Ana səhifə

Əliyev Ərdoğana görə özünü AŞ PA ilə pis elədi? - Aqramuntun verdiyi arqument

    Tarix: 01-05-2017 08:27   
 Əliyev Ərdoğana görə özünü AŞ PA ilə pis elədi? - Aqramuntun verdiyi arqument

Azərbaycan hakimiyyəti Avropa Parlamenti Baş Assambleyasından (AŞ PA) çoxdan yanıqlı idi. AŞ PA-nın Bakıya etmədiyi pisliklər qalmamışdı.
Yəni, Avropanın nüfuzlu təşkilatında “həftə səkkiz mən doqquz” hökumətin ünvanına olmazın tənqidlər səslənirdi. Sonra “kürü diplomatiyası” tərəfləri barışdırdı.
AŞ PA məruzəçiləri, seçki müşahidəçiləri “demokratiyaya doğru daha bir addım” bəyanatları ilə hakimiyyətin ürəyinə su səpməyə başladılar.
AnaXeber.Az-ın Analitik Mərkəzinin verdiyi məlumata görə, hakimiyyətlə AŞ PA-nın münasibətləri yenidən pisləşə bilər.
Qurumun Türkiyədə referendumdan sonra monitorinqləri bərpa etməsinə rəsmi Bakının ən yüksək səviyyədə kəskin reaksiya bildirməsi əlaqələrin təzədən korlayacağı ehtimalı yaradır.
Çünki prezident İlham Əliyev “qardaş” xitab etdiyi dostuna - Türkiyənin prezident Rəcəb Tayyib Ərdoğana görə AŞ PA-nın üstünə yüyürdü.
Azərbaycan rəsmiləri AŞ PA-nın vaxtilə hakimiyyətə qarşı səsləndirdiyi bəyanatları, qərəzli çıxışları xatırlatdılar, qurumu riyakarlıqda, ikili standartlar siyasətində qınadılar.

Türkiyə hökumətinə qarşı da analoji qərəzi nümayiş etdirdiyini deyən rəsmi Bakı qardaş ölkəyə görə AŞ PA ilə münasibətləri gərginləşirməkdən çəkinmədi.
Şək-şübhəsiz ki, yaxın vaxtlarda AŞ PA-nın sərt bəyanatları Əliyev iqtidarına qarşı yönələcək. Çünki oturduğu yerdə quruma ilişib.
Əslində, Bakı və Ankaranın Avropaya qarşı birgə hücuma keçməsi siyasi maraqlar baxımından başadüşüləndir.
Hər ikisi AŞ PA-dan narazı və qəzəblidir. Amma rəsmi Bakının münasibətləri korlaması ona asan başa gəlməyəcək.
Hər halda AŞ PA-dan cavab olacaq. Digər tərəfdən qurumun işçisi olmuş REAL sədri İlqar Məmmədovun həbsdə olması tərəfləri “mehriban düşmən”ə çevirib.
Sadəcə, əvvəlki illərlə müqayisədə AŞ PA kifayət qədər nüfuzunu itirmiş riyakar bir quruma çevrilib.
Xüsusən də seçkilərdə qeyri-prinsipiallığı qoca qitənin veteran qurumuna münasibəti dəyişib.
Bu faktordan istifadə edən İ.Əliyev hakimiyyətinin xarici siyasətdə təcrübəsinin artmasını da nəzərə alsaq, AŞ PA-nın bundan sonra hansısa sərt tənqidlərinin də ciddi effekt doğuracağı gözlənilmir.
O baxımdan rəsmi Bakının strateji baxımdan mühüm saydığı Ərdoğan hökuməti naminə AŞ PA ilə qarşıdurmaya getmək olardı.

AnaXeber.Az-ın Analitik Mərkəzinin verdiyi məlumata görə, AŞ PA-nın Azərbaycan üzrə məruzəçisi Pedro Aqramuntun istefa məsələsinin gündəmə gəlməsi yerinə düşüb.
AŞPA vitse-prezidenti Georgi Loqvinski "Sputnik"ə verdiyi müsahibədə bir komissiyanın Aqramuntun vəzifədən çıxarılması üçün əsasnamədə dəyişikliklər üzərində işləməyə başladığını söyləyib.
O, məsələnin AŞPA-nın yaz sessiyasında səsverməyə çıxarılacağını bildirib. Daha əvvəl AŞPA-da etibarı itirməsi səbəbi ilə Aqramuntun qurum adından şərhinə və səfərlərinə məhdudiyyət qoyulub.
AŞPA sədri Pedro Aqramunt mart ayının sonunda Rusiya parlamentinin üzvləri ilə Suriyaya gedərək Bəşər Əsədi ziyarət etməsi Baş Assambleyada müzakirəyə səbəb olmuşdu. Üzvlər Aqramuntu istefaya çağırıb.
Aqramunt rüşvətxor biri kimi tanınır. Lakin istefa da vermir və bu, hakimiyyətin əlində ciddi divident və arqumentlərdur.
Azərbaycan hakimiyyəti isə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) rüşvət verilməsi iddiaları ilə bağlı xalqa izahat verməlidir.
Bunu ötən il Müsavat Partiyası bəyan etmişdi. Yəni, hakimiyyətə bu qurumun rüşvətxor kimi tanınması sərfəlidir.
Hökumət demək istəyir ki, buyurun, Avropa, ədalət, insan haqları, demokratiya dediyiniz dəyərlərin müdafiəçisi rüşvətlə məşğuldur.
Ona görə də rəsmi Bakının Türkiyəyə qarşı monitorinqlərin bərpasına kəskin reaksiyası yanlış xarici siyasət deyildi.
Bundan sonra AŞ PA-nın Azərbaycana baxışında nələrinsə dəyişməsi də xüsusi rol oynamır.

Reputasiyası zədələnmiş və Arqamuntla imicini korlamış qurumun Azərbaycanla bağlı dinləmələr keçirməsi də əhəmiyyət kəsb etmir.
Əksinə, hakimiyyətə AŞ PA arasında siyasi bazarlıqlar qızışa bilər. Bakı isə Gülən məsələsindən sonra ikinci dəfədir ki, Ankara ciddi dəstək verir.
Yeri gəlmişkən, Aqramuntla yanaşı AŞPA-nın bir neçə deputatı rəsmi Bakının təmsilçilərindən bahalı hədiyyələr (kürü, xalça, bahalı saatlar, ləl-cəvahirat) və nağd pul almaqda günahlandırılır.
Onlar bunun əvəzində Azərbaycanla bağlı qətnamələrin qəbulunun qarşısı almalı idi. 2013-cü ildə Azərbaycandakı siyasi məhbuslarla bağlı Kristof Ştrasserin hazırladığı qətnamə layihəsi gözlənilmədən rədd edilib.

Qeyd edək ki, Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlanıb. 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti «xüsusi dəvət edilmiş qonaq» statusu almaq üçün Avropa Şurasına müraciət edib.
1994-cü il noyabrın 10-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 (1994) saylı qətnamə qəbul edib.
Bir neçə ay sonra, 3 fevral 1995-ci ildə AŞPA Bürosu 1994-cü ildə qəbul edilib və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın «xüsusi dəvət edilmiş qonaq» statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib.
AnaXeber.Az
Turan


Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net