Ana səhifə

Əliyev Putinə nə etdi ki...rus “ayı”sı belə qəzəbləndi...? - Kremlin duş effekti verən...

    Tarix: 16-05-2017 08:37   
 Əliyev Putinə nə etdi ki...rus “ayı”sı belə qəzəbləndi...? - Kremlin duş effekti verən...

Ağıla gələn ilk sualın tərtibatı belə ola bilər: İlham Əliyev Vladimir Putinə nə etdi ki, ilin-günün bu vaxtında rus “ayı”sı qəzəbləndi və belə hikkəli addım atdı?!
Analitiklər yazırlar ki, Ümumrusiya Azərbaycanlılarının Konqresi (ÜAK) “canlı ölü” kimi bir təsisat idi və işlək deyildi.
Olsun! Deyək ki, həqiqətən də sözügedən təşkilat fəaliyyətsiz və müqəvva idi, azərbaycanlıların diaspora fəaliyyətində nəzərəçarpan bir iş görmürdü.
Onda heç nə yaramayan, varlığı ilə yoxluğu bilinməyən qurumun ləğvi dünyaya meydan oxuyan, Suriyadan Ukraynaya qədər ləpirləri görünən “ayı”nın nəyinə lazım idi?!

...AnaXeber.az yazır ki, Azərbaycan hakimiyyətinin indi başı möhkəm qarışıqdır.
Hökumət bir tərəfdən qızılların sayını bir küpə edən idmançılara vəd olunan 100 min manatları ödəməyin yollarını axtarırsa, digər tərəfdən İslam Oyunlarını qada-bəlasız, xətası ötüşdürməyi, qonaqları sakit şəkildə yola salmağı fikirləşir.
Təbii ki, belə bir qarışıq vaxtda Kremldən gələn solaxay zərbənin təsiri ikiqat ağır effekt verməkdədir. Bu şillənin təsiri duş effektinə bənzərdir.
Rəsmi Bakı arxadan bıçaq saplanacağını gözləmirdi. Moskva isə tələm-tələsik hakimiyyəti cəzalandırdı. Niyə, nə üçün?
Kreml Rusiyadan yan keçən TAP, TANAP, Bakı-Tiflis-Qars layihələrindən narazıdır. Buna görə bizi cəzalandırmaq yolunu tutublar. Üstəgəl cəbhə bölgəsindəki artan üstünlüyümüz Kremli narahat edir.

Rusiyaya silah alışından 5 milyard dollar xeyir vermişik. Gərək bu xeyri bizə silah satmaq istəyən başqa dövlətlərə verək. Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki təkbaşına vasitəçiliyindən də imtina etməliyik.
Düzdür, rəsmi Bakı bu qədər dərinə getməyəcək. Hakimiyyət yaxşı bilir ki, rus “ayısı ilə zarafat eləmək olmaz və spekulyativ siyasət baha başa otura bilər. Və onu da gözəl anlayırlar ki, “Moskva göz yaşlarına inanmır”.
Putin isə o siyasətçidir ki, tarixdə Türkiyə dövlətinin Ərdoğan başda olmaqla pilotun vurulmasına görə Rusiyadan üzr istəməsinə nail olub. İndi dəli beyinli rus hakimiyyətini üstümüzə qaldırmaq ağır fəsadlar verə bilər.

AnaXeber.az yazır ki, Azərbaycan hakimiyyəti bir müddət yaranacaq soyuqluqdan sonra Rusiya ilə münasibətləri yenidən formasına salacaq. Rəsmi Bakının artıq Moskva ilə siyasətdə böyük təcrübəsi var.
Bundan qabaq da dəfələrlə tərəflər arasında gərginlik yaşanıb, Əliyevin Qərbə meyillənməsinə cavab olaraq təhdid üslubunda həmlələr olub, seçkilər ərəfəsində təzyiq rıçaqları işə salınıb, geosiyasi proseslərdə, o cümlədən enerji layihələrində, Moskvanın iştirakı olmayan projelərdə Kremldən hücumlar başlanıb.
Ona görə də İ.Əliyevin V.Putinlə yenidən dil tapacağını söyləmək olar. Onsuz da münasibətlərdə bir problem də yoxdur. Sadəcə, Moskva qaşınmayan yerdən qan çıxarır.
Bu da Bakını yüngülcə sancmaq, məndən uzaqlaşma mesajını vermək, Avropa İttifaqı ilə assosiativ sazişdən kənarlaşdırmaq, Avrasiya İttifaqına yaxınlaşdırmaq, eləcə də TAP və TANAP layihələrinə görə bir qulaqburması vermək cəhdləridir.
Eyni zamanda 2018-ci il prezident seçkilərinə 1 ildən bir az çox vaxt qalır. Hakimiyyət daxildə bütün məsələləri həmişə olduğu kimi vaxtından əvvəl həll edib: müxalifət ölüvay, media və QHT çökdürülüb, cəmiyyət susqun və xof içində, sosial problemlərə başı qarışan toplumun siyasi tələbləri üfüqdə görünür və...qalır yenə də xarici güclərlə hesablaşmaq.

Referendumdan sonra bəzi gözləntilər var idi ki, Qərbdən ciddi reaksiyalar olacaq. Amma olmadı.
1-ci vitse-prezidentin təyinatında da Avropa təşkilatları münasibət bildirmədilər. Deməli, Qərb və ABŞ Dövlət Departamenti ilə bazarlıq baş tutub. Yerdə qalır qapı qonşusu olan Rusiyanı razı salmaq.
Moskva isə 2013-cü ildə olduğu kimi gələn il də “Milyarderlər ittifaqı”nı fəallaşdıra bilər. ÜAK-ın ləğvinin də bu siyasi ssenarinin tərkib hissəsi olduğu ehtimal edilir.
Moskvanın yeni namizəd axtarışına çıxdığını deyən ilk şəxs heç də sıradan biri olmamışdı. Yəhudi əsilli deputat Yevda Abramov Kremlin ÜAK-ı ləğv etmək məqsədini məhz 2018 projesi ilə əlaqələndirmişdi.
Beləliklə, yuxarıda sadaladığımız enerji layihələrindən tutmuş Avroatlantik məkana inteqrasiya cəhdlərinə qədər, seçkilərdən tutmuş silah alverinədək olan proseslərdə ÜAK-ın ləğvi ana fonda görünür.

Kremlə söykənən şəbəkə açıq şəkildə Qərblə savaşa getməkdədir.
Avropa Şurasının Türkiyəyə qarşı ədalətsiz münasibətini pisləmək hər nə qədər strateji baxımdan rəsmi Bakı üçün mühüm olsa da, bu kampaniyanın arxasında Moskva meyilli qüvvələrin olduğu iddia edilir.
Anti-Qərb koalisiyası təkcə AŞ-na yox, ümumilikdə Avropa strukturlarına qarşı səfərbər olunub. Bu, prezident İlham Əliyevi Qərblə üz-göz etmək, tənqidləri gülləboran kimi yağdırmağa təhrik etmək siyasətidir. Prezidentin isə balanslaşdırılmış xarici siyasətinə isə indiki mürəkkəb geosiyasi vəziyyətdə hava-su kimi ehtiyac var...
AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net