Ana səhifə

Qaykalar boşalır: Əliyevə arxa çevirməyə hazır məmur ordusu yetişir - həbs ssenarisi...

    Tarix: 29-06-2017 08:32   
  Qaykalar boşalır: Əliyevə arxa çevirməyə hazır məmur ordusu yetişir - həbs ssenarisi...

Azərbaycan hakimiyyətinin içində onu heç vaxt tərk etməyən dəhşətli bir qorxu hakimdir ki, bu gün daha dərindən ürək döyüntüləri, həyəcanı hiss olunmaqdadır.

Bu təşviş və narahatlıq hər seçkidən-seçkiyə hakimiyyəti necə təqib edirsə, indi də iqtidarın canından xof çıxmayıb. Əksinə, əvvəlki illərə baxanda indiki təhlükənin miqyası və ciddiliyi daha böyük görünməkdədir.

Azərbaycan hökuməti həm içindən çalxalanır və yenilənir, həm yeni idarəetmə sisteminə keçid dövrünü yaşayır, həm də daxildə və xaricdə müəyyən dairələrlə hesablaşma ərəfəsindədir.

AnaXeber.Az-ın məlumatına görə, hakimiyyət kluarlarında heç vaxt olmadığı qədər bir gərginlik və refreş siyasətinin yaratdığı qarışıqlıq, narazılıq hökm sürür.

Prezident İlham Əliyevin son dəyişiklikləri kimlərinsə ürəyincədirsə, kimlərinsə də kefinə “soğan doğrayır”. Onlar açıq şəkildə narazılıq edə bilmirlər. Lakin müəyyən ssenarilərdə yer almağa başlayırlar.

Bu ssenari isə hakimiyyətində referendumdan sonrakı dəyişiklikləri ilə bərabər prezident seçkilərinə bir il qalmış zamana təsadüf edir.

Yəni, həm İ.Əliyev açıq oyuna gedir, həm də işdən çıxardığı və yaxud zəiflətdiyi qruplaşmaların strategiyası çılpaqlığı ilə göz qabağındadır.

Onlar hansısa mesajlar verirlər, real təhlükənin ip ucunu göstərirlər, daxildə sabitliyin necə pozulacağına eyhamlar vururlar.

Eyni zamanda iqtidar sarayında tarazılığın pozulması həmin güclərin xarici dairələrin ssenarisində iştirakını şərtləndirir. Necə ki, hakimiyyətə hər seçkiqabağı və ya sonrası məhz xarici dairələrlə əməkdaşlıq etmiş məmurlar zərbə vurmağa çalışıblar.

Əslində, Naxçıvan qruplaşmasının parlamentdəki əsas sözçülərindən biri olan deputat Qüdrət Həsənquliyevin strateq.az-a müsahibəsində səsləndirdiyi fikirlər də məhz bu təxribatların ola biləcəyinə işarədir.

Millət vəkili bizim zaman-zaman yazdıqlarımızı müsahibəsində dilə gətirib və mümkün ssenarilərin tətbiqi ehtimalını bildirib. Bu, həm də deputatın timsalında iqtidarın narahatlığını büruzə verməkdir.

Məsələn, Q.Həsənquliyev açıqca deyir ki, bəzi məmurlar İ.Əliyevdən yox, bağlı olduqlarını ölkələrdən qorxurlar.

Əgər onun fikirləri səhih informasiyaya söykənirsə, deputatın ifadəsi əsasında araşdırma aparıla bilər, həmin məmurların kimliyi təsbit olunar, araşdırmanın yekunu olaraq onlara vətənə xəyanət ittihamı ilə cinayət işi açıla bilər.
Hər halda millət vəkili sıradan bir siyasətçi deyil ki, müsahibədə havadan danışsın. O halda Q.Həsənquliyev boşboğaz kimi yadda qalacaq.

Ancaq ictimaiyyət sözügedən deputatı hakimiyyətin “mətbəx”inə bələd olan biri kimi tanıyır. O baxımdan müsahibədə dedikləri çox ciddi prosesin başlanğıcından xəbər verir.

Hətta bəzi məmurlara hədə-qorxu gəlmək, bəzilərini müsahibə ilə diksindirməklə yanaşı bir neçəsinin həbsinə hazırlıq da gedə bilər. Bunun üçün bir səmin hazırlandığı görsənir.

