Ana səhifə

Hakimiyyət içərini “zərərsizləşdirib”, növbə xaricin: “demokratiya paytaxtı”nda həbslərin sirri...

    Tarix: 31-05-2017 08:49   
 Hakimiyyət içərini “zərərsizləşdirib”, növbə xaricin: “demokratiya paytaxtı”nda həbslərin sirri...
...Azərbaycanda siyasi həbslərin miqyası ölkə hüdudlarını aşmaqdadır. Jurnalist Rauf Mirqədirovu Türkiyədə həbs etdirib Bakıya gətirdəndən sonra Əfqan Muxtarlının, Daşqın Ağalarovun Gürcüstandan “ekstradisiyası” onun yanında su içmək qədər adi işdir.

Anaxeber.az yazır ki, Gürcüstandakı mövcud rejimin Azərbaycan hakimiyyət ilə sıx əlaqələrə malik olduğunu nəzərə alsaq, o zaman Tiflisin qorxulu şəhərə çevrildiyini söyləmək olar.
Əslində son həbslərin başlığı da – “demokratiya şəhəri”ndə repressiyalar adlanmalıdır. Avropa Birliyinə yaxınlaşan, Avropa İttifaqı ilə viza rejimi ləğv olunan Gürcüstan ölkəsində fəaliyyət göstərən mühacir azərbaycanlıları Bakıya təhvil verir.
Azərbaycanda “Azadlıq” radiosu, meydan.tv və başqa media orqanlarının bloklanması hadisələrin ilkin qığılcımıydı.
Hakimiyyət ABŞ konqressinin maliyyələşdirdiyi radionu ( o radio ki Rusiyada belə fəaliyyət göstərir – müəllif) bağlayanda fəalların dalağı sancmalıydı ki, iqtidar çox ciddi siyasi bazarlıqlar etməyə qadirdir.
Heç kimin ağlına gəlmədiyi halda Fransanın fəxri legionu Leyla Yunusu, ABŞ-ın maliyyə verdiyi KİV-in jurnalisti Xədicə İsmayılın (bu gedişlə Rüstəm İbrahimbəyovu da həbs etmək asan olacaqdı) həbsi bir mesaj idi ki, iqtidara qarşı Afrikanın ucqar ölkəsində də mənzillənib fəaliyyət aparan olsa, onu dünyanın o başından tapıb gətirəcəklər.

O baxımdan son illərdə Tiflisdə oturuşmuş mühacirlərin gürcü demokratiyasına arxayınlaşması əbəs idi.
Bu arxayınçılıq və get-gəlin adiləşməsinə müvəqqəti göz yumuldu, proses izlənildi, kimin kiminlə görüşdüyü, sərhəd məntəqəsini neçə dəfə keçdiyi, kimlərin Tiflisdə hansı qrant layihələri ilə işlədiyi incəliyinə qədər təftiş edildi.
Hakimiyət tələsmirdi - çünki daxildəki problemlərə başı qarışmışdı. Elə ki içəridə bütün güclər “zərərsizləşdirildi” və hakimiyyətə real “təhlükə” sovuşdu, ölkəd sərhədlərini aşmağa keçid etdilər. İndi Tiflisdəki mühacir mərkəzlərini demontaj etmək vaxtıydı.
Hakimiyyət daxili qüvvələrlə problemi həll olunub: media, partiyalar, QHT-lər total nəzarət altındadır. Amma xaricdən fəaliyyət göstərənlərə təsir etmək imkanı məhdud idi.

Məsələn, Avropadakı, ABŞ-dakı mühacirləri sıxışdırmaq olmur. Onları yalnız Bakıdakı qohumları, ailələri ilə çətinə salmaq mümkündür.
Necə ki Emin Millinin qohumları ondan imtina bəyanatı yaydı, Emin Hüseynovun qardaşı tutuldu, Hollandiyadakı mühacir Orduxanın bacıları polisə aparıldı, Qənimət Zahidin qohumları ondan imtina etdi, Natiq Güləhmədoğlunun qardaşı tutuldu və s...
Paralel olaraq, hakimiyyət özünə yaxın medianı Avropa və ABŞ-a reportajlar üçün təlimatlandırmışdı. Qərb ölkələrində və Amerikada mühacirlərin günü, saxta mühacirlərin kimliyi açıq-aşkar göstərilirdi.
Az sonra Milli Şuranın keçirdiyi mitinqin ardınca saxta mühacir bileti işi ortaya çıxdı və AXCP sədri Əli Kərimli prokurorluğa çağırıldı.
Kəsəsi, bütün bu hadisələr xronoloji ardıcıllıqla davam edirdi, hakimiyyət iç problemlərini həll edərək xaricdəki müxalifətlə döyüşürdü, ona görə də Tiflisdəki mühacirlərin ilk həmlədə “ov”lanıb qandallanacağı gözlənilən idi.

Anaxeber.az yazır ki, indiki halda Avropa və ABŞ-da olan mühacirlərin Azərbaycana təhvil verilməsi qeyri-mümkündür. Qərb dövlətləri öz dəyərlərinə sadiqdirlər.
Lakin siyasi bazarlıq zamanı bir neçə saxta mühacirin deportasiyası, bəzilərinin ölkədən çıxarılması mümkündür.
Eyni zamanda onların sırasına ən fəallarının daxil edilməsi də istisna deyil. Hakimiyyət isə deportasiya edilmiş istənilən müxalifətçini ələ keçirə bilər.
Ancaq 2018-ci ilə qədər əsas hədəf xaric və daxil - bütün meydanların boşaldılması, güclərin zəiflədilməsi, maliyyə qaynaqlarının tamamilə qapadılmasıdır.
QHT rəhbərlərinin həbsi ilə bunun ilk dalğası yekunlaşsa da, Tiflis mərkəz olmaqla qrantların əlbəəl ötürülməsi prosesinin qabağı alınmamışdı.
O nöqteyi-nəzərdən “Lanset” klinikasının rəhbəri Fərman Ceyranov və AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə başlanan proses Əfqan Muxtarlı və Daşqın Ağalarovla davam etdirilir.
Hər iki şəxsə G.Bayramlı ilə əlbir olmaq və 12 min dolları keçirmək ittihamı irəli sürüləcəyi də istisna edilmir. Eyni zamanda bu üç şəxsin tutulması ilə dalğanın dayanması gözlənilmir.
Hələ bundan əvvəl Qazaxda meydan.tv əməkdaşı Nicat Əmiraslanova 30 sutka inzibati həbs verməklə irimiqyaslı əməliyyatlara gediləcəyi ismarışı verilmişdi.
Həmçinin, jurnalist Eynulla Fətullayevin məqaləsini xüsusi qeyd etmək lazımdır. Məhz həmin məqalədən sonra həbslərə start verildi və o yazıda adı keçənlər bir-bir yaxalanır.

Gürcüstanda liberal qüvvələrin bu hadisələrə etiraz edəcəyi güman edilir. Ən azı onlar öz hökumətini tənqid edəcəklər. Bu isə nəticəni dəyişmir.
ABŞ Dövlət Departamentinin narahatlığı qədər təhlükəsiz reaksiyalardır. Bundan sonra Tiflis qorxulu bir şəhərə çevriləcək.
Artıq fəallar özlərini Gürcüstan “demokratiyası”nda azad hiss etməyəcəklər. Çünki Bakıdan Tiflisinn bir fərqi də qalmayıb. Hakimiyyətin repressiya əli oralara qədər uzanıb çatıb...
Anaxeber.az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net