Ana səhifə

Putin Əliyevi niyə qəfildən Soçiyə çağırmışdı? – gerçəklər, gizlinlər, şərtlər...

    Tarix: 24-07-2017 08:33   
Putin Əliyevi niyə qəfildən Soçiyə çağırmışdı? – gerçəklər, gizlinlər, şərtlər...
Soçi görüşü ciddi əks-səda doğurmadı, gündəmin baş manşeti olmadı. Mətbuat bu görüşə səthi yanaşdı, xəbər lentlərində yol qəzası informasiyası ilə yanaşı adi məlumat keçdi.
İlk dəfə Rusiya və Azərbaycan prezidentlərinin görüşü prioritet hadisə olmadı. Medianın başı jurnalistlərə paylanan evlərin müzakirəsinə elə qarışdı ki, Soçi yada düşmədi.



AnaXeber.Az-ın Siyasət Şöbəsinin əldə etdiyi məlumata görə, prezident İlham Əliyevlə həmkarı Vladimir Putinin görüşündə ciddi nəticələr və razılaşmalar əldə olunmayıb.
Profilaktik söhbət xarakterli Əliyev-Putin görüşü daha çox rəsmi Bakının atdığı addımları korrektə etməsinə tövsiyə mahiyyəti daşıyıb.
Yəni, Azərbaycanın Ermənistanla münaqişədə müstəqil siyasəti, Lapşinin həbsi,cəbhə xəttində erməniyə hər dəfə ağır cavab verilməsi, Trampın gəlişindən sonra ABŞ-la əlaqələrin inkişafı Moskvanın o qədər də razı salmır.
Ona görə də Soçi görüşü bir zərurət idi ki, profilaktik söhbət aparılsın. Analoji görüş Serj Sərkisyanla Putin arasında da gözlənilir. Bu o deməkdir ki, Kreml tərəfləri tək-tək söhbətə çağırır, regiondakı siyasi xəritəni çizir, qarşıdakı siyasi strategiyanın prioritetlərini təklif edir.
Əlbəttə, Rusiyanın indi heç vaxt olmadığı qədər qüdrətli və prinsipial oyunçuya çevrilməsi qonşularının onunla hesablaşmasını zəruri edir.
Rəsmi Bakı da bu nöqteyi-nəzərdən Soçi görüşünə daha çox formal xarakterli, Putin nə deyəcək görəsən formatında yanaşırdı. Ona görə də qapalı görüşün detalları da ictimaiyyətə geniş şəkildə açıqlanmadı. Sadəcə, müəyyən mesajlar oldu.
Bu mesajlardan biri elə görüşün başlanğıcında oldu: “Ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək”,-deyə Putin vurğuladı. Bu çətin problemlər nədir və niyə Kremlin sahibi niyə qəfildən Əliyevi Soçiyə çağırdı?
Görünür ki, Putini qane etməyən məqamlar var və təcili həlli lazım imiş. Problemlər isə “n” qədərdir: ÜAK, kəlbəcərli girovlar, Lapşin, Qarabağda müharibə, TAP, TANAP və s.



AnaXeber.Az-ın Siyasət Şöbəsinin əldə etdiyi məlumata görə, prezident İlham Əliyev Soçi görüşündən o qədər də məmnun görünmürdü.
Adətən dövlət başçısının görüşlərdən sonra şəkil çəkdirməsi, medianın suallarını cavablandırması zamanı üzündəki məmnunluq hiss olunur.
Soçi görüşü sanki tərəflərin hansısa problemləri hələ də razılaşdıra bilmədikləri təəssüratı yaradırdı. Bütün hallarda Soçi görüşünün Dağlıq Qarabağ münaqişəsinin
həllini sürətləndirəcəyini düşünmək olmaz.
Tam tərsinə, Kreml Azərbaycan ordusunun işğalçıya artan təzyiqindən narahatdır və bu narahatlığını müxtəlif yollarla rəsmilərimizə anladırlar. “Rusiya istəsə münaqişə qısa zamanda həll olunar” - yanaşması hələ köhnəlməyib.
Yetər ki, istəsin. Elə problemin kökü də bundadır ki, Rusiya hələ istəmir, istəsə də Azərbaycana elə ağır şərtlərini irəli sürür ki, bunlara “hə” demək Azərbaycanın Ermənistanın gününə düşməsinə gətirib çıxaracaq.
Kreml istəsə erməni separatçılarının girov saxladığı iki vətəndaşımızı da asanlıqla azad edə bilər. Bunun üçün Putinin erməni həmkarına bir telefon zəngi kifayət edər.
Ancaq hələ bunu da istəmir, istəsə bizim də azad edə biləcəyimiz şəxs var və onun ismi Putinə bəllidir - Lapşin.
Aramızı vurmaq cəhdlərinə baxmayaraq, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü iki ölkə arasında dostluq münasibətlərinin ancaq inkişaf edəcəyinin daha bir əyani sübutudur.

Bunu Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin Soçidə keçirilən görüşünü şərh edən Rusiya Dövlət Dumasının deputatı, Azərbaycan-Rusiya parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.
Dumanın deputatı demək istəyib ki, aramızı vurmağa Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi və Lapşinin həbsi idi. Lakin başqa rəylər də var: məsələn, Lavrov və ona yaxın erməni lobbisi təmsilçiləri mütəmadi olaraq Azərbaycana qarşı qara piar kampaniyası gerçəkləşdirirlər.
Heç kim deyə bilməz ki, Lavrov qeyri-peşəkar siyasətçidir, yəni Azərbaycanı qaralama prosesini planlı şəkildə aparır.
Məsələn, İrəvan öz ərazisindəki Rusiya hərbi bazasını, daha doğrusu, Ermənistan - Rusiya birgə qoşunlarını və onun nəzarətində olan "İsgəndər" raketlərini Azərbaycana qarşı çəkinmədən istifadə edəcəyini iddia edirdi.
Həmçinin, iyulun 4-də Fizulinin Alxanlı kəndinin Ermənistan ordusu tərəfindən qumbaraatan atəşinə tutulmasından sonra 2 yahlı Zəhranın ölümü məsələsi dünyanı sarsıdan zaman Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda erməni əsilli Rusiya vətəndaşlarının incidilməsi barədə məlumat yaydı, məqsəd Ermənistanın işğalçılıq faktının gizlədilməsi idi.

Amma görünür, artıq Rusiya hakimiyətində başa düşürlər ki, Azərbaycan Rusiya üçün Ermənistanla müqayisədə qat-qat etibarlı və əlverişli tərəfdaşdır və Bakını çox incitmək də olmaz. Soçi görüşü həm də bu rakursdan əhəmiyyətli idi.
Hətta erməni şərhçilər indi Rusiyanın Azərbaycanı niyə cəzalandırmaması, niyə Azərbaycanın silahlanmasına göz yumması barədə məyus şərhlər yazmağa başlayıblar.
Bəzi erməni şərhçilər hətta Putindən soruşurlar ki, niyə o, İlham Əliyevdən tələb etməyib ki, "İsgəndər" raketlərini vuran sistemi hardan aldığının yerini desin? Yəni, Soçi görüşünün bir yox, bir neçə başı var...
AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net