Ana səhifə

Hakim komandada maliyyə xəyanəti: SAMİR ŞƏRİFOVUN HİYLƏGƏR GEDİŞLƏRİ

    Tarix: 17-02-2017 08:36   
Hakim komandada maliyyə xəyanəti: SAMİR ŞƏRİFOVUN HİYLƏGƏR GEDİŞLƏRİ

Beynəlxalq Bank “faciəsinə” görə Samir Şərifovun məsuliyyəti nədən ibarətdir?
Artıq 2 ilə yaxındır ki, Beynəlxalq Bank ətrafında baş verənlər gündəmin əsas mövzusuna çevrilib. Bir zamanlar Qafqazın ən böyük bankı kimi tanınan, dünya bank bazarındakı texniki yenilikləri ilk dəfə Azərbaycana gətirən, bank xidmətləri bazarının yarıdan çoxunu idarə edən, beynəlxalq reytinq agentliklərinin Azərbaycanın suverenliyinə bərabər tutduğu bu bankın indiki durumu, həqiqətən, ürək ağrıdır. Məlum olduğu kimi, bu 2 ildə ölkənin bütün iqtisadi problemlərinin əsas baiskarı kimi məhz Beynəlxalq Bankın fəaliyyəti göstərilib və bu səbədən də bankın sabiq rəhbəri və onun ətrafı həbsə atılıb.
Cahangir Hacıyevin yerinə təyin olunan yeni sədr – Elmar Məmmədov belə, əyləşdiyi kürsüsündə çox duruş gətirə bilmədi və bir müddət əvvəl vəzifəsindən azad edilib. Maliyyə naziri Samir Şərifovla Cahangir Hacıyevin bir-birinə qarşı ittihamları isə ölkə gündəmini hələ də silkələməkdədir…
Əlbəttə, Beynəlxalq Bank ətrafında baş verənləri daha çox sadalamaq olar. Məqsədimiz isə bu zamana qədər deyilənləri təkrarlamaq yox, bankın indiki hala gətirilməsinin alt qatlarına nəzər salmaqdır. Bu mövzu ilə əlaqədar cumhuriyyet.az olaraq strateq.az-ın apardığı araşdırmasını olduğu kimi diqqətinizə çatdırırıq. İlk olaraq bildirək ki, mötəbər mənbələrdən əldə edilən məlumatlar indiyədək mətbuatda işıqlandırılmayan bir çox mətləblərə aydınlıq gətirir. Məlumatda əsasən maliyyə naziri Samir Şərifovla Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev arasındakı rəqabətin köklərinə, tarixinə işıq tutulur.Həmçinin maliyyə naziri Samir Şərifovun yüksəlişinin səbəbləri də burada öz əksini tapıb. İstərsəniz gəlin, uzun-uzadı təqdimata gərək olmadan, mətləbə keçək.
Samir Şərifov necə nazir oldu?
Bildirildiyinə görə, Samir Şərifovun bu yüksəlişi 1990-cı illərə təsadüf edir: “O, 1995-ci ildə Azərbaycan Respublikası Milli Bankında departament direktoru təyin edilib. Daha sonra baş direktor vəzifəsini icra edən Samir Şərifov 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsinə gətirilib. Bu vəzifəsində 5 il işləyən Samir Şərifov 2006-cı ildən isə indiki postuna – maliyyə naziri vəzifəsinə layiq görülüb”.
Sual oluna bilər: 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin məzunu olan Samir Şərifov öz ixtisası olmayan maliyyə sahəsində ən yüksək zirvəyə necə çıxa bilib?
