Ana səhifə

2018 fors-majoru: YAP da o adı açıqlamır...prezidentliyə namizəd kimdir?

    Tarix: 19-06-2017 08:59   
 2018 fors-majoru: YAP da o adı açıqlamır...prezidentliyə namizəd kimdir?
Prezident İlham Əliyev 2018 seçkilərində estafeti I vitse-prezident Mehriban Əliyevaya ötürə bilərmi? Bu açıq sual cəmiyyət üçün aktualdır və birmənalı cavab olmayan müzakirədir.

AnaXeber.Az-ın Analitik Qrupu yazır ki, İ.Əliyevin prezidentlikdən getməsi üçün əsaslar olmaya da bilər, ola da bilər. Bu əsaslar ötən illərdə də olub. Amma seçkilərdən qalib çıxıb.
Gələn ilki prezident seçkilər isə başqalarından çox fərqlənir: geopolitik gedişat, regiondakı vəziyyət, ölkədaxili proseslər, iqtisadi siyasətdə ciddi dəyişikliklər 2018 seçkilərini ötən seçkilərdən ayırır.

Ən azından referendumun keçirilməsi bu seçkinin əvvəlkilərdən fərqinin əhəmiyyətini ortaya qoyur. Deyilə bilər ki, 2009-cu ildə də referendum keçirilmişdi.
İntəhası, həmin dövrdə ölkədə prezident seçkiləri keçirilmirdi, seçkiyə hələ 4 il qalırdı. Amma son referendum prezident seçkiləri ərəfəsinə təsadüf edirdi. Ona görə də 2018 seçkiləri fors-major hadisələrlə yadda qala bilər.
Necə ki, referendumdan sonra bir nazir, bir neçə Prezident Administrasiyası rəsmisi işini itirib, fərmanlar, sərəncamlar, struktur dəyişiklikləri, gənc kadrların irəli çəkilməsi, Naxçıvan qruplaşmasının zəiflədilməsi, köhnə qvardiya ilə vidalaşma, Kremldən qopma siyasəti, ən nəhayət I vitse-prezident təyinatı...
Və niyə də referendumdan başlanan bu ssenarinin davamı olaraq M.Əliyeva prezidentliyə namizəd kimi irəli sürülməsin ki?!
Üstəgəl, İ.Əliyev “Sputnik”ə müsahibəsində namizədliyi ilə bağlı konkret qərarı olmadığını açıqlamışdı. Yeni Azərbaycan Partiyası da seçkiyə bir il qalıb və hələ də prezidentliyə namizədini açıqlamayıb.

Hərçənd, xeyli qabaqdan hakim partiya namizədini elan edirdi. Bu dəfə situasiya fərqlidir və qeyri-müəyyənlik o qədər göz qabağındadır ki, YAP da namizədini açıqlamağa tələsmir.
Deməli, saray daxilində yekun qərar yoxdur və qarşıdurmalar dərinləşə bilər. Söhbət Naxçıvan klanının birmənalı şəkildə istədiyi namizəd İ.Əliyevdən və Bakı klanının dəstəklədiyi M.Əliyevadan gedir.
Əslində, İ.Əliyevin namizədliyinə Bakı klanı da etiraz etmirlər və ya qarşı çıxmırlar. Burda ikitirəlik ondan ibarətdir ki, köhnə qvardiyanı yola salmaq üçün növbəti tramplində M.Əliyevanın prezidentliyinə nail olmaqla prosesi sürətləndirməkdir.
Çünki I vitse-prezidentin hökmü və siyasi iradəsi ilə bir çox nazirləri, Naxçıvan klanında ağır daşları tərpətmək mümkün görünür.
Birinci xanımın islahatçı olması, köhnə qvardiya ilə işləmək istəməməsi, I vitse-prezident köməkçisi vəzifəsinə gənc bir kadrı gətirməsi göstərir ki, mehdiyevçilər sistemdən təcrid olunur.

O nöqteyi-nəzərdən 2009 referendumu ilə son referendumu tay tutmaq olmaz. Bu dəfəki referendum ciddi dəyişikliklərlə müşayiət olunur.
2009-cu il referendumundan sonra açığı, ciddi islahatlar və kadr dəyişiklikləri olmamışdı. 2016 referendumu isə köhnə qvardiya ilə üzülüşmək üçün ümumxalq səsverməsiydi ki, bu haqda yazmışıq.
Beləliklə, hakim partiyanın prezidentliyə namizədlə bağlı mücərrəd danışması və o adı açıqlamaması ciddi siyasi proseslərin getdiyinə işarədir.
Başqa bir məsələ odur ki, 2018-də YAP-ın açıqlayacağı namizəd M.Əliyeva olarsa Naxçıvan qruplaşması etiraz edə bilməyəcək. Nə açıq şəkildə, nə siyasi şantaj və təzyiqlə öz istəklərini diktə edəcəyi inandırıcı görünmür.

Bu, siyasi hakimiyyətin parçalanması demək olacaq və cəmiyyətdə iqtidara olan münasibəti dəyişəcək ki, hökumət iki yerə bölünüb.
Eyni zamanda müxalifətə toparlanmağa təkan ola bilər ki, zəifləmiş və parçalanmış iqtidarı yıxmaq fürsəti yaranıb.
Bütün bu təhlillər və mülahizələrdən çıxan nəticə belədir ki, YAP M.Əliyevanın adını açıqlayana qədər Naxçıvan qruplaşması gizli şəkildə təzyiqləri artıracaq.
Yəni, nə edəcəksə buna qədər edəcək, alınmasa artıq hakim partiyanın rəsmi ad açıqlamasından sonra atacağı addımlar mümkün deyil.
Ona görə də indidən köhnə qvardiya islahatçı qanada qarşı müqavimət göstərməkdədir. Amma hətta vitse-prezident postlarından birinə də öz namizədini yerləşdirməyə müvəffəq olmur.

Və bu situasiyada müxalifətin Bakı klanının yoxsa Naxçıvan komandasının əlinə oynayacağı da önəmlidir. Yəni, iki klandan biri müxalifəti şişirdib meydanlara çıxara və İ.Əliyevə təzyiq göstərə bilər. İndiki halda mehdiyevçilərin müxalifətlə işbirliyi daha inandırıcı görsənir.
Amma qatar çoxdan gedib və müavinsiz qalan PA rəhbəri Ramiz Mehdiyevin komandasının vitse-prezident postuna öz kadrını diktə edə bilməməsi 2018 seçkilərinə də zəifləmiş halda çıxacağına dəlalət edir.

Çünki M.Əliyeva öz ətrafında Prezident Administrasiyası ilə əlaqəli olmayan gənclərdən ibarət komanda yığır.
Bu komandada Naxçıvan qruplaşmasına və veteranlara rast gəlmək mümkün deyil. Hakimiyyətin cavanlaşdırılması siyasətində mühüm gedişat olan bu təyinat göstərir ki, M.Əliyeva PA-dakı köhnə qvardiya üzvləri ilə işləmək istəmir.
Artıq hakimiyyətdə gənclərin irəli çəkilməsi politikası prioritet məsələyə çevrilib. İqtidarın gəncləşməsi və refreş olunması prosesi getməkdədir və bu, Bakı klanının platformasında baş verir.
Buna görə də vəziyyətin mürəkkəbliyini analiz edən mehdiyevçilərin 2018-ci il projesinə qədər hakimiyyətin yeni institutu olan - vitse-prezident postunda tezliklə, təcili şəkildə öz namizədini yerləşməlidir.
AnaXeber.Az
TURAN

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net