Q.Həsənquliyev qeyd edir ki, onlar Rusiya, İran və Türkiyə haqda danışmağa çəkinirlər.

Sitat: “Yəni bu vəzifə sahibləri qorxurlar ki, Rusiyanın, İranın əleyhinə kəskin bəyanat verən biriylə salamlaşar, görüşərsə, bu, o dövlətlərin xoşuna gəlməyə bilər. Belələri bizim prezidentdən daha çox həmin ölkələrin dövlət başçılarından qorxurlar.

Bu dediklərim təkcə Rusiyaya, İrana aid deyil. Biz 15 iyulda Türkiyədə baş verən hadisələrdən sonra gördük ki, Azərbaycan siyasətində elə adamlar var, prezidenti asanlıqla tənqid edir, ancaq Ərdoğanın adını belə çəkməyə qorxurlar”.

AnaXeber.az-ın məlumatına görə, deputat bu açıqlama ilə bəzi həmkarlarını nəzərdə tutub. Həmçinin, onların arasında agentura şəbəkəsinə bağlı məmurların olduğunu hakimiyyətin və ictimaiyyətin diqqətinə çatdırıb.

İşin qorxulu hissəsi ondan ibarətdir ki, hakimiyyət sıxı saxladığı və günbəgün bərkitdiyi qaykaları bəzilərinin boşaldığını müşahidə edir.

Hökumət dərk eləməkdədir ki, təkcə sıxmaqla total nəzarət işə yaramır və indi internet əsridir, iqtisadi böhran məmurları da narazı salıb və onların heç biri hakimiyyətə sidq-ürəklə xidmət edir.

Sabah dar məqamda iqtidara arxa çevirməyə hazır olan qüvvələr var ki, hökumətin içində yer alıblar. O nöqteyi-nəzərdən 2018-ci il hakimiyyət üçün asan olmayacaq.

Q.Həsənquliyev də onu demək istəyir ki, məmurlar sabitliyin xaricdən pozulacağını öz beyinlərinə yeridiblər.

Sitat: “Bəzi məmurlarda o düşüncə hakimdir ki, ölkədə sabitliyin əsasında böyük güclərin razılaşması durur və o razılaşma olmazsa, istənilən vaxt sabitlik pozular.

Üstəlik, bəzilərində hətta o fikir hakimdir ki, sən hakimiyyətə, dövlətə nə qədər sadaqətli olursan-ol, əgər hansısa xarici güc istəsə, çox asanlıqla sənin vəzifədən götürülmənə nail ola bilər. Və indi belələri, prezidentdən daha çox, həmin xarici dövlətlərdən qorxur, onların kursuna uyğun davranış üsulu seçirlər”.

Deputat hesab edir ki, ilk növbədə, məmur korpusu ciddi nəzarətə götürülməli və qısa müddətə hakimiyyət komandasında təmizlənmə aparılmalıdır.

Artıq bir sıra məmurlar hakimiyyətdən, dövlət başçısından daha çox müxtəlif xarici dairələrə bağlıdır. Bu halda hakimiyyətə qarşı bir narazı məmur batalyonu yetişir ki, onlar yeni müxalifət ola bilər.

Bu sarıdan Q.Həsənquliyev spekulyasiya edərək Naxçıvan qruplaşmasının mesajlarını da çatdırmış olur.
Bakı klanının yüksəlişi Naxçıvan qruplaşmasının zəifləməsi fonunda baş verir və Q.Həsənquliyev yenidən ciddi ismarıclarla dolu bir müsahibə ilə çıxış edir. Çünki sözügedən deputat həmişə müsahibə vermir.

Beləliklə, İ.Əliyevə xidmət etməyən, arxa çevirən və xarici dairələrə sıx bağlı olan məmurların fəaliyyət göstərdiyini bir millət vəkili cəmiyyətin nəzərinə çatdırır.

Hər zaman müxalifətin xarici dairələrə işlədiyini deyən siyasi hakimiyyət rəsmiləri Həsənquliyevin sözlərinə diqqət etməlidir: ya həbslər olacaq, ya da həmin qüvvələr təftiş ediləcək...

AnaXeber.az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net