Məlumatda bu mətləbə belə aydınlıq gətirilir: “90-cı illərdə indiki maliyə naziri Samir Şərifov Mərkəzi Bankın valyuta şöbəsinin rəisi təyin olunub. Həmin vaxt ölkədə yenicə özəl banklar yaranırdı və bu trend birbaşa Samir Şərifovun rəhbərlik etdiyi sahəyə aid idi. Heç bir özəl kapitala malik olmayan Samir Şərifov da əlindəki bu fürsətdən faydalanmağa çalışırdı. El arasında “Sığorta Mamed” kimi tanınan atası bir zamanlar Əmanət Bankının sədri olduğundan kifayət qədər imkanları ilə seçilən Elmar Məmmədovu Samir Şərifov yanına çağıraraq, onun dövlət orqanlarında himayəsini boynuna götürməklə şərikli bank açmağı təklif edir və sövdələşmə baş tutur. Açılan yeni bankın rəhbərliyinə isə Samir Şərifovla birgə Xarici İşlər Nazirliyində işləmiş, sonradan dələduzluğa görə ölkədən qaçan Rövşən Rəsulov təyin olunur. Bu şərikli bank sonralar Kapital Bankın Səbail filialının müdiri Bəşər Hacıyevlə büdcə pullarının müxtəlif sxemlərlə nəğdləşdirilməsi əməliyyatlarında iştirak etdiyinə görə bağlanır. Bəşər Haciyev isə həbs olunur”.
Beləcə, diplomatiyadan bank sisteminə transfer edən Samir Şərifovun bu sahədə ilk uğurları başlayır.
Məlumatdan belə qənaət yaranır ki, nazirin qazandığı bütün uğurlarda birgə özəl bank qurduğu Elmar Məmmədovun imkanlarının da ciddi rolu olub. Bu birgə fəaliyyət Elmar Məmmədovu daha imkanlı hala gətirdiyi kimi, Samir Şərifovu da xeyli ucaldıb və varlandırıb.
Məlumatda qeyd olunur ki, Samir Şərifov Mərkəzi Bankda işlədiyi zamanlar əldə etdiyi uğuru Beynəlxalq Bankla davam etdirmək istəyir. Lakin bu məqsədinə çata bilmir: “Həmin illərdə bankın sədri vəzifəsinə Samir Şərifovun Mərkəzi Bankda rəhbəri olmuş Fuad Axundov təyin olunur. Fuad Axıundov isə Samir Şərifovu yox, Cahangir Hacıyevi kredit komitəsinin sədri vəzifəsinə gətirir. Daha sonra Cahangir Hacıyevi hansısa səbəbdən vəzifəsindən uzaqlaşdırmaq istəyən Fuad Axundovun özü kürsüsünü tərk etmək məcburiyyətində qalır. Həmin kürsüdə oturan isə Cahangir Haciyev olur”.
Bununla da əzəli rəqabət qızışır. Məlumata görə, kifayət qədər xarizmatik xarakterə və şəxsi əlaqələrə malik olan Cahangir Hacıyevin bu “at gedişi” Samir Şərifova Beynəlxalq Bankla bağlı arzularını reallaşdırmağa imkan vermir: “Beləliklə də onda Cahangir Hacıyevə qarşı daxili qısqanclıq yaranır. Sonralar vəzifə pillələrində irəliləyən Samir Şərifov maliyyə naziri kimi Cahangir Hacıyevin sədri olduğu bankın Müşahidə Şurasına rəhbərlik edir. Qazandığı bu fürsət əzəli rəqabət şəraitində nazirin əlini gücləndirir və o, Cahangir Hacıyevi vəzifəsindən uzaqlaşdırıb, yerinə illər öncə aralarında dostluq əlaqəsi yaranmış Elmar Məmmədovu təyin etmək istəsə də, uzun müddət istəyinə nail ola bilmir. Buna Beynəlxalq Bankın həmin illərdə artan reytinqi, Cahangir Hacıyevin malik olduğu münasibətlərə sədaqəti, şəxsi əlaqələri və hörməti imkan vermir”.
