Ana səhifə

İlham Əliyev ilk 7 illik prezidentliyə gedən yolda hansı klanla işləyəcək? – 2025 projesi...

    Tarix: 05-07-2017 08:32   
 İlham Əliyev ilk 7 illik prezidentliyə gedən yolda hansı klanla işləyəcək? – 2025 projesi...

Yeni Azərbaycan Partiyasının son üç prezident seçkilərində namizədi olmuş İlham Əliyevin dördüncü dəfə namizədliyinin irəli sürüləcəyi ehtimalı çox yüksəkdir.


AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki, onun namizədliyinin irəli sürülməməsi üçün ciddi səbəblər də yoxdur. İqtidar içindəki klanlara da İ.Əliyevin namizədliyi münasibdir.
Baxmayaraq ki, prezident İlham Əliyev “Sputnik”ə müsahibəsində namizədlik barədə qərar vermədiyini söyləyib. Bu da bəzi qüvvələrin “kürkünə birə salıb” ki, hakimiyyət içində ikitirəlik var və Əliyev 2018-ci ildə prezident seçilməkdə israrlı deyil.
Hərçənd, bu fərziyyələri də manipulyasiya etmək olar. Xüsusən də I vitse-prezident Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi haqda fikirlər səslənməkdədir.

Lakin gedişat İ.Əliyevin dördüncü dəfə prezident seçiləcəyini diktə edir. Ona bu yolda isə hər hansı bir maneə qalmayıb - Qərb, Rusiya, İran, İsrail, ABŞ və bütövlükdə dünya birliyi Əliyevin iqtidarının ömrünün ən azı 2025-ci ilə kimi davam etməsində maraqlıdır.
Çünki hakimiyyətlə dil tapa bilirlər, enerji maraqlarına, geopolitik məsələlərə görə mövqelər üst-üstə düşür, Cənubi Qafqazda iqtidar dəyişikliyi başağrısı ola bilər, Ukrayna nümunəsi ibrət dərsi olub.
Prezident seçkilərinə 1 il qalmış ölkədəki siyasi vəziyyət də virtualdan kənara çıxmır. Siyasi hakimiyyət və siyasi müxalifət prosesləri virtualdan reallığa transformasiya etmir.

Nə baş verirsə, sosial şəbəkələr müstəvisindədir və reallıqda heç nə baş vermir – sakitlikdir. O baxımdan İ.Əliyevin referendumdak dəyişikliklərdən sonra ilk 7 il prezident kimi tarixə düşəcəyi real görünür.
Hazırda müxalifətin resursları, beynəlxalq əlaqələri və daxildəki elektoratı da İ.Əliyevin yolunu qapamağa imkan vermir.
Müxalifət də barışıb ki, hələlik heç nə mümkün deyil. Sadəcə, lokal mitinqlərlə diqqəti cəlb etmək olar. Beləliklə, İ.Əliyevin 2018-ci ildə namizəd olması üçün heç bir problem qalmayıb.


AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki,Bakı klanının M.Əliyevanın prezidentliyini irəli sürməsinə zərurəti yoxdur.
Bu qruplaşma onsuz da referendumdan sonra elə bir revanş götürdü ki, tamamilə hakimiyyəti ələ almaqdadır və Naxçıvan klanı yetərincə zəiflədilib. Belə olan halda niyə də İ.Əliyevin yenidən prezident seçilməsi Bakı klanının maraqlarına uyğun olmasın ki?!
Əksinə, kadr islahatlarının getməsi və kadr potensialında Bakı qruplaşmasından istifadə olunması İ.Əliyevə də, Bakı klanına da sərf edir.
Belə demək mümkünsə, İ.Əliyev 2018-ci il prezident seçkilərində hakimiyyətə Bakı klanının çiyinlərində gələ bilər. Bu klanın daha modern, Qərb təhsilli kadrlardan təşəkkül tapması reformalara müəyyən ümidlər verir.
Prezidentin bu klanla işləməyə üstünlük verəcəyini ehtimal etmək olar. 2025-ci ilə qədər proje bundan ibarətdir ki, komanda tam köhnə qvardiyadan təmizlənsin və yeni hakimiyyət formalaşsın.

Bu 7 illik aralıqda bir çox nazirlərin, məmurların başı gedəcək, hakimiyyətin yeni kursuna qarşı çıxanlar zərərsizləşdiriləcək, xırda bürokratiya, iyrerarxik problemlər aradan qaldırılacaq, rüşvətin aşağılardan yığışdırılması və Saakaşvili modelinin tətbiqinə keçid prosesi baş tutacaq.
Lakin bu siyasi xətt siyasi institutların, partiyaların və mətbuatın inkişafına ciddi təsir etməyəcək.
Onlar neosenzura dövrünü yaşayacaq və fəaliyyət dairəsi daha da daralacaq, resurslar əldən çıxacaq. Yalnız hakimiyyətin əlinə baxmaqla mətbuatın və siyasi partiyaların maliyyə vəziyyətinin stabilləşəcəyini qeyd etmək olar.
Ancaq parlamentdə ənənəvi müxalifət görünməyəcək. Hətta yeni gənc müxalifətin formalaşdırılması istisna deyil.


AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki, 5-ci kolon, Kremlin siyasi şantajı, “Milyardləer ittifaqı” kimi layihələr əslində mövsümi xarakter daşıyır.
Yəni, İ.Əliyev bu qüvvələrdən də narahat deyil. Onları tanıyır, necə siyasət yürütməli olduğu barədə təcrübəyə malikdir, Moskvanın Bakıdan nələr istədiyini də gözəl bilir və aydın addımlar atmaqda bir tərəddüdü olmayacaq.
Yalnız gələn il seçki ərəfəsində müəyyən iynələmə və sancma siyasəti yürüdülə bilər ki, hakimiyyət təhdid etsinlər.
Azərbaycan hökumətinin isə hər seçkidən-seçkiyə beynəlxalq təcrübəsi o qədər artıb ki, xaricdən gələn təxribatların səbəbini də, məqsədini də yaxşı dərk edir, önləməyin yolunu da bilir.


Hakimiyyət Kremldən bərk qorxur. Rusiyanın indi “qılıncının dalı da, qabağı da kəsən” vaxtıdır. Əliyev hakimiyyəti isə 2018 seçkisində Moskvanın bütün tələblərinə razılıq verməyə hazırdır, bir şərtlə Qarabağla bağlı təslimçi saziş olmasın. Çünki Azərbaycan hakimiyyəti üçün Dağlıq Qarabağ münaqişəsi ana xətdir.
Eyni zamanda Kremldəki anti-Azərbaycan dairələri də bilir ki, Bakını çox sıxmaq da olmaz. Əks təqdirdə, Azərbaycan korpus kimi yenidən ABŞ-ın yanına sığına bilər. Necə ki, indi Tramp-Əliyev münasibətləri yüksək səviyyədədir.
Kəsəsi, İ.Əliyevin 2018-ci ildə Azərbaycanın ilk 7 illik prezidenti seçilməsi üçün bütün yollarda “yaşıl işıq” görünməkdədir. Sadəcə, bunun üçün YAP iqtidarının qaranlıq tunellerdən keçməsi lazım gələcək...
AnaXeber.az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net