Ana səhifə

İqtidarda qaydasız döyüşlər - Qərbi Əliyevə qarşı qoyan “5-ci kolon” muradına çatdı - Detallar

    Tarix: 08-09-2017 08:38   
  İqtidarda qaydasız döyüşlər - Qərbi Əliyevə qarşı qoyan “5-ci kolon” muradına çatdı - Detallar
Azərbaycanın siyasi gündəmi seçkilərə bir il qalmış qaynar qazana çevrilməkdədir. Ölkə siyasətçiləri tatami üstündə qaydasız döyüşənləri xatırladırlar.
Bu qaydaları pozan tərəflər hakimiyyət dəhlizlərində vurnuxan iri fiqurlardır. Onlar 1994-cü ildən iqtidarı bölüşdürən qüvvələrdir ki, bu gün köhnə ssenariləri işə salırlar.


Anaxeber.az-ın Analitik Bürosu yazır ki, qaydaların pozulması və hökumət daxilində çaxnaşma getdikcə dərinləşir. Bu saraydaxili çəkişmələr “Turan” agentliyinin direktoru Mehman Əliyevin həbsində xüsusi qabarıq müşahidə edildi.
Siyasi məhbusların sayının artması M.Əliyevin tutulmasında partlayış nöqtəsi oldu. İş o yerə çatdı ki, deputat Qüdrət Həsənquliyev də açıq şəkildə danışdı. O, hökumətə tövsiyə etdi - Qərbdən təzyiqlərin azalmasını istəyirsizsə siyasi məhbusları azad edin.
Q.Həsənquliyevin naxçıvanlı olmasına baxmayaraq, onu himayə edən nazirin Paşayevlərə yaxınlığı ilə seçilməsi deputatın hansı qruplaşmanın siyasi hakimiyyətə ismarıcını çatdırdığını deməyə əsas yaradır.
Onun M.Əliyevin və digərlərinin azadlığını tələb etməsi Ramiz Mehdiyev komandasına bir mesaj idi.
Çünki hakimiyyətin Qərblə münasibətlərini korlayan, siyasi məhbusların çoxalmasını təşkil edən, Avropadan təzyiqlərin gəlməsinə şərait yaradan da məhz “5-ci kolon”dur.
Rusiyanın iqtidar içindəki siyasi qanadı seçkiqabağı var gücü ilə İlham Əliyevi şantaj etməkdədir.
Bir tərəfdən Fransa İctimai televiziyası, “Guardian” qəzeti, ABŞ-dan “Vaşinqton Post” qəzeti Azərbaycan hakimiyyətini “topa tutmaq”dadır. Yəqin ki, davamı da olacaq.

Hakimiyyətdəki “5-ci kolon” hələ ki, öz muradına çatmaqdadır. Qərbi Əliyevin üstünə qaldıran ruspərəstlər seçkiqabağı gərginliyə səbəb olublar.
Qərblə münasibətləri yenicə mehribanlaşdıran Əliyev əvvəlcə Kremldən ÜAK-ın ləğvi və s. təzyiqlərlə qarşılaşdı, ardınca iqtidarın köhnə qanadı M.Əliyevi həbs elədi, bununla da ABŞ və Avropa ilə əlaqələr yenə korlandı, nüfuzlu nəşrlər yazılar çap etməyə başladılar.
Moskva və onun Bakıdakı “donanma”sı Əliyevin dünya ilə yaxınlaşmasına imkan vermir. Hətta M.Əliyevin həbsinə görə yazıçı Anardan tutumuş aktyor Nurəddin Mehdixanlıya qədər ziyalılar prezidentə müraciət edirsə, deməli klanlarası şiddətli döyüşlər getməkdədir.
Nə yazıçı Anar, nə yazıçı Çingiz Abdullayev müstəqil ziyalılar deyillər ki, öz şəxsi təşəbbüsləri ilə prezidentə müraciət ünvanlasınlar. Bu, hakimiyyətdəki islahatçı qruplaşmanın diktəsi ilə idarə olunan prosesdir.
Onlar Qərblə əlaqələrin pisləşməsinin tərəfdarı deyillər. Elə Q.Həsənquliyevin çıxışındakı mesajlar da məhz buna hesablanmışdı.


Anaxeber.az-ın Analitik Bürosu yazır ki, seçki yaxınlaşdıqca vəziyyət bu günküdən də mürəkkəb olacaq. Bu gərgin situasiya hakimiyyəti daxildən parçalaya bilər.
Hələlik monolit bir qüvvə olmasalar da, ümumi kursa qarşı açıq çıxışlar yoxdur. Əgər açıq dağıdıcı və separatçı meyllər müşahidə edilməyə başlasa, sarayın içindən dağıdılması modelinin tətbiqinə keçid oluna bilər.
Bu halda Qərbdəki dairələrin maraqları da həyata keçməyə başlayacaq. İ.Əliyev bu təhlükəni görməmiş deyil.
Eləcə də R.Mehdiyev siyasi varislərinin komandada güclənməsi ilə bərabər bu rəqabətin hökumətin parçalanmasına gətirib çıxarması əleyhinədir.
Odur ki, 2018-ci il seçkilərində Naxçıvan klanının mövqeləri möhkəmlənsə, vitse-prezidentlər postunda öz kadrlarını yerləşdirə bilsə, təzədən “atəşkəs” bağlana bilər. Amma bu cür siyasi idarəetmə modelinin ömrü çox uzun ola bilməz.
Faktiki olaraq, hakimiyyət daxilində barışmaz iki güc var və hər qüvvə özü önə çıxmağa can atır. Bu cəhdlər isə komandanı hər dəfə geriyə atır, didişmələrə səbəb olur.
Q.Həsənquliyevin də açıqlaması göstərir ki, hakimiyyət daxilində hər klan öz mesajını deputatların dili ilə çatdırır. Bu gərginliyin qarşıdakı dövrlərdə artacağı gözləniləndir.

Ta o vaxta qədərki İ.Əliyevin namizədliyi irəli sürülsün, siyasi məhbuslar azad edilsin. Prezident isə namizədlik məsələsində hələlik mövqeyini konkretləşdirməyib.
Həm həbslər, həm siyasi mesajlar, həm media müstəvisində təbliğat müharibəsi vəziyyətin ağırlığından xəbər verir.
Mehdiyev klanı 2018 seçkiləri qədər gərgin və çətin mərhələ ilə qarşılaşmamışdı. Bu dəfə müxalifət iqtidarın öz içindən çıxıb.
Onu da nəzərə almaq lazımdır ki, cəmiyyədəki təbəqələşmə gərginliyə, sosial partlayışa, qisas hissinə, aqressiya və məmur-zadəgan zümrəsinə qarşı radikallığa gətirib çıxarmaqdadır.
Yəni, daxildən məmur uşaqları, xaricdən Azərbaycan hakimiyyətini sıxma-boğmaya salan qüvvələrin fəaliyyəti seçkiqabağı iqtidara çox ağır bir sınaq dövrü olacağını deməyə əsas yaradır.
Əgər seçki ərəfəsində bir məmur uşağı avtobus oferini döyərsə, silah çəkərsə, “Qalendvagen”li məmur nəvəsi kiminsə həyatına son qoyarsa, bu, hakimiyyətin həyatına son qoymaq üçün riskli kataklizm olacaq.
Azərbaycan cəmiyyəti onsuz da nüvə halına gəlib və partlamağa hazırdır, digər tərəfdən də deptat Yevda Abramovun dediyi kimi, ölkəni qarışdırmağa meylli qüvvələr siqnal gözləməkdədir.
AnaXeber.az
TURAN

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net