ABB XƏYANƏTİ:
Getdikcə ölkə rəhbərliyinin nəzərində nüfuzunu artıran Cahangir Hacıyevin Baş nazir postuna təyin olunması ehtimalı isə naziri daha çox qıcıqlandırır, narahat etməyə başlayır. Məlumata görə, bu barədə yayılan söz-söhbətlər Samir Şərifovu “sürətli addımlar” atmağa vadar edir: “Cahangir Hacıyevin bu uğurlarının qarşısının alınmasının yeganə yolu isə işinin öhdəsindən gələ bilməməsi barədə qənaətin formalaşdırılması, yaratdığı “problem”lərin qabardılması, beləliklə də ölkə rəhbərliyinin yanında nüfuzdan salınması ola bilərdi. 2008-ci ildə başlayan qlobal böhran, dünyadakı bir çox bankların çökməsi də Samir Şərifovun işinə yarayırdı. Cahangir Hacıyevə qarşı ilk hücumlar da bu zaman özünü göstərirdi.
Əslində isə Beynəlxalq Banka Müşahidə Şurasının sədri kimi maliyyə nazirinin özü birbaşa rəhbərlik edirdi. Ən yüksək səlahiyyətli birinin bankdakı problemlərlə bağlı özündən aşağı vəzifə tutmuşları günahlandırması absurd idi. Buna baxmayaraq, uzun illərdən bəri davam edən “qara piar” nəticə verdi. Ötən ilin ilk aylarında Cahangir Hacıyev Beynəlxalq Bankın sədrliyindən uzaqlaşdırıldı, daha sonra isə həbs olundu”.
Maraqlıdır ki, mənbəmizin Cahangir Hacıyevin nüfuzdan salınmasının tarixi kimi göstərdiyi 2008-ci il qlobal böhrandan sonra Samir Şərifova yaxın bir şəxsin ulduzunun parlaması müşahidə edilirdi. Söhbət indiki maliyyə naziri ilə müştərək bank açan Elmar Məmmədovdan gedir.
Məlumata görə, Elmar Məmmədov 2009-cu ildən 2013-cü ilə qədər “Kapitalbank”a, 2014-2015-ci illərdə “Azərtürkbank”a, nəhayət, Cahangir Hacıyev həbsə atılıb tam zərərsizləşdiriləndən sonra, yəni 2015-ci ildən 2016-cı ilin son aylarına qədər Beynəlxalq Banka rəhbərlik edib.
İnformasiya qaynağımız maliyyə naziri Samir Şərifovun sayəsində 2008-ci ildən parlamağa başlayan yeni bank ulduzunun Beynəlxalq Banka gətiriləndən sonra birdən-birə sönməsinin səbəblərinə də aydınlıq gətirir: “Daim öz maddi imkanları, yuxarı vəzifələrdəki yaxınları, onlara verdiyi 100 minlərlə dollarlıq saat hədiyyələri ilə hər kəsin yanında öyünən, intiriqaçı xüsusiyyəti ilə seçilən, insanları özündən asılı vəziyyətdə saxlamaqdan həzz alan bu şəxsin ölkənin ən böyük bankına sədr təyin olunması onu ölkə rəhbərliyinə təqdim edənlərə baş ucalığı gətirmirdi.ABB XƏYANƏTİ:
Hələ “Kapitalbank”da işlədiyi dövrlərdə yaratdığı problemlər, itkilər, sovet dövrü əmanətlərinin qaytarılmasındakı maxinasiyalar onun son vəzifəsinə təyinatını mümkünsüz etməliydi. Beynəlxalq Banka təyinatından sonra illərlə yaradılmış menecmenti dağıdaraq, yalnız şəxsi yaxınlıq prinsipləri ilə savadsız adamları işə götürməklə bu qurumu düşdüyü ağır vəziyyətdən çıxarmaq olmazdı. Əslində Elmar Məmmədovun isə belə bir dərdi yox idi. Onun əsas məqsədi illərlə arzuladığı vəzifəyə təyin olunmaq, Cahangir Hacıyevin ətrafını “vurmaq” üçün əlindən gələni etmək və Azərbaycanın bank bazarını tamamilə öz əlinə keçirmək idi”.
Mənbəmiz Samir Şərifov – Cahangir Hacıyev rəqabətinin əsas katalizatoru kimi təqdim etdiyi Elmar Məmmədovun dövlət sərmayəsi ilə qurulan bank sistemində yaratdığı şəbəkə barədə də məlumat verib.
