Ana səhifə

Verilən evlərin açarı susmağın, ağzını yummağın kilididir - Bayıldan Kürdəxanıyadək başımıza şabaş və başdaşı...

    Tarix: 26-05-2017 08:41   
Verilən evlərin açarı susmağın, ağzını yummağın kilididir - Bayıldan Kürdəxanıyadək başımıza şabaş və başdaşı...
Vaxt varıydı qələm adamını güllələyirdilər (Elmar Hüseynov), sonra kübarlaşdılar və döyməyə başladılar (Bahəddin Həziyev), getdikcə sivilizasiya inkişaf elədi, jurnalisti həbs elədilər (Qənimət Zahid), sonra güllələnmiş mətbuatın başına şabaş səpərək (ev tikmək, pul vermək) azad söz uğrunda davada qələbəni bayram elədilər.
Bəli, 2017-ci ilin 22 iyul Milli Mətbuat Gününə Azərbaycan mediası belə bir mənzərə ilə gedir: xaricdə mənzillənmiş tənqidçi elektron media bloklanıb, çap mediası çökdürülüb, sözə baxmayan jurnalistlərin bəziləri qandallanıb, bəziləri həbsdən sonra ram edilib, qalanları ölkəni tərk edib, böyük çoxluq isə kədərli aqibətlə barışaraq real şərtlər çərçivəsində işini davam etdiririr.


Yəni, lori dillə desək, mətbuatın qeyri-rəsmi şərtləri bundan ibarətdir və məcburiyyət qarşısında hesablaşırsan. Ona görə də mətbuat, jurnalistika heç bir sahəyə daha örnək ola bilmir.
Seçim isə bəllidir: ya Kürdəxanı təcridxanası, ya da Bayıldakı jurnalistlər evi. Bu iki məkanda arasında bilinmir ki, əslində jurnalistin evi haradır – Kürdəxanı yoxsa KİVDF tərəfindən prezidentin verdiyi evlər?!
***
Dünyanın heç bir ölkəsində jurnalistə dövlət ev tikmir. Çünki bu sahənin adamları imtiyazlı təbəqə sayıla bilməz. Jurnalist peşədir, onun işi xəbər əldə etmək və yaymaq, neqativləri tənqid etməkdir.

Əgər mütərəqqi bir addım olsaydı, dünyada azad mətbuata hörmət qoyan ölkələrdə dövlət jurnalistə ev tikərdi. Analoqsuz Azərbaycan isə bu məsələdə də istisnadır.
Ancaq niyəsə mənzilə ehtiyacı olan jurnalistlər evlə təmin olunduqdan sonra qrup şəklində prezidentə müraciət etmirlər ki, çox sağ ol, başımızın üstündə bir dam var, di gəl yüzlərlə jurnalist, milyonlarla gənc ailə evsiz-eşiksizdir, bəlkə banklara göstəriş verəsiniz, aşağı faizlərlə kredit götürməyə şərait yaradılsın, MTK-lər daha az ilkin ödəniş tələb etsin?!

Ələbaxımlı jurnalistikası, dilənçi mediası, gözükölgəli, başıaşağı, bir tikə çörəyə möhtac edilmiş mətbuatın bayramı ola bilməz. Milli Mətbuat Günü tikilən o binadan verilən evlərin açarı susmağın, ağzını yummağın kilididir - yazmağın deyil.
Bu gün yazmamaq, danışmamaq, gerçəkləri dilə gətirməmək üçün pul xərcləyirlər. Bu, Azərbaycan jurnalistikasının axirətinin əlamətləridir.
Biz hələ peşəkarlığı, üslub və yazı səhvlərini, gənc müxbirlərin bisavadlığını, şou mediasının populyarlaşmasını, qəzet satışının dayanmasını və onlarla problemləri qabartmırıq. İndi başlıca qara yaramız azad sözün açarlanmasıdır – Bayılda tikilən evlərin qapısının kilidi ilə...
Evi yıxılan jurnalistə ev tikərək başdaşı qoymağın bənzərini edənlər bu qələbəni bayram edirlər. Əlbəttə, onlar deyən oldu: mətbuat idarə olunan və sözəbaxan bir sektora çevrildi.
Vaxtilə od püskürən, qələminin dalı da, qabağı da kəsən yazarların səsi başqa-başqa yerlərdən, başqa-başqa mövqelərdən gəlir. Azad mətbuat isə həm də onların ucbatından faciəvi taleyini yaşamaqdadır.
***
Sözün bitdiyi bir nöqtə olur. O nöqtə bu il Yasamalın icra başçının gənc jurnalist xanıma vurduğu şillədə möhürləndi. Azərbaycan hakimiyyətinin mətbuata münasibəti o şillədə öz əksini tapırdı.

Azərbaycanı idarə edən qüvvələrin azad və tənqidçi mediaya baxışı jurnalist Fərqanə Novruzovaya vurulan şillədə təzahür edirdi.
Baxmayaraq ki, jurnalistlər üçün müsabiqələr elan olunur, KİVDF tərəfindən maliyyə ayrılır, mənzillər tikilir, bütün hallarda E.Hüseynovla başından güllələnmiş mətbuat hələ də özünü döyüş səngərində hiss edir. Müharibə bitməyib, azad söz isə ən ağır günlərini yaşamaqdadır.
Mətbuata başa saldılar ki, qaydaları və sərhədləri biz müəyyən edirik, siz isə həmin dairənin içində dövrə vurursuz, qırmızı xətti keçənlərin aqibəti yaxşı olmayacaq. İllər, təcrübə, zaman, baş verənlər hamısı gözümüzün qabağındadır.
Bundan sonra da jurnalistlərə bina tikiləcək, evlər veriləcək, yenə də redaksiyalarda dava-qırğınlar düşəcək. Bu adamlar müstəqil mətbuatın sıradan çıxarılmasına əl çalıblar, müstəqil jurnaliztləri, qəzetləri hədəf seçiblər.
Bu gün 100-lərlə qəzet işıq üzü görür. Amma bu qəzetlərə heç bir təlabat yoxdur. Milyonlarla vəsait ona görə xərclənir ki, bu qəzetlər cəmiyyəti yalnla örtə bilsin. Eyni zamanda hakimiyyət yazı adamlarını gözükölgəli etmək üçün müxtəlif mükafatlar verir, KİVDF vasitəsilə qəzetlərə maliyyə yardımı ayırır və azad sözü iyrənc vəziyyətə salmaq üçün bütün vasitələrdən istifadə edir.

Azərbaycanda azad mətbuatın sonuncu qalaları da yıxılmaqdadır. Bu qalalar yıxılmır, zorla sökürlər, tifağını dağıdırlar.
Ancaq gün gələcək, dağıdılan o qalaların yerdə qalan qalıqlarından, daş-qalağından jurnalistlər azad söz heykəlini ucaltmaq üçün təzədən öz evlərini tikəcəklər, əsl evlərini tikəcəklər, o ev ki orda rahatlıqla yaşayacaqlar, bax o evi tikəcəklər öz əlləri ilə...
AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net