Ana səhifə

Pyotrdan Putinə: suda rus gəmiləri, quruda 5-ci kolon - Əliyevin dilemması buxtada...

    Tarix: 26-07-2017 04:35   
  Pyotrdan Putinə: suda rus gəmiləri, quruda 5-ci kolon - Əliyevin dilemması buxtada...
Azərbaycanda Ukrayna ssenarisinin nəbzi yoxlanır. Moskva Vaşinqton üçün test etməkdədir - Qusarı Luqansk, Bakının Azadlıq meydanını Kiyevin Maydanına çevirsək, hansı tərpəniş olar?
İkinci sual - Cənubi Qafqazda Azərbaycan ABŞ üçün hansı əhəmiyyəti daşıyır? Üçüncü sual - Kremlin regiondakı liderliyinə “Ağ ev”in Tramp idarəçiliyi dönəmində reaksiya nədir?
***
...Rus gəmiləri yenə Bakı buxtasındadır: Stepan Razinin Xəzər sahillərini zəbti, Pytorun məşhur vəsiyyəti, Putinin SSRİ-nin varislərini vəsiyyətə uyğun nəzarətində saxlaması, yenə seçkiqabağı gəlmələri, 5-ci kolonun fəallığı, ÜAK-ın bağlanması, Lapşinin ekstradisiyası tələbi, qəfil Soçi görüşü - yəni hər bir mülahizəni yürütmək mümkündür ki, bu dəqiqə Rusiya-Azərbaycan münasibətləri “buz” dövrünü yaşamaqdadır.
Xəzərin Bakı buxtasında aysberqə dəyən rus gəmilərinin tək niyyəti var - kisələri, torbaları doldurub əlidolu geri qayıtmaq...
***

AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki, bu hadisələrin bir əmması var - rəsmi Bakı 2018-ci ildə balanslaşdırılmış xarici siyasət strategiyasını davam etdirə bilməyəcək.
Bu, sonuncu prezident seçkiləridir ki, rəsmi Bakı dilemma qarşısındadır: ya Rusiya, ya da Rusiya yox, Avroatlantik məkana inteqrasiya.
Təkcə Bakı buxtasında gələn nöyüt iyi ya da Maydan havası deyil, 5-ci kolonun da köhnə qvardiyasını dingillətmək hiss olunmaqdadır.
Azərbaycanın başına əbədi bəla olan Sürət Hüseynovun qəfil zühur etməsi, Rəhim Qazıyevin sərsəmləməsi, Elçibəyi təhqir etməsi yenə də Moskvanın 5-ci kolon şəbəkəsinin quruda fəaliyyətidir.
Suda rus gəmiləri, quruda 5-ci kolon Azərbaycana qarşı səfərbər olub. Düz, iki aydan çoxdur ki, Rusiyanın təhdid siyasəti göz açmağa macal vermir. Tərslikdən, bu hadisələr ABŞ-ın Azərbaycan siyasətində təsirlərinin azalması dövrünə təsadüf edir.
Rusiya üçün çox böyük, maneəsiz bir meydan açılıb. İndi ona Qafqazda heç bir güc müqavimət göstərə bilmir.
***