Onun bildirdiyinə görə, bir vaxtlar atasının rəhbərlik etdiyi, 2009-ci ildən 2013-cü ilə qədər isə özünün sədri olduğu “Kapitalbank”da Elmar Məmmədovun çox ciddi şəbəkəsi var: “2014-cü ildə rəhbərlik etdiyi “Azərtürkbank”a isə faktiki olaraq, onun bu bankda yüksək vəzifə tutan qardaşı nəzarət edir. Beynəlxalq Bankda işlədiyi dövrlərdə qardaşı ilə əlbir olub qara bazarda valyuta satışını birgə təşkil edirdilər”.
Elmar Məmmədov niyə Beynəlxalq Bankdan uzaqlaşdırıldı?
ABB XƏYANƏTİ:
Məlumata görə, Elmar Məmmədovun Beynəlxalq Banka vurduğu ən böyük zərbə keçmiş sovet təcrübəsini yeni iş yerinə daşıması və həyata keçirdiyi uğursuz əməliyyatlar olub: “O, hələ keçmiş Əmanət Bankı dövründə illərlə atasından öyrəndiyi “şapka” prinsipini Beynəlxalq Banka gətirdi. Məhz Elmar Məmmədovun sədrlik etdiyi 1 il 4 ayda Beynəlxalq Bankın tarixində ilk dəfə ipoteka kreditlərinə görə 15%, əmək haqqına verilən kreditlərə görə 15% “şapka” alındı.
Üstəlik, bankın gələcəyi riskə qoyularaq, Neft Fondundan xarici valyuta ilə alınan kreditlər manata çevrilərək illik 8%-lə 15-20 illiyə Elmar Məmmədovun yaxın adamlarına ipoteka kreditləri verildi. Əhalidən manatla alınan əmanətlərə isə illik 15% vəd edən bankın ipoteka kreditlərinə bu cür yanaşması anlaşılmaz olduğu qədər bir çox mətləbləri də gün işığına çıxarırdı. Cahangir Hacıyevin dövründə özlərinin imza atdığı səhvləri şişirdərək, Beynəlxalq Bank rəhbərini günahlandıran Maliyyə Nazirliyinin bu talana laqeyd yanaşması prosesin Elmar Məmmədov tərəfindən deyil, birbaşa Samir Şərifov tərəfindən idarə olunması təəssüratı yaradırdı.
Görünür, bu təəssüratın qarşısını almaq üçün Elmar Məmmədovun Beynəlxalq Bank sərgüzəşti uzun sürmədi. Onun 1 il 4 aydan sonra işdən kənarlaşdırılması Maliyyə Nazirliyinin özünüqoruma instiktindən başqa bir şey deyildi. Öz fəaliyyətini şəxsi maraq və Elmar Məmmədovun intiriqaları səviyyəsinə endirənlər Maliyyə Nazirliyini də bu illərdə alver məkanına çevirdilər”.
Mənbəmiz daha sonra bildirir: “Nazirlik özünün əsas funksiyası kimi yalnız cılız xəzinədarlıq missiyası daşıdığını zənn edir. Halbuki, nazirlik daha geniş funksiyalara malik olmaqla ölkənin iqtisadi siyasətinin bütün istiqamətlərində öz sözünü deməli, ümumi iqtisadi siyasəti koordinasiya etməlidir. İndiyədək bu orqan ölkədə nə mühasibat uçotunun metodologiyasına cavabdehlik daşıyaraq onun beynəlxalq standartlara keçməsini təmin edib, nə ölkədəki normal iqtisadi mühitin yaradılması üçün iqtisadiyyatı dağıdan gömrük monopoliyasının ləğv edilməsinə təşəbbüs göstərib, nə vergi sisteminin təkmilləşdirilməsi istiqamətində hər hansı təkliflər verib, nə də ayrılan maliyyə vəsaitlərinin büdcə təşkilatları tərəfindən düzgün xərclənməsinə nəzarət edib”…
Beynəlxalq Bankın sağalmayan xəstəliyi
ABB XƏYANƏTİ:
Son iki ildə ölkədə başlayan iqtisadi tənəzzülün əsas baiskarı kimi ittiham olunan Azərbaycan Beynəlxalq Bankın (ABB) sağlamlaşdırılması üçün hökumət əlindən nə gəlibsə, edib. Məlumata görə, bu müddət ərzində banka dövlətdən 7 milyard manat, Neft Fondundan isə 1 milyard dollar vəsait ayrılıb. Di gəl ki, Azərbaycanın illik büdcəsinin yarısına bərabər olan bu 8 milyard manat onun yenidən ayaq üstə dayanmasını təmin edə bilməyib.
