Ana səhifə

Mehriban Əliyevanın namizədliyi kimin gündəm ssenarisidir? - Qərb, Kreml və ...

    Tarix: 05-09-2017 08:21   
 Mehriban Əliyevanın namizədliyi kimin gündəm ssenarisidir? - Qərb, Kreml və ...

Siyasət spekulyasiyalardan ibarətdir. Müasir siyasətdə də imitasiya xarakterli manevrlər olmasa, ictimai rəyi çaşdırmaq mümkün deyil.
Azərbaycanda son 2 seçki spekulyativ proseslərlə yadda qalıb. 2018-ci il seçkilərinin də ondan fərqli olmayacağı görünməkdədir.
Çünki ictimai rəydə sağı aldadıb, soldan vurmaq taktikası işlənməkdədir. Bu siyasi kombinasiya son günlər millət vəkillərinin çıxışlarından başladılıb.
Amma deputat Vahid Əhmədov YAP-ın prezidentliyə namizədliyi ilə bağlı təzadlı açıqlamaları de-şifrə elədi.
Hakim partiyanın I vitse-prezident Mehriban Əliyevanı dəstəkləyəcəyi haqda deyilənlərə V.Əhmədov elə bir eyham vurdu ki, beyinlərdəki bütün suallara aydınlıq gəldi.

AnaXeber.az-ın Analitik Mərkəzinin verdiyi məlumata görə, deputat YAP-ın seçkilərdə namizədinin İlham Əliyev olacağını açıqladı.
V.Əhmədovun sözlərinə görə, başqa namizədlərin adları çəkilir, amma iqtidar partiyası İ.Əliyev üzərində dayanacaq.
Bu şifrəli sözlərin açması ondan ibarətdir ki, M.Əliyevanın namizədliyini irəli sürmək təklifi gündəmdə fikir çaşqınlığı yaratmağa yönəlib. İqtidar daxilində müxtəlif qrup maraqları olsa belə, seçkidə vahid komanda kimi birləşmə təcrübəsinə malikdirlər.
Digər bir tərəfdən M.Əliyeva I vitse-prezident kimi kifayət qədər səlahiyyətləri var və prezident ölkədə olmadığı dövrdə onun vəzifələrini icra etmək hüququ var. Bu halda onun prezident seçkilərində iştirakının böyük bir əhəmiyyəti qalmır.
Əgər söhbət köhnə qvardiya üzvlərinin komandadan təmizlənməsindən gedirsə, bunu İ.Əliyevin 7 illik prezidentliyi dövründə də mərhələli şəkildə həyata keçirə bilərlər.

Amma siyasi reallıqlar diktə edir ki, İ.Əliyev qala-qala M.Əliyevanın seçkilərdə iştirakı nonsensdir. Bəs, İ.Əliyevin fəaliyyəti necə olacaq? Seçki marafonunda siyasi karyerasını donduracaq yoxsa M.Əliyevaya səs verilməsinə çağırış edəcək?
Ondan sonra hansı statusu daşıyacaq? Bəs, ictimai rəydə hansı fikirlər yaranacaq? İ.Əliyevin idarəçiliyi xalqı narazı saldımı ki, hakim M.Əliyevanı dəstəklədi?
Təbii ki, bu sualların ritorik cavabları var. O cavabların birmənalı leytomotivi YAP-ın İ.Əliyevin namizədliyini irəli sürəcəyidir. Sadəcə, hakimiyyət daxilindəki müxtəlif qruplar seçkiqabağı öz ssenarilərini media müstəvisində gerçəkləşdirməyə çalışırlar.
Nəticədə hər deputatın ağzından bir avaz gəlir, hərəsi bağlı olduğu klanın kursuna uyğun danışır. Bu çıxışların seçki yaxınlaşdıqca daha da qızışdırıcı olacağı istisna edilmir. Hələ iqtidar içərisində həll olunmamış məsələlər var.
İlk növbədə, Naxçıvan klanının maraqları təmin olunmalıdır. Onlardan biri vitse-prezident təyinatlarında bu qruplaşmanın namizədlərinin nəzərə alınmasıdır.
Anaxeber.az-ın Analitik Mərkəzi yazır ki, Mehdiyev komandasının 7 illik plan və maraqları təmin olunduğu halda hakimiyyət daxilində sular durulacaq.
Amma yeni siyasi model köhnə qvardiyanın iqtidardan təmizlənməsini diktə edir. Yəni, istəməsə də 7 illik prezidentlik dönəmində bir çox nazirlər vəzifədən gedəcəklər.

