar. Çünki Avropaya səfərlərində, Davosa gedişində dövlət başçısına suallar ünvanlanır, hansısa PA rəsmisinə deyil...
Ona görə də analitiklər də referendumdan sonra hakimiyyət tərəfindən götürülən siyasi kursun sürətləndirilməsi, PA-dakı fiqurların mərhələli şəkildə kənarlaşdırılması tərəfindədirlər.
Əks təqdirdə zaman-zaman bu fəsadlar ortalığa çıxacaq. Əsasən də 2018 seçkiləri ərəfəsində növbəti təxribatçı siyasi həbslərin olacağı gözləniləndir.
Bu qüvvələr həbslərlə hakimiyyət rəhbərliyinə təzyiq etməyə, ona bağlı qapılar arxasında hansısa sənədlərə imza atmağa, idarəçilikdə diktə etməyə çalışırlar.
İ.Əliyev isə mövcud sistemin intriqabaz və konflikti olan nazirlər, məmurlar ucbatından gerilədiyini gördüyü üçün reformalar keçirməyə çalışır.
Amma göründüyü kimi, Azərbaycanın adı xoşagəlməz hesabatlarda, siyahılarda hallanır. Bu “ayı xidməti” nəticəsində izolyativ siyasətə yaxınlaşma müşahidə edilir.

İ.Əliyevə mane olmayan tənqidçilərinin həbsi məhz beynəlxalq dairələrdə, ABŞ və Avropada seçkiqabağı reytinqini aşağı salmağa hesablanmış ssenarilərdir.
Həmin dairələr isə “5-ci kolon” adlanan korpusdur və dövlətin siyasətinə çomaq soxurlar. Nəticədə ABŞ və Rusiyanın toqquşma arsenalı olan Azərbaycan balanslaşmış xarici siyasətdə axsamağa başlayır.
Bu isə İ.Əliyevə qarşı olan PA-dakı, NK-dəki yüksək çinli bəzi məmurlara, yuxarı eşelonda odiozlaşmış, korrupsiyaya uğramış, mövcud sistemin qalmasında maraqlı olan, reformaların qənimi kəsilən köhnə qvardiyadakı üzvlərə sərfəlidir. Bu da öz növbəsində hər iki strukturda ciddi islahatlar həyata keçirməyi vitse-prezidentlərin təyinatını, bu institutun lokomotivə çevrilməsini şərtləndirir. Referendum ərəfəsində də bəzi PA rəsmiləri qeyd edirdilər ki, NK islahatların lokomotivi ola bilmədi və vitse-prezidentlik bu zərurətdən irəli gəlir. Lakin bu 1 ildə “5-ci kolon” vitse-prezidentliyin yox, mövcud idarəçiliyin, status-kovunn saxlanması üçün dəridən-qabıqdan çıxdı, həbslərə getdi, Qərbin bütün layihələrinin Azərbaycanda dayandırılmasına nail oldu, Tiflisdə həbslər belə gedildi.
Odur ki, Qərb və ABŞ-dan Azərbaycana olan çağırışlara qərəzli yanaşmaqdansa, islahatların reallaşmasına baxmaq lazımdır. İlk növbədə PA prezidentə tabe olan və onun siyasi kursuna zidd getməyən məmurlardan təşəkkül tapmalıdır.
Deputat Qüdrət Həsənquliyev də bildirmişdi ki, bəzi məmurlar başqa ölkələrin prezidentlərinə təzim edir və İ.Əliyevə arxa çevirirlər, sabah da ölkədə həminm dövlətlərə işləyəcəklər. Millət vəkili siyasi məhbusları da azad etməyə çağırmışdı.
O, bununla Rusiya, Türkiyə və İrana bağlı qrupların olduğuna işarə etmişdi. Beləliklə, M.Əliyevin həbsi sübut etdi ki, prezidentə qarşı iş görən qüvvələr var və tezliklə islahatlar başlamalıdır.
AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net