Bəzi mütəxəssislərin fikrincə, sağlamlaşdırma tədbirləri üçün daha 10-20 milyard manat vəsait lazımdır. Əks halda, Azərbaycanın maliyyə gücünü yeyib bitirən bu bankı iflasdan xilas etmək mümkün olmayacaq.
O halda, haqlı olaraq bəzi suallar ortaya çıxır: Əgər bankı “diriltmək” mümkün deyildisə, onda bu qədər vəsaitin göyə sovrulmasına nə ehtiyac vardı? Azərbaycan Beynəlxalq Bankında problemli aktivlərin həcmi nə qədərdir ki, yarımillik büdcəylə onun yaratdığı problemlərdən qurtulmaq mümkün olmur? Niyə müxtəlif mənbələrdən ayrılan külli miqdarda kapitalı dəyirman kimi üyütməsinə baxmayaraq, ABB “sağlamlaşa” bilmir?
Bankın sabiq rəhbəri Cahangir Hacıyevin ötənilki məhkəmə proseslərində səsləndirdiyi bəzi fikirlər müəmmaları daha da artırır. Sabiq bankirin dediyinə görə, onun rəhbərlik etdiyi dövrlərdə ABB-nin borcu o qədər də çox olmayıb: “Birinci devalvasiyada Beynəlxalq Bank kapitalının ən azı 20-25 faizini (130-150 mln manat) itirə bilərdi. Lakin bankın menecmenti tərəfindən görülən tədbirlər nəticəsində bu itki 7 milyon manat oldu”.
Sabiq bankirin məhkəmə çıxışlarından məlum olur ki, ABB-nin aktivləri orta hesabla 6 milyard dollar təşkil edirmiş. Elədirsə, təkcə ötən il banka ayrılan 8 milyard manat niyə onun “sağlamlaşmasına” kifayət etməyib? Belə çıxır ki, sabiq bankir ayrılan vəsaitlərin “buxarlanması”nın bankdan kənar amillərlə bağlı olduğuna eyham vurur. C. Hacıyevin məhkəmədə səsləndirdiyi fikirlər də bu ehtimalı təsdiqləyir:“Manata və inflyasiyaya təsir edən faktorlardan biri rəsmi dövriyyədən, yəni bank sistemindən kənar qalan pul kütləsidir və bunun əsas mənbəyi Maliyyə Nazirliyidir. ABB-nin özəl layihələrə qoyulan investisiyaları 2 milyard dollar, xarici banklardan cəlb olunmalar üzrə 1-1,5 milyard dollar təşkil etdiyi təqdirdə, dövlətdən 7 milyard manat və Neft Fondundan 1 milyard dollar götürülən vəsait hara sərf olunub, həmin layihələri sağlamlaşdırmaq adı ilə ayrılan milyardlar haradadır?”