Deputatların ikitirəli çıxışları, Ayaz Mütəllibovun açıq mesajı, YAP-dan reaksiyalar göstərir ki, müxalifət də, iqtidar da elə hakimiyyətin özüdür.
Əgər M.Əliyevanın namizədliyi məsələsi qətiləşərsə, biz bunu onun deputat mandatından imtinasında müşahidə edəcəyik. Lakin gedişat sağı göstərib, solu vurmaq taksikasının olduğunu deməyə əsas verir.
M.Əliyevanın namizədliyi həm də İ.Əliyevin siyasi karyerasında ciddi mənfi effektlər yarada, reputasiyasını zədələyə bilər.
2003-cü ildən dövlətin başçısı olan bir liderin 15 il sonra postunu klanların savaşına görə təhvil verəcəyi heç cür inandırıcı görünmür. Amma hələ ki, prezident və xanımından başqa bütün tərəflər seçkilər haqda danışmağa başlayıblar.
Onu da demək lazımdır ki, M.Əliyevanın namizədliyi daxildə yox, həm də xaricdə razılaşdırılmalıdır. Qərb və Rusiyanın siyasi xeyir-duası olmadan Qafqazda seçkiləri rahat keçirmək çətindir.
Yada salaq ki, M.Əliyeva I vitse-prezident təyin olunarkən Qərb mediasından qərəzli sujetlər yayılmaqda idi.
Dişini dişinə sürtən Qərb mediası FOX TV libasında zühur elədi. Prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident təyin etməsi kimlərinsə ürəyincə olmadı.

M.Əliyevanın vitse-prezidentliyini ABŞ telekanalının niyə həzm etməməsi kələfin ucu kimi göründü. Birinci vitse-prezident ilk müsahibəsini Rusiyanın dövlət kanalı olan “Rossiya-1”ə verdi və Qərb dairələrinə ciddi mesaj göndərildi.
M.Əliyevanın vitse-prezident kimi ilk müsahibəsinin “Rossiya-1”də getməsi Qərb dünyasına çox önəmli siqnal oldu. Üstəgəl, Azərbaycanda seçkilərin taleyini ABŞ yox, Rusiya həll edir.
Azərbaycanda prezident seçkiləri ərəfəsində Kremli qıcıqlandırmaq yanlış siyasət olardı. 2018-ci il seçkiləri hakimiyyət üçün sırf geosiyasi maraqlar baxımdan əhəmiyyətli olacaq.
Bu seçkidə ilk dəfə xalq və müxalifətin iştirakı sıfır səviyyəsində gözlənilir. Əvvəlki illərdə müəyyən qədər daxili auditoriyanın təsiri var idisə, gələn ilki seçki geostrateji əhəmiyyət daşıyacaq.
Artıq media, müxalifət və xalqın rəyi bu seçkinin taleyini həll etməyəcək. Bundan əvvəl də etmirdi, sadəcə müəyyən iştirak rolu vardı.
2018 seçkiləri isə həm qlobal iqtisadi böhran, həm ABŞ və Rusiyanın Azərbaycan üzərində planları nöqteyi-nəzərdən vacibdir. Rəsmi Bakı da supergüc dövlətlərlə münasibətlərinə baxmalı olacaq.
AnaXeber.az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net