Elə vəkil Aslan İsmayılov da sərt şəkildə reaksiya verib: “Yadınızdadırsa 2013-cü ilin əvvəllərində yazmışdım ki, Azərbaycanla Rusiya arasında münasibətlər kəskinləşən kimi bir neçə keçmiş «siyasi xadim»lər dirilirlər və mətbuatda tirajlanmağa başlayırlar.
Həmin dövrdə Rəhim Qazıyevin mətbuatda geniş tirajlanan Prezidentə müraciəti peyda oldu. Elə o dövrdə də Surət Hüseynovun Gəncəyə qayıtması və QHT yaratması söhbəti yayıldı.
Etibar Məmmədov da deyəsən AMİP-lə bağlı hansısa tədbirlər keçirdi. Onda da birinci başlayan R.Qazıyev oldu. İndi də lokomotiv R.Qazıyevdir. Bu günlərdə də onun hamıya müraciəti oldu.
Rəhmətlik Əbülfəz Elçibəyi Vətənə xəyanətdə ittiham etdi. Bu dəqiqələrdə Facebook səhifələrində S.Hüseynovun İstanbuldan məşhur iş adamı kimi şəkili paylaşıldı.
AXC hakimiyyətində təmsil olunmuşlar, adları çəkilənlərin əməllərini şəxsən mənə danışan siyasi, ictimai məşhurlar isə yenə susurlar, özlərini görməmiş, bilməmiş kimi aparırlar.
Deyəndə ki, gözünüz onların qarşısında kölgəlidir məndən inciyirlər. Gənclər bilməyə, görməyə, başa düşməyə bilərlər. Axı mən bu yaşımda, hər şeyi gözləri ilə görmüş necə susum, özümü qanmaz yerinəmi qoyum?
***
  Pyotrdan Putinə: suda rus gəmiləri, quruda 5-ci kolon - Əliyevin dilemması buxtada...
Əlbəttə, deyilə bilər ki, rus gəmiləri Bakıya yarışa gəlib. Qısa arayış: Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45" xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.
Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, gəmilərin səfəri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək ”Dəniz Kuboku-2017" beynəlxalq yarışlarında iştirak etmək məqsədi daşıyır.
Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək. Bu, Rusiya hərbi gəmilərinin son illərdə Bakı sahillərinə ilk gəlişi deyil.
Keçən ilin sentyabrında Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı, kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə “Uqliç” kiçik raket gəmisinin Bakıya rəsmi səfəri olmuşdu.
***

Çox gözəl, çox pakizə...Amma dünyanın müasir siyasəti yarışlar, turnirlər, şou tədbirləri altında yürüdülür.
Nə rəsmi Bakı, nə də Vaşinqton kor deyil ki, rus gəmisinin gəlişində hansı mesajlar var. Və bu ismarıclar S.Hüseynovla R.Qazıyevin peyda olması ilə eyni vaxtda təsadüf edir.
Bəs, Putin Azərbaycan hakimiyyətindən nə istəyir? Nə verib ala bilmir? Hansı şərtlərə Əliyev razılaşmır?
Bu suallara müxtəlif versiyalar olsa da, əsas detallar bundan ibarətdir: Putin Qafqazın sahibi olduğunu bir daha nümayiş etdirir, seçkiqabağı 2013-cü ildə olduğu kimi böyük pullar gəmilərlə daşımağa hazırlaşır, Bakı Avrasiya İttifaqına sürükləməyə can atır, Azərbaycanı Qərbə meyilli siyasətdən tamamilə uzaqlaşdırıb, Moskvanın orbitində saxlamağa çalışır, Bakı buxtasından başlayan Maydanın Qusarda Luqanska çevrilməsinə qədər uzana biləcəyi şantajlarına eyham vurur, Lapşin məsələsində rəsmi Bakının avtoritetlik etməsindən xoşu gəlmədiyinə işarə vurub və ən nəhayət – 2018-də birdəfəlik seçim etməli olacağını xatırladıb.
***



AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki, bu, çox çətin dilemmadır. Əliyev tamamilə Rusiyaya yaxın siyasət kursunu götürsə, Maydan bu dəfə makkeynlər, con kerrilər tərəfindən təşil oluna bilər. Beləcə, Azərbaycan böyük siyasi təhdidin ortasındadır.
Lakin hər şey son deyil, seçkilərə qədər artmaqda olacaq siyasi təzyiqlərə son qoyulması və seçim etməkdən yayınması şansı qüvvədə qalır.
Əliyev manipulyasiya siyasətini gücləndirməklə hər iki supergücü sakitləşdirə bilər. Necə? - belə, şərtlərin nədən ibarət olduğunu tərəflərə göstərməklə, onda Amerika da Qafqazda yeganə neft ölkəsini “ağ ayı”nın pəncələrinə vermək istəməyəcək, status-kvo təmin ediləcək...
Xüsusi olaraq, AnaXeber.Az-ın Analitik Şöbəsi

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net