Nazir-bankir ortaqlığını bitirən israfçılıq

ABB XƏYANƏTİ:
Məlumatlar bu suallara müəyyən aydınlıqlar gətirir.Yazının əvvəlində də qeyd etdiyimiz kimi, hələ 1995-ci ildən başlayan Cahangir Hacıyev-Samir Şərifov rəqabəti sabiq bankirin məğlubiyyətilə başa çatdıqdan sonra Maliyyə nazirinin təqdimatı ilə onun yerinə Elmar Məmmədov gətirilir. Nairin ortağı olan Elmar Məmmədovun dövründə isə bankın fəaliyyətində nəinki dönüş yaranmır, əksinə israfçılıq halları daha da artır. Bilidirlir ki, Elmar Məmmədov ayrılan bu pulları “qara bazar”da “əridir”, dolları manata çevirib Maliyyə nazirinin yaxınlarına aşağı faizlə ipoteka kreditləri verirmiş. Məlumata görə, Elmar Məmmədovun Beynəlxalq Bankda cəmi 1 il 4 ay sürən rəhbərliyinin əsas səbəbi də budur: nazir Beynəlxalq Bankın sağlamlaşdırılması üçün ayrılan 9 milyard manatlıq (rahat anlaşılsın deyə, Neft Fondundan edilən 1 milyard dollarlıq transferti manatla əvəz etdik) “buxarlanmanın” məsuliyyətindən yaxa qurtarmaq üçün öz ortağını güdaza verməli olur.
“ABB-Moskva” – valyutanı xaricə qaçırmağın ən asan yolu

ABB XƏYANƏTİ:
Əldə etdiyimiz məlumatlardan o da anlaşılır ki, Elmar Məmmədovun təyinatından sonra ABB-yə ayrılan vəsaitlər təkcə Azərbaycan ərazisində göyə sovrulmayıbmış. Bank müxtəlif yollarla külli miqarda kapitalı ölkədən çıxarmağı bacarıb və bu işdə “ABB-Moksva” filialının imkanlarından yetərincə istifadə olunub: “”ABB-Moskva” lüzumsuz və perspektivsiz layihələrə 100 milyon dollardan çox vəsait yönəltmişdir”.
Moskva filialının bank üzərindəki yükü bununla da məhdudlaşmır. Bildirildiyinə görə, Azərbaycanın ağır iqtisadi böhran keçirdiyi, əlavə maliyyə mənbələrinə ehtiyac duyduğu indiki şəraitdə “ABB Moskva” baş ofisi öz ünvanını dəyişdirmək qayğısına qalmış, yerləşdiyi Pokrovka küçəsindən özlərinə (filialın rəhbər menecmentinə) aid yeni binaya köçürülmüşdür. Yeni ofisin kirayəsi isə olduqca yüksək imiş.
Qeyd edək ki, “ABB-Moskva” Rusiya hüquq-mühafizə orqanları tərəfindən reputasiyasi şübhəli bank kimi tanınır. Rusiya KİV-nin yaydığı məlumata əsasən, 2015-ci ilin sonlarında filialın Sankt-Peterburq şöbəsində axtarış aparılıb. Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi rayon üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyi Baş İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İqtisadi Təhlükəsizlik İdarəsinin əməliyyatçıları tərəfindən həyata keçirilən axtarış külli miqdarda vəsaitin qanunsuz yollarla xaricə çıxarılmasının araşdırılması çərçivəsində baş tutub. O da bildirilir ki, yoxlamalar zamanı bank filialının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Mənbəmiz ABB-nin bu qədər şübhəli reputasiyaya malik olan filialına 100 milyon dollardan artıq vəsait ayrılmasının anlaşılmaz olduğunu düşünür: ““ABB-Moskva” Rusiyada fəaliyyət göstərən 100-dən artıq bank arasında problemli kredit göstəricilərinə görə ən “qabaqcıl” müəssisə kimi tanınır. Ötən ilin noyabr ayının yekunlarına əsasən, bank problemli kreditlərini 89,4 faiz artırıb. Belə olduğu halda, “ABB-Moskva”ya 100 milyon dollardan artıq vəsaitin yönləndirilməsi maraq doğurmaya bilməz”.
Nazirə məxsus şirkətlər üçün yaradılan rəqabətsizlik mühiti
İnformasiya qaynağımızın iddialarında ən çarpıcı məqam isə ölkənin indiki ağır vəziyyətində Maliyyə naziri Samir Şərifovun öz şəxsi “təsərrüfatını” böyütməsi ilə bağlıdır. Məlumata görə, ABB-nin fəaliyyətindən və kart-xəzinə əməliyyatlarından əldə edilən gəlirlər hesabına Maliyyə naziri özünə məxsus “Qala Sığorta” şirkəti, “Qala Bazar” kimi restoranlar şəbəkəsi yaradıb: “Əvəzində isə bu biznes sahələrinin daha rahat fəaliyyət göstərmələri üçün rəqibləri sıradan çıxarılıb”.
