Ana səhifə

Bakı qanadı Naxçıvan klanının hava yolunu da bağladı: AZAL şefinin “bileti” kəsilir...

    Tarix: 13-07-2017 10:06   
Bakı qanadı Naxçıvan klanının hava yolunu da bağladı: AZAL şefinin “bileti” kəsilir...
Hakimiyyət daxilindəki mübarizə siyasi arsenalda getməklə bərabər iqtisadi spektrdə də amansız qarşıdurma ilə müşahidə edilir.
Bakı qruplaşması Naxçıvan klanının əlində cəmləyib saxladığı iqtisadi zonaları “bombardman” etməkdədir.
Köhnə qvardiyanın hava yollarını da bağlayan islahatçı qanad öz aerodromunu yaratmaqla çox ciddi bir iqtisadi sektoru ələ keçirməyə müvəffəq olmaqdadır.

AnaXeber.az-ın Analitik Qrupu yazır ki, Azərbaycanda yenicə fəaliyyətə başlayan “Buta” hava yolları şirkəti çox əlverişli qiymətlərlə müxtəlif istiqamətlərə biletlər təklif edir.
Məsələn, Moskva, Antalya, İstanbul, Kiyev, Avropa ölkələrinə 56 manata uçmaq mümkündür. Əslində, möcüzə baş verməyib. Gürcüstandan və yaxud bir Avropa dövlətindən digərinə təyyarə ilə getmək 50-60 avrodur, hətta daha ucuz...
Bir müddət əvvəl ölkəmizə gələn “Vizza air” şirkəti də su qiymətinə hava yolları təklif edirdi. Amma inhisarçı AZAL onu bazardan sıxışdırıb qovdu.
Çünki baş pilot Cahangir Əsgərovun ona gücü çatırdı. “Buta”nın gəlişi isə heç də C.Əsgərovun dişinə görə deyil.
AZAL prezidentinin onu bazardan çıxarmaq qədər siyasi iradəsi yoxdur. Əksinə, bu şirkətin açılması inhisarçı AZAL-ın ləğvini sürətləndirə bilər, indiki halda isə bazarda rəqabət yaratmaqla zəifləməsinə gətirib çıxaracaq.


Belə desək, C.Əsgərov “uçuş zamanı ciddi maneəyə” rast gəlib. Onsuz da dövlət rəsmilərinin, ayrı-ayrı deputatların narazılıq etdiyi AZAL-da qiymətlərin bahalığını prezident İlham Əliyev də dilə gətirmişdi.
Lakin bu tənqidlərdən heç bir dəyişiklik olmadı. C.Əsgərovun təkəbbürlü, lovğa, kobud və heç kimi saymayan xarakteri çoxlarını bezdirmişdi.
Yeri gələndə, Naxçıvan Ali Məclisin sədri Vasif Talıbovla da qarşıdurmaya getmiş C.Əsgərov Naxçıvan klanı içində öz dövlətini qurmuşdu.
Bu sadalanan faktorlar çoxdan AZAL prezidentinin cəzalandırılmasını çiban kimi yetişdirmişdi ki, ona da ən yaxşı cavab Bakı klanından gəldi və bu qruplaşmanın projesi olan “Buta” fəaliyyətə başladı.

AnaXeber.az-ın Analitik Qrupu yazır ki, AZAL dövlətə də az zərbə vurmayıb. C.Əsgərovun götürdüyü kreditlər, aldığı yardımların pulunu dövlət ödəməli olacaq.
Qapalı Səhmdar Cəmiyyətin borc-xərcini dövlətin ödəməsi iqtisadi şəraitin belə ağır vaxtında büdvəyə ikiqat yükdür. 2016-cı ildə ölkə ərazisində hava nəqliyyatından istifadə edən sərnişinlərin 98,5%-ni AZAL-la uçublar.
Ona görə də AZAL şefi Cahangir Əsgərov istədikləri qiyməti qoyur. Amma hər il də sənədlərdə “ziyanla” işləyirlər, büdcədən dotasiya, Mərkəzi Bankdan qaytarmayacaqları kreditlər alırlar.
İndi də AZAL biri 250 milyon dollar olan 4 Boeing alır. Bir uçaq orta məsafəli reysdən bütün xərcləri, vergiləri çıxanda, ortalama, 15 min dollar qazanır.
Bir uçaq orta məsafəli reysdə sutka ərzində 2 dəfə uçur. Deməli bu 250 mln. dollarlıq Boeing 16667 reys etməli, bunun üçün isə 23 il uçmalıdır ki, mayasını çıxartsın.
Əgər hər hansı müəssisə 2 il ziyanla bəyannamə verərsə həmin obyekt bağlanmalıdır. Bu vergilər məcəlləsində nəzərdə tutulub.
Parlament Vergilər Nazirliyinə müraciət ünvanlayıb AZAL-ın bağlanmasını tələb edə bilər. Çünki zərərlə işləyir, büdcəyə ziyan vurur, kreditləri də qaytarmaq imkanı olmur. Bu haıda 4 təyyarə almaq da ikiqat zərbədir.



Dövlət zəmanətləri ilə götürülən borclara görə pullar ödənilir. AZAL-a görə 624 milyon ödənilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir.
Yadınızdadırsa, ötən ilin sentyabrında hökumət “Azərbaycan Hava Yolları”nın borclarının əhəmiyyətli hissəsini silmişdi.
İllərdir AZAL-a ayrılan dövlət investisiyaları, subsidiyalar və başqa güzəştlərə baxmayaraq, yenə də onun borclarının xalqın boynuna – dövlət büdcəsinə yüklənilməsinə heç bir məntiqi izah tapmaq mümkün deyil.

AZAL dövlət qarşısında öhdəliklərini vaxtında yerinə yetirmir. Halbuki bunu özəl şirkət yola versəydi, şirkətə qarşı kəskin sanksiyalar tətbiq edilərdi.
Bütün bunlar o anlama gəlir ki, dövlət şirkətlərinin sahibkarlıqda rolu getdikcə məhdudlaşdırılmalıdır. Kommunaldan tutmuş, nəqliyyat daşımalarına qədər. Amma hazırkı halda AZAL idaretmə menejmentini dəyişməlidir
Göründüyü kimi, AZAL-ın öhdəsindən “Buta” gələ bilərdi və Bakı klanı növbəti layihəsi ilə ənənəvi qruplaşmadan daha bir iri fiquru sıradan çıxarmaqdadır. Üstəgəl, bu komandanın C.Əsgərovdan xoşu gəlmir.


Bir neçə il əvvəl Cahangir Əsgərov kömək istəmək məqsədilə akademik Arif Paşayevlə görüşməyə cəhd edib, lakin onu akademikin qəbul otağından qovublar. Bu məsələ mətbuatda da yayılmışdı və təkzib edilməmişdi.
Əsgərovun böyük korrupsiyaya yol verdiyinə və AZAL rəhbərliyinə qeyri-azərbaycanlıları yığdığına dair məlumatların dövriyyəyə buraxılması da belə düşünməyə əsas verir ki, onunla yolları ayıracaqlar.
Sadəcə, C.Əsgərovu AZAL-dan çıxarmaqla deyil, “Buta” avia şirkətini təsis etməklə prosesin təməlini qoyurlar. Bununla da, Bakı klanı artıq bütün sferalarda güclənməyə başlayır və köhnə qvardiyanın hər hansı ciddi müqaviməti də müşahidə edilmir. Deyəsən, özləri də iqtidarın əldən getməkdə olduğu ilə barışırlar...
AnaXeber.az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net