Ana səhifə

2018-ci il isə ağır siyasi döyüşlərlə yadda qalacaq -- Pərdəarxası gerçəklər...

    Tarix: 22-08-2017 08:40   
2018-ci il isə ağır siyasi döyüşlərlə yadda qalacaq -- Pərdəarxası gerçəklər...
Rokfellerin əbədiyaşar sözüdür: Siz mənə bir vicdansız mətbuat verin, mən bəşəriyyəti məhvərindən oynadım.
Azərbaycan jurnalistikasının korlaşdırılması və həqiqətləri görməzdən gəlməyə vadar edilməsi, haqqın nahaqqa verilməsinin normativə çevrilməsi Rokfellerin arzularının gerçəkləşməsidir.
Bu siyasətin təməli azı 12-14 ildir ki, qoyulub. Azərbaycanda müstəqil və tənqidçi media, peşəkar və vicdanlı mətbuat yox olmalıdır.
İlk hədəflərdən biri məhz kütləvi informasiya vasitələrini kütləvi zombiləşdirmə, kütləvi yalançılıq ruporuna çevirmək idi.


AnaXeber.Az-ın Analitik Qrupu yazır ki, “Turan” İnformasiya Agentliyinə vergi cinayəti işi açılması da məhz media siyasətinin tərkib hissəsiydi.
Bu siyasi kurs iqtidar içərisindəki məmurların öz qərarları və diktəsi ilə reallaşmır. Hakimiyyətə yaxın qaynağımızın sözlərinə görə, Rusiyaya bağlı nüfuzlu siyasi qanadın fəaliyyəti nəticəsində Qərb təsisatlarına yaxın media quruluşları çökdürülür.
Kreml Azərbaycanda Qərbyönümlü medianın mövcudluğunu istəmir. Görünür ki, bu hansısa siyasi ssenarinin başlanğıcına hazırlıqdır.
Eyni zamanda şək-şübhəsiz ki, razılaşdırılmış kampaniyadır. Yəni, Moskvanın istəkləri məmnuniyyətlə yerinə yetirilir və Azərbaycan tərəfi tapşırıqları yüksək səviyyədə icra edir.
Bir müddət əvvəl deputat Qüdrət Həsənquliyevin çıxışı sıradan mesaj deyil idi.
Millət vəkili Azərbaycan prezidentinə arxa çevirməyə hazır olan və başqa ölkələrin rəhbərlərinə biət edən məmurların olduğunu açıqlamaqla məhz Rusiyanın bu siyasətinin gedişatına diqqət çəkmişdi.
Bu şəbəkənin kök atmış mövqeləri var və istənilən an fəallaşırlar. Onlar Azərbaycanda Qərbin güclənməsini önləyirlər və Qərbpərəst təşkilatları, mediaları məhv edirlər. Sonuncu magikanlardan biri isə “Turan” İA idi.
2018-ci il seçkilərinə qalmış Qərb səfirliklərinin bülletenlərinə abunə olduğu agentliyə vergi cinayəti barədə iş açılır və qurumun direktoru Mehman Əliyev Kremlə yaxın qruplaşmanın hədəfinə çıxarılıb.


AnaXeber.Az-ın Analitik Qrupu yazır ki, M.Əliyev Moskvanın “5-ci kolon”u ilə əməkdaşlıqdan imtina etmiş və işini peşəkar səviyyədə qurmuş media kapitanıdır.
Hakimiyyətdəki rus qanadı isə belələri ilə işləməkdən çox, sıradan çıxarmaq xəttini seçim edirlər. M.Əliyev Qərbin hörmət bəslədiyi az sayda media adamlarındandır.
Rusiyanın isə Azərbaycanda Qərbpərəst mətbuatı “zərərsizləşdirməsi”nin səbəbi informasiya müharibəsində qalib gəlmək istəyidir.
Bütün təbliğat maşını Kreml üçün işləməkdədir: Putin haqda pozitiv məqalələr, rus dilinin 2-ci dövlət dili olması təklifinin sosial şəbəkələrdə müzakirəyə çıxarılması, telekanallara anti-Rusiya süjetlərini qadağan etmək, bəzi rəsmilərin çıxışlarında “ayı” məhəbbəti şimal qonşumuzu tərifləyən medianın formalaşdırılması cəhdidir.
“Turan” İA hakimiyyət üçün nə təhlükədir, nə ciddi tənqid meydanı, nə də effektiv informasiya-təbliğat maşınıdır.
Sadəcə, ruspərəstlər seçkiqabağı vəziyyəti gərginləşdirmək və iqtidardakı islahatçı qruplaşmanı qızışdırmaq üçün M.Əliyevi seçiblər. Bununla da “bir güllə ilə iki dovşan” vurmuş olurlar.
Bir tərəfdən Moskvanın KİV siyasəti həyata keçirilir, digər yandan M.Əliyevi Bakı klanının adamı kimi göstərməklə onun müstəqil olmadığını deməyə çalışırlar.
Bu ikibaşlı oyunun ssenarisi çoxdan hazırdır. M.Əliyevin isə hansı spekulyativ addımlar atacağı gözlənilir.
“Turan”ı saxlamaq üçün sistemdaxili şərtlərlə razılaşmaq lazımdır. Bu halda agentlik əvvəlcə yemlənir, sonra bitirilir.Ağır yol isə bağlamaq və xaricdə işləməkdir.
Bu da Kremlin medianın son azadlıq qalalarından birinin yox edilməsində növbəti “zəfəri”dir. Hətta bəzi iqtidar qəzetləri və deputatları da Qərbpərəstləri aşıq şəkildə topa tuturlar.
2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə xeyli vaxt qalmasına baxmayaraq, seçim prosesinə kənar müdaxilələrin olacağı mövzusu aktuallaşıb.
Parlamentarilər və bir sıra rəsmi səviyyələrdə bununla bağlı fikirlər səsləndirilir. Ehtimallara görə, bir sıra güc dövlətlərinin seçkilərdə öz namizədi və blokları ilə iştirak edəcək. Belə vəziyyətdə Qərbpərəst medianı kökündən məhv etmək zərurəti yaranıb.
Azərbaycanda Qərbdən, xüsusilə, ABŞ-dan maliyyələşən və qərbpərəst adlananlar var. Onlar “demokratiya” və “insan haqları” şüarları altında Qərb ölkələrinin maraqlarını ifadə edir, fəaliyyətləri və həyatları da onlardan aldıqları maliyyə üzərində qurulub.
Hakimiyyətin öz içində, dövlət məmurları arasında da həm ABŞ-ın, həm də Rusiyanın xüsusi xidmət orqanlarına xidmət göstərən şəxs və qrupların olması haqda vaxtaşırı məlumatlar yayılır.
Bu informasiya müharibəsində Azərbaycan poliqona çevrilməkdədir. 2018-ci il isə ağır siyasi döyüşlərlə yadda qalacaq. Bu döyüşlərə qədər isə tərəflər bir-birinin mövqelərini atəşə tutur, sarsıdırlar.
M.Əliyevə və “Turan”a atılan “güllə” də məhz döyüşqabağı bir tərəfin qarşı tərəfə mesajıydı. Bu izdə Kremlin iri pəncələrinin ləpirləri görünməkdədir...
AnaXeber.az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net