ABB XƏYANƏTİ:
Qeyd edək ki, “Qala Sığorta” Azərbaycanın ilk sığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC-nın səhmləri əsasında fəaliyyət göstərir. 2007-ci ildə yaradılan “AzRe Təkrarsığorta” həmin il “Qarant sığorta” ilə bərabər lisenziya alıb. Maliyyə Nazirliyinin 06.12.2007-ci il tarixli qərarıyla fəaliyyətə başlayan “AzRe Təkrarsığorta” 8 ildən sonra bütün səhmlərini “Qala Sığorta”ya satıb.
Bu fakt “Qala Sığorta”nın rəsmi saytında da etiraf olunur: “30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti – “AzRe Təkrarsığorta” ASC, Çartis Azərbaycan Sığorta Şirkətinin səhmlərini 100% almışdır və şirkət “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti adı altında fəaliyyətə davam edir”.
Maraqlıdır ki, “Qala Sığorta”nın ulduzu məhz Beynəlxalq Bankın sağalmaz bəlaya düçar olmasından sonra – 2015-cı ilin axırlarında parlamağa başlamışdır. Şirkətin İdarə Heyətinin sədri Viladi Maniyev də 14 dekabr 2015-ci ildə “Trend”-ə verdiyi açıqlamasında bu faktı etiraf edərək bildirib ki, şirkət 2016-cı ildən icbari sığorta xidmətləri göstərəcək.
Həqiqətən də, ötən ildən İcbari Sığorta Bürosunun üzvü olan “Qala Sığorta” avtomobillərin və digər mülkiyyətlərin məcburi sığortalanması haqqına qovuşduğu üçün öz imkanlarını günü-gündən artırır. Və bütün bunlar rəqabətsiz mühit yaradılaraq həyata keçirilir. “Qala Sığorta”nın sələfi “AzRe Təkrarsığorta”yla eyni gündə lisenziya alan “Qarant Sığorta” Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən, 23 sentyabr 2016-cı il tarixində, 36 növdə sığorta aparan və 4 icbari sığorta lisenziyasına sahib olan “Beynəlxalq Sığorta Şirkəti” isə 2016-ci ilin oktyabr ayında bağlanır. Beləcə, Maliyyə naziri S. Şərifova məxsus olduğu iddia edilən “Qala Sığorta” bu sektorda ölkənin əsas söz sahiblərindən birinə çevrilir.
Mənbəmiz “Qala Sığorta”nın birdən-birə parlamasının səbəbini Samir Şərifov-Elmar Məmmədov münasibətlərinin mahiyyətilə izah edir. Bildirildiyinə görə, 1990-cı illərin ortalarında başlayan bu dostluğa artıq ehtiyac qalmamışdı. Əvvəl ciddi özəl kapitalı olmayan Samir Şərifov “Sığorta Mamed”in oğluyla qurduğu ortaqlıq sayəsində xeyli imkanlar əldə etmiş və hakimiyyət pilləsində irəliləyə bilmişdi. Azərbaycanın maliyyə gücünə nəzarət etmək imkanına qovuşduqdan sonra isə onun qarşısında şəriksiz lider olmaq potensialı yaranmışdı. Bunun üçün isə əvvəl rəqiblər, daha sonra şəriklər sıradan çıxarılmalı idi. Neftin ucuzlaşması ilə gələn maliyyə böhranı nazirə bu ideyasını reallaşdırmaq üçün münbit şərait yaradır. Elmar Məmmədovla birləşib Cahangir Hacıyevi bitirən Samir Şərifov, problemli banka rəhbər təyin etməklə öz şərikinin də sonunu hazırlayır.
