Ana səhifə

Samir Şərifov niyə kölgəyə çəkilib?

    Tarix: 04-02-2017 08:34   
Samir Şərifov niyə kölgəyə çəkilib?

Ölkədə maliyyə böhranı başlayandan hakimiyyət daxilində mövqelərini gücləndirməyə başlayan maliyyə naziri Samir Şərifov son vaxtlar kölgəyə çəkilməyə məcbur olub. ANAXEBER.az-daxil olan məlumatda iddia olunur ki, qara bazarda dollar ötürülməsi əməliyyatlarında Samir Şərifovun yaxın dostu, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Elmar Məmmədovun adının hallanması Samir Şərifovun mövqelərinə ciddi zərbə vurub. Elmar Məmmədov bir ay əvvəl tutduğu vəzifədən azad edilib. O, 2015-ci ilin iyulunda Azərbaycan Beynəlxalq Bankının sədri təyin edilmişdi.

Cahangir Hacıyev ABB-nin rəhbərliyindən uzaqlaşdırılaraq həbs ediləndə baş verənlərin arxasında Samir Şərifovun dayandığı iddia edilirdi. Bildirilirdi ki, nazir maliyyə bossları arasındakı əsas rəqibini çoxdan sıradan çıxarmaq istəyirdi. Nəhayət maliyyə böhranı və manatın devalvasiyaya uğraması Samir Şərifov üçün əla fürsət yaratdı və o, Cahangir Hacıyev üzərində qələbə qazandı. Samir Şərifovun yaxın adamı kimi tanınan Elmar Məmmədovun ABB-nin rəhbərliyinə gətirilməsi, Cahangir Hacıyevin məhkəmə proseslərində "kredit qalmaqalı" ilə bağlı maliyyə nazirini hədəfə alması bu iddiaları bir qədər də möhkəmlətdi. Daha sonra Samir Şərifovun nəqliyyat naziri Ziya Məmmədovun bəzi səlahiyyətlərini nəzarətə götürdüyü barədə məlumatlar yayılmağa başladı. Söhbət "BakuBus" və "Baku Taksi"nin nəzarətə götürülməsində gedir. Bu iddiaların nə dərəcədə doğru olduğunu söyləmək çətin olsa da, ötən il prezident İlham Əliyevin "Baku Bus"un ikinci deposunun açılışında iştirak edərkən Samir Şərifovun onu müşayiət etməsi diqqətdən yayınmadı.

Samir Şərifovun vergilər naziri Fazil Məmmədovu, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu da küncə sıxışdırdığı barədə iddialar dolaşırdı. Bütün bunlar isə maliyyə nazirinin baş nazir olmaq istəyi ilə izah edilirdi. Görünür, Prezidentin böhrandan çıxmaq üçün Samir Şərifova etimad göstərərək səlahiyyətlərini artırması maliyyə nazirini həm rəqibləri ilə hesab çəkməyə, həm daha böyük iddialara düşməyə həvəsləndirmiş eyni zamanda arxayılaşdırıbmış. Lakin yuxarıda qeyd etdiyimiz gözlənilməz zərbə Samir Şərifovu bir qədər geri çəkilməyə məcbur edib. İddialara görə, qara bazara dollar ötürülməsi əməliyyatlarında Elmar Məmmədovu adının hallandırılması artıq Samir Şərifova etimadı sarsıdıb. İndi maliyyə naziri rəqiblərinin bu olaydan istifadə edərək hücuma keçəcəyini düşünür. Bu baxımdan sanki gözdən yayınmağa çalışır.
Anaxeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net