Ana səhifə

Bütün oliqarxları sıra ilə vəzifələrindən qoparılacaq, onların əmlakı əllərindən alınaraq...

    Tarix: 07-06-2017 08:52   
Bütün oliqarxları sıra ilə vəzifələrindən qoparılacaq, onların əmlakı əllərindən alınaraq...

Banal və bayağı oliqarxlar gözümüzün qabağında hündürlüklərdən yıxılırlar. Onların yüksəklikləri alçaq təpələrdən ibarət imiş. Ona görə də yıxılanda dayaz olduqlarını görür, ayaqlarını daşlarda əzirlər.

AnaXeber.az yada salır ki, Nəqliyyat Nazirliyinin ölkənin büdcəsindən ən çox vəsait ayrılan qurum olduğu vaxtlarda Ziya Məmmədov da gur-gur guruldayırdı: qoçuları şofer bilmir, jurnalist demir, əlinə keçəni qanına qəltan edib, şül-küt edirdilər.
Elə bilərsən nazir bir banda saxlayırdı. O müfəttişlər də qudurğanlıqdan həzz alırdılar, bu günün sabahını fikirləşmirdilər. Ziya Məmmədov həqiqətən kriminallaşmış, harınlamış və heç kəsi saymayan nazirə çevrilmişdi.
İndi xalqdan oğurladığı pullarla yığdığı var-dövlətin, qurduğu biznesin əlindən necə alındığına dinməz-söyləməz tamaşa edir, səsi də çıxmır.
***

AnaXeber.az yazır ki, Ziya Məmmədovu ilk dəfə Quba olaylarında siyasi şikəst buraxdılar. Ona izah etdilər ki, “cinin canı şüşə”dədir. Nazir isə hikkəsindən dönmədi.
Beləcə, onun harınlamış qardaşı oğlu Aynar da, oğlu Anar da, qardaşları və bütün çevrəsi də “zərərsizləşdirildi”.
Əslində, Ziya Məmmədovu həbs edə bilərdilər. Amma bu səs-küylü hadisə heç kimə lazım olmadı. Eldar Mahmudov həbs olunmayıbsa, Ziya Məmmədov niyə tutulsun ki?!

Həm də istintaq, məhkəmə, ifadələr, nazirdən gözlənməyən açıqlamalar, bir sözlə hakimiyyətə başağrısı lazım deyildi.
Əvəzində lazım olanı etdilər - onun bütün resurslarını, topladığı sərvətləri, obyektlərini, holdinqini əlindən alaraq özünün də dediyi kimi, adi vətəndaşa çevirdilər. Bundan pis nə var ki? Son olaraq da “KFC” restoranlarının əl dəyişməsini xatırlamaq olar.
Məlum olduğu kimi, “Gilan Holdinq” şirkətlər qrupu korporativ saytını qismən yeniləyərək, ticarət və ictimai iaşə sektorunda fəaliyyət göstərən bir neçə müəssisəni bir arada təqdim edib. Onların arasında «AFK» MMC də var.
Bunadək “AFK” MMC-ni (VÖEN 1701109091) “Qarant Holdinq” MMC öz biznes portfelinə daxil edirdi.
Bu MMC “KFC” restoranlar şəbəkəsinin sahibiydi. Ziya Məmmədovun oğlu Anar Məmmədovun nəzarətində olan məşhur obyektlər də əldən çıxdı.
***
“Gilan Holdinq” şirkətlər qrupunun hansı güclərə məxsus olduğunu bilməyən az adam olar. Bilməyənlər internet resurslarında axtarış verməklə tanış ola bilər. Bu holdinq böyük üstünlüklə Bakı klanının kurasiyasındadır.
Düzdür, holdinqin yaradılması və inkişaf etdirilməsi, brendə çevrilməsi başqa bir gücün əli ilə reallaşıb. Amma Bakı qruplaşması ın “Gilan” üzərində ciddi payı var.
Bu mənada Məmmədovların “KFC” restoranları Naxçıvan qruplaşmasına qismət olmadı. Ramiz Mehdiyev klanının öləziyən və tənəzzül dövrünü yaşayan vaxtında Məmmədovların varidatı Bakı klanın əlinə keçdi.
Bundan əvvəl də “Paşa bank” sabiq nazirin oğlunun əmlaklarına məhkəmə qərarı ilə həbs qoydurmuşdu.
«PAŞA Bank» ASC cavabdehlər – «Garant İnşaat Sənaye» MMC-yə (əvvəlki «Azbentonit» sement və tikinti qatqıları zavodu), «Garant Holding» MMC-yə, «Azpod» MMC-yə və Anar Məmmədovun özünə qarşı qarşı iddia qaldırıb.
Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedir. Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləğidir.
***

AnaXeber.az yazır ki, Bakı klanının Məmmədovların “qələmini qırması”, siyasi karyerasının üstündən xətt çəkməsi, əmlaklarının “Gilan”ın hesabına keçirilməsi ilə məhdudlaşmır. Bura həm də struktur dəyişiklikləri daxildir.
Nəqliyyat Nazirliyinin müstəqil qurum kimi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi, bu nazirliyin başına Bakı klanının adamı olan Ramin Quluzadənin gətirilməsi təsadüfi deyil. Məmmədovları məhz Bakı klanı yıxdı.
Yəni, Ziya Məmmədovun illərlə savaşdığı, həm biznes maraqları toqquşduğu, media və s. sahələrdə çəkişdiyi, bir-birinin acığına layihələr təşkil etdiyi hər addımda, hərə öz mətbuatında kompromat materiallar verərək “vurdurduğu” güc onu əzə bilmədi.

Söhbət Məmmədovun əzəli rəqibi olmuş generaldan gedir. Sabiq nazir generalın deyil, Bakı klanı tərəfindən çökdürüldü.

Bakı klanı müxtəlif biznes və ya ictimai birliklər yolu ilə böyük kadr şəbəkəsi yarada biliblər ki, indi İlham Əliyev kadr bankı kimi, məhz, bu bazaya əl atmağa məcburdur.

AnaXeber.az yazır ki, hakimiyyətdəki Naxçıvan qruplaşmasının da aqibəti bu prosesin gedişində daha aydın təsəvvür edilir. Bu qruplaşma özünün qürubunu yaşayır.
Nəticənin hansı siyasi qrupun qalib iddialarına yerləşəcəyindən asılı olmayaraq, Ziya Məmmədovun vurulması saraydaxili intriqa kimi yox, sarayın qəbul etdiyi yeni strategiya kimi qəbul edilməlidir.
Bu strategiya isə «Bir oliqarxın hakimiyyəti» mərhələsinə keçid deməkdir. Bundan sonra bütün oliqarxları sıra ilə vəzifələrindən qoparılacaq, onların əmlakı əllərindən alınaraq islahatçı qanadın xeyrinə müsadirə ediləcək.
Hətta yerli icra başçıları da bu əməliyyata məruz qalacaqlar və növbəti mərhələdə icra hakimiyyəti başçılarının «bürokratlaşdırılması» prosesinə start veriləcək.
Eyni qayda ilə onların da topladığı sərvət və yaratdıqları bütün biznes strukturları bitdən- sirkəyə qədər Bakı qruplaşmasının “biznes imperiyası”na qatılacaq.
AnaXeber.az
T.T

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net