Ana səhifə

Əliyevin Sakaaşvili projesi: yeni klanla qara zolaqdan çıxışın şok - Pərdəarxası

    Tarix: 27-04-2017 09:00   
Əliyevin Sakaaşvili projesi: yeni klanla qara zolaqdan çıxışın şok - Pərdəarxası


...Bəli, təəccüb doğurmadı. İlk reaksiya və düzəliş deputat Zahid Orucdan gəldi. O Zahid Oruc ki hakimiyyətin ənənəvi qanadının əsas elçilərindən, sözçülərindən biri kimi tanınır.

Anaxeber.Az yazır ki, onun anti-Qərb çıxışları, Kremlin neoimperiyaya qarşı mübarizəsindən təhlil məqalələri ilə bərabər hakimiyyətin “mətbəx”inə bələd olan millət vəkilidir.
Ona görə də prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi qanun layihəsini “Prezident Administrasiyası ləğv olunur” başlığı ilə tirajlayan elektron media ciddi bir ajiotaj yaratmışdı ki, Zahid Oruc dərhal düzəliş etdi.
O, PA-nın ləğvindən söhbət getmədiyini, referendumdan sonra Konstitusiyadakı dəyişikliklərdən irəli gələn düzəlişlər olduğunu bəyan etdi.
Bununla da, medianın fısı yatdı, PA rəhbəri Ramiz Mehdiyevin şəkillərini yerləşdirən saytlara daha da irəli getmək istəmədilər.
Çünki Zahid Orucun operativ reaksiyası həm də R.Mehdiyevin, eləcə də PA-nın açıqlamasıydı. Yəni, narahat olmayın, heç yerə getmirik, qurum da ləğv edilmir.
Ardınca “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də qanun layihəsini şərh etdi və beləliklə, şadyanalıq yağan xəbər başlıqları “sabun köpüyü”nə çevrildi.

Lakin PA-nın ləğvindən söhbət getməsə də, edilən dəyişikliklər şəkk-şübhəsiz ki, Prezident Administrasiyasında yeni bir ab-havanın yaranması ilə müşahidə olunacaq.
Hətta R.Mehdiyevin səlahiyyətlərinin getdikcə azaldılması, bu aparatın funksionallığının əhəmiyyətsizləşdirilməsi prosesi istisna olunmur.
I vitse-prezident institunun yaradılması birmənalı olaraq PA rəhbəri və Baş nazir vəzifələrinin önəmini arxa plana keçirib.
Bu qanun layihəsi isə prezidentin siyasi islahatlara keçidinin inqilabi projesidir. Hər nə qədər Z.Oruc PA-nın ləğv olunmadığını söyləsə də, artıq hakimiyyətin ənənəvi idarəçilikdən imtina etdiyi görürük.
Çılpaq reallıq ondan ibarətdir ki, ənənəvi idarəçilik metastaz verməkdədir, qanqrena olub və sistem çürümüş bir orqan halına gəlib çıxıb.

Anaxeber.Az yazır ki, İ.Əliyevin siyasi reformalara getməyə vadar edən səbəblər də məhz ənənəvi idarəçiliyin doğurduğu fəsadlardan irəli gəlir.
Hakimiyyət ölkəni və iqtisadiyyatı, xalqı və məmurları əvvəlki kimi idarə etmək istəmir: neft tükənib, hökumət “ağ qızıl”dan, baramaçılıqdan, turizmdən danışır, pambıq müşavirələri keçirilir.
Paralel olaraq qanunlar dəyişdirilir, deputatları mandatdan məhrum edən etik qaydalar təsdiqlənir, vətəndaşı təhqirə görə məmurlara cəzalar sərtləşdirilir və ən nəhayət, sonuncu layihə - Prezidentin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi çıxarılır və Birinci vitse-prezidentin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi ilə əvəzlənir.
Z.Orucun və Ə.Nuriyevin təkzib etdiyi məsələ gün kimi aydındır: İlham Əliyev ənənəvi klanla işləmək istəmir və hakimiyyətin idarə olunmasında tərəzidə Paşayevlər ağır gəlməyə başlayır.
Köhnə qvardiyanın qocalması, dövlət idarəçiliyində, məmur-vətəndaş münasibətlərində körpülərin yanması, sistemin işləksizliyi, hətta çürüməkdə olması sürətli siyasi islahatlara zərurət yaradıb.

Hətta belə demək olarsa, Saakaşvilinin Gürcüstanda etdiyi reformların Azərbaycanda həyata keçiriləcəyinə inam var. İ.Əliyev müasir Azərbaycan görmək istəyir.
Avropa İttifaqı ilə viza rejiminin ləğvi barədə müzakirələr də bunu deməyə əsas verir ki, hakimiyyət “banan respublikası” imicini dağıdaraq sivil Qərb ölkəsi yaratmağa yönəlik addımlar atır. Bu mərhələyə keçid isə siyasi islahatlardan asılıdır.
Eyni zamanda media və siyasi partiyalara olan münasibəti yumşaltmaq siyasəti yürüdülə bilər.
Anaxeber.Az yazır ki, mediada Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin Cinayət Məcəlləsində böhtan və təhqirə görə cərimənin miqdarının artırıla biləcəyi barədə xəbərlər müzakirə olunurdu.
Azərbaycanda böhtana görə cərimənin son həddi üç dəfə, təhqirə görə cərimənin son həddi artırılması gözlənilirdi.
Bununla bağlı Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə dəyişikliklər təklif edilirdi.

Dəyişikliyə əsasən, 147-ci maddənin birinci bəndinin (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyasında “100 manatdan 500 manata qədər” cərimələr “1000 manatdan 1500 manata qədər” cərimələri ilə əvəzləndirilir.
148-ci maddənin sanksiyasında isə “300 manatdan 1000 manata qədər” cərimələrin isə “1000 manatdan 1500 manata qədər” cərimələr ilə əvəzlənməsi təklif olunurdu.
Məcəlləyə dəyişikliklər edilməsi ilə bağlı təklifin aprelin 25-də Milli Məclisin plenar iclasında müzakirə edilməsi gözlənilirdi. Amma aprelin 25-də məlum olub ki, qanun müzakirə olunmayacaq.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, sözügedən layihə ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürən qurum onu geri çəkib. Spiker heç bir əlavə şərh verməyib.
Bu dəyişikliklərin Azərbaycanın Avropa Birliyi ilə danışıqlarının yeni mərhələsinin başlanmasına təsadüf etməsi diqqət çəkirdi.
Çünki Avropa İttifaqı ilə danışıqlarda həm də ölkədə insan hüquq və azadlıqlarına dair məsələlər də müzakirə ediləcək ki, bununla bağlı ilkin təmaslar artıq Bakıda başlayıb.
Göründüyü kimi, İ.Əliyev iqtidarı demokratik açılım və loyallaşma siyasi kursunu götürməklə Avroatlantik məkana inteqrasiyanı sürətləndirir, siyasi-iqtisadi reformalar sözdən əmələ keçir, ənənəvi siyasi qruplaşmaların idarəçiliyi nəticəsində Afrika dövlətləri ilə eyni cərgəyə düşən Azərbaycanda bu qara zolaqdan çıxarılır.
AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net