Ana səhifə

İlham Əliyev Milli Məclisdə qaykaları niyə bərkidir? - klan savaşı yoxsa...

    Tarix: 24-04-2017 08:47   
 İlham Əliyev Milli Məclisdə qaykaları niyə bərkidir? - klan savaşı yoxsa...
Azərbaycanın Milli Məclisi orta məktəb sistemi idarəçiliyinə keçməkdədir. Hakimiyyət parlamentdə də qaykaları bərkidir və millət vəkillərinin əl-ayağını yığır.
Sonuncu qaydalar da qırmızı xətti keçən deputatların mandatdan məhrum edilməsinə hesablanmış layihə idi. Parlament deputatlarına qarşı cəzaların sərtləşməsinin səbəbləri yox deyil.

Əlbəttə, Milli Məclis müstəqil deyil və iqtidarın ən yüksək eşelonundan gələn təlimatların icraçısı rolunu oynamaqdadır.
Hakimiyyətin “mətbəx”ində hazırlanmış istənilən qanun layihəsi MM-ə gələndə deputatların 99 faizi “hə” düyməsini basmaqla öz xidmətini göstərmiş olur. Bəs, belədirsə niyə deputatlara qarşı yeni sərt cəzalar tətbiq olunur?

AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, Milli Məclis hər nə qədər bir mərkəzdən idarə olunsa da, parlamentdə müxtəlif qruplaşmaları təmsil edən deputatlar var.
Onların bir hissəsi Naxçıvan klanı, bir qismi Paşayevlər, bəziləri ayrı-ayrı nazirlərin himayəsi altında mandata sahiblənib. Bu müxtəliflilik parlamentdə yeknəsəqliyi pozur.

Çünki hər deputatın ağzından öz qruplaşmasının avazı gəlir. Bəzən də qruplaşmaların qarşıdurması Milli Məclisin tribunasına çıxır.
Məsələn, deputat Zahid Orucla spiker Oqtay Əsədovun tez-tez sözləri çəp gəlir. Spiker dəfələrlə millət vəkilinə xəbərdarlıq edib. Sirr deyil ki, spikerlə deputatın təmsil olunduğu siyasi qruplaşmalar fərqlidir. Bu da media və parlament müstəvisinə çıxanda köhnə qvardiya ilə yeniçərilərin savaşı kimi xarakterizə olunur.
Və yaxud - deputat Araz Əlizadənin sərsəmləmələrini qeyd etmək olar. Rusiyameyilli çıxışları ilə hakimiyyətin məlum qanadının mövqeyini ifadə edən A.Əlizadənin bəzən yersiz ifadələri cəmiyyətdə qıcıq oyadır.

Son olaraq Feysbuk istifadəçilərinə avara deməsi sərt etiraz doğurmuşdu. Söhbət həmin Feysbukda hakimiyyət nümayəndələrinin də olmasından gedir.
Ardınca deputat Tahir Rzayevin meşşan yanaşması - “yaxşı qadın özünə qamçı vurdurmaz” deməklə özünə söyüşlər yağdırtmışdı.
Bu azdırmı? - Aqil Abbas soğan əkməyə, Hadı Rəcəbli kərpic kəsməyə çağırır, Astan Şahverdiyev xalqa “otxod” deyir, Bahar Muradova yorğana görə ayaq uzatmağa dəvət edir, Hüseynbala Mirələmov az yeməyi məsləhət görür və s. ilaxır...
Əslində, ötən və bu il “quş”lamış onlarla deputatdan nümunə gətirmək olar. Rela mənzərə isə bundan ibarətdir ki, 2015-ci ildə təyin olunmuş millət vəkillərinin bir çoxu danışığını diqqət yetirmir, cəmiyyətdə qıcıq yaradır, idarəolunmaz vəziyyət yaradırlar.
Bir tərəfdən klanların deputatları öz ağalarına xidmət üçün müxtəlif rollara girir, bir yandan da xalqı qızışdırırlar.
Belə vəziyyətdə Milli Məclisi uşaq bağçası kimi idarə etmək zərurəti yaranıb. Müxalifət deputatı olmasa da, hakimiyyət öz təyin etdiyi kadrlara da tam nəzarət edə bilmir.
Bu halda deputatların gözünü qorxutmaq, əl-ayağını yığmaq, ağzını “skoç”lamaq məqamı yetişmişdi. Odur ki, yeni cəzalar onların özünə nəzarəti gücləndirə bilər.

AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, İlham Əliyev kifayət qədər siyasi təcrübəyə malikdir.
Onun beynəlxalq əlaqələri, nüfuzlu siyasətçilərlə görüşləri, daxili siyasətdə bu illər ərzində topladığı təcrübə, yaşanmış hadisələrdən çıxarılan nəticələr Milli Məclisdə qaykaları bərkitməsinə əsas yaradıb.
Yəni, kiçik bir qığılcımdan alov yarana bilər və A.Şahverdiyev olayında ölkə prezidentinin reaksiya verməsi göstərdi ki, ağzının danışığını bilməyən bir təyinatlı deputatın ucbatından ölkə qarışa bilər.
Eyni sözləri Hadı Rəcəbliyə də, Araz Əlizadəyə də şamil etmək olar. Habelə, Quba, İsmayıllı hadisələri hakimiyyət üçün yetərincə dərs olub. Ona görə də deputatların əlini-ağzını bağlaması vaxtı çatıb.

Onsuz da onların siyasi təsir imkanları yoxdur, iqtidarın ağzı ilə danışırlar və bunu da təcrübəli deputatlar icra edirlər. Qalanlarının susması daha gözəldir.
Necə ki, Mahir Aslanov, Nəriman Əliyev, İqbal Məmmədov, Hacı Salayev və onlarla belə “lal” deputat adını çəkmək olar ki, heç vaxt MM-də çxış etmirlər.
Onlar danışmamaq təyin olunub və qırmızı xətti keçənlər cəzalandırılır. Məsələn, başqasının yerinə səs verən Ceyhun Osmanlı, Rəsulzadəyə vətən xaini deyən Naqif Həmzəyev cəzalandırılıblar. Beləliklə, bundan sonra Milli Məclis daha displinli idarə olunacaq.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik təklif edilir. Mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirləri tətbiq edilir.
Bundan sonra deputatın mandatdan məhrum edilməsi də təklif olunur. Deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda parlamentin sədri həmin deputat haqqında məsələni İntizam komissiyasına göndərir.
İntizam komissiyası bu məsələyə 2 həftə müddətində baxıb, müvafiq rəy qəbul edir. Milli Məclisin növbəti iclasında həmin rəy müzakirə edilir.
Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net