1995-ci ildən bu günədək keçən 22 il ərzində ciddi maliyyə gücünə malik olmayan Samir Şərifovun bu yüksəlişinin sirlərindən danışan mənbəmiz bunu nazirin “incə düşünülmüş siyasi manevr” qabiliyyətilə əsaslandırır: “O, istər 1995-2000-ci illərdə Milli Bankda, istərsə də 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru işlədiyi zamanlar xarici valyuta və kapital bazarında birbaşa iştirakçısı olmayıb. Həmin ehtiyatları idarə etmək üçün özünə bağlı xarici şirkətlər yaradaraq, müəyyən faiz qazanmaq şərtilə onları bu finans əməliyyatlarına cəlb edib. Maraqlıdır ki, həmin xarici şirkətlərlə danışıqları şəxsən özü aparıb. Riskli əməliyyatlar nəticəsində sözügedən dövrlərdə də Azərbaycan maliyyə sistemi az itkiyə məruz qalmayıb”.
ABB XƏYANƏTİ:
Mənbəmizin bildirdiyinə görə, həmin dövrlərdə Azərbaycana neft sektorundan külli miqdarda kapital axdığından, bu riskli əməliyyatların vurduğu zərər hiss olunmayıb: “Amma o dövrün maliyyə əməliyyatları ciddi şəkildə yoxlanılsa, itkilər rahatlıqla ortaya çıxar. Həmin dövrlərdə Beynəlxalq Valyuta Fondunun Respublikamıza ayırdığı kreditlərin idarə olunması birbaşa Samir Şərifov tərəfindən həyata keçirilirdi”.
Elmar Məmmədovun pozulan büsatı
Mənbəmizin bildirdiyinə görə, nazirin keçmiş ortağı belə, 20 ildən uzun sürən “dostluqlarına” baxmayaraq, bu “incə düşünülmüş siyasi manevrlərin” qurbanına çevrilə biləcəyini yalnız vurulduqdan sonra anlaya bilib. Xüsusulə, ötən aydan etibarən, Elmar Məmmədov öz dəbdəbəli həyat tərzində bəzi korrektələr etməyə məcbur olub. Bu ehtiyatlı davranışlar hazırda Məmmədovlar ailəsini ən təbii haqlarını belə, reallaşdırmağa imkan vermir: “Elmar Məmmədov Samir Şərifov tərəfindən vurulduqdan sonra öz yeganə oğlunun 24 dekabr 2016-cı il tarixinə planlaşdırdığı toyunu təxirə salmalı oldu. Halbuki, toyun keçiriləcəyi “Buta Palase”nin bəzədilməsi üçün, o, Avropa şirkətlərindən birinə 500 min funt-sterlinq köçürmüşdü. Lakin sonradan artıq “qələminin qırıldığını” və iqtisadi tənəzzül dövrünü yaşayan Azərbaycanda bu qədər dəbdədəli toyun səs-küyə səbəb ola biləcəyini düşündüyündən, xeyir işi təxirə salır”.
Taleyin ironiyası
Taleyin ironiyasına baxın ki, Maliyyə naziri öz ortağı sayılan Elmar Məmmədova da Cahangir Hacıyevin taleyini yaşadıb. Mənbəmizin bildirdiyinə görə, Cahangir Haciyevin vurulması üçün Elmar Məmmədovla birləşən Samir Şərifov Beynəlxalq Bankda son ilyarım ərzində baş verən “maxinasiyaları” ortağının ayağına yazmaqdan çəkinmir: “Artıq bu istiqamətdə ciddi işlər aparılır. Qısa müddətdən sonra Elmar Məmmədov da barmaqlıqlar arxasından dünyaya baxmaq taleyilə üzləşə bilər. Elmar Məmmədov isə yaxın çevrəsiylə söhbətində Beynəlxalq Bankda işlədiyi müddət ərzində görülmüş bütün işlərdə naziri günahlandırır. Onun dediyinə görə, adi kadr məsələsini belə, nazirsiz həll edə bilmirmiş”.
Qısası, görünən budur ki, yaxın gələcəkdə yeni bir maliyyə mübahisəsi ilə üzləşəcəyik…
Cumhuriyyet.az

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net