Ana səhifə

Reformist, intellegent, liberal...Mikayıl Cabbarov niyə Mixail Saakaşvili olmadı? - Dosye

    Tarix: 03-02-2017 08:34   
Reformist, intellegent, liberal...Mikayıl Cabbarov niyə Mixail Saakaşvili olmadı? - Dosye
Təhsil naziri Mikayıl Cabbarov bu posta təyin olunanda özünü reformist, Qərbpərəst, xarici dil bilən intellektual, “Çto? Qde? Koqda?” yarışmasının intellegenti, liberal düşünən biri kimi təqdim etmişdi.

Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, Misir Mərdanovun gedişindən sonra ictimaiyyət gənc və qərbli kimi fikirləşən bir nazirə böyük ümidlər bəsləyirdi. Cəmiyyətin gözləntisi Mikayıl Cabbarovun Mixail Saakaşvili kimi reformist olacağı idi.
Amma olmadı, ola bilmədi, olmaq istəmədi. O, sovet sistemini tətbiq edən Misir Mərdanovun qaydalarını dəyişmədi. Əksinə, sələfindən qalan pis-yaxşı nümunələri də dağıtdı, təhsilə supermarket baxışı gətirdi, yan-yörəsini dostları ilə doldurdu.

Bu fəaliyyəti ilə tayfa-klan, ailə-podrat təfəkkürünün sahibi olduğunu təsdiqlədi. Demə, bu “Mişa” heç də o “Mişa” deyilmiş...
Gürcü liberallarının öndəri Saakaşvili ilə Azərbaycan Çto? Qde? Koqda?” yarışının intellegenti arasında fərqlər çılpaqlığı ilə göz qabağındadır.
M.Cabbarovun reputasiyasını elə özü dağıtdı, imicini yerlə bir etdi, ölkə təhsilində kadr siyasəti isə M.Mərdanovdan belə geri qaldığını isbatladı.
Ən azından keçmiş nazirin təhsilə bağlılığı var idi, riyaziyyatçı idi. Eks-nazirin dönəmində nazirlikdə təhsilə aidyyatı olan, peşəkar, savadlı, lakin talançı, rüşvətxor bir komanda formalaşmışdı.
İndi də sistem dəyişməzdir - rüşvət, tar-mar, yeyinti, korrupsiya, ali və orta məktəblərdə yığım, fond pulu, bayram pulu və s. ilaxır...Lakin nazirlikdəki kadrlar fiaskodur.
Rəhbər postlarda mövqe tutanlar “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsindən transfer olunanlardır. Təbii ki, M.Cabbarovun kadr siyasətini tənqid edənlər də təcrübəli ekspertlərdir.
****
Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, əsrimizin “Mişa”sı Mərdanovun vaxtında vəzifəyə qoyulmuş şəxslərin əksəriyyətini işdən kənarlaşdırıb. Beləliklə, nazirlikdə öz komandasını formalaşdırıb. Gəlin real faktlara nəzər salaq:
Nazir yaxın dostu və qohumu Elnur Əliyevi Bakı Şəhəri üzrə Təhsil İdarəsində rəhbər posta gətirdi. Elnur Əliyev həm də Təhsil Nazirliyində informasiya şöbəsinin müdiridir.

Bundan əvvəl isə o, “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsində Cabbarovun köməkçisi olmaqla yanaşı, həm də oranın “JEK” rəisi imiş. Möhtəşəm nəticədir və karyera yüksəlişinin analoqsuz variantıdır: “JEK”-dən təhsil idarəsinə qədər...Əhsən!!!
Elnur Əliyev isə geri qalmır - yaxın dostu biznes strukturunda çalışan Rəşad Tağıyevi həmin idarənin İnsan resursları şöbəsinə müdir təyin etdirir. Rəşad Tağıyev həm də nazirlikdə sektor müdiri vəzifəsini tutur.

Başqa bir fakta baxaq: adı müxtəlif qalmaqallarda hallanan Təhsil Nazirliyinin “Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş” şöbəsinin müdiri Ağababa İbrahimovu 24 aprel 2014-cü ildə vəzifəsindən azad edərək özünə müşavir təyin etdi. Sonra isə onu Goranboy rayonu təhsil şöbəsinə müdir göndərdi.
Nazirliyin keçmiş aparat rəhbəri İlham Pirməmmədov da bir müddət Mikayıl Cabbarovun müşaviri oldu. Sonra onu Texniki Universitetə elmi işlər üzrə prorektor vəzifəsinə göndərdilər.
İndi Pirməmmədov özünü orada rektor kimi aparır. Nazirin əsas müşavirlərindən biri Hüseyn Əliyevsə bu yaxınlarda səssiz-səmirsiz vəzifəsindən uzaqlaşdırıldı.
***
Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, nazir Samir Vəliyev təyinatında rekord qırıb. Mikayıl Cabbarov keçmiş deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyevi 21 aprel 2014-cü ildə özünə müşavir təyin etdi.

Bir müddətdən sonra isə onu nazirliyin “Orta ixtisas və peşə təhsili” şöbəsinə müdir vəzifəsinə təyin etdi. Nazirlikdə yeni struktur dəyişiklikləri baş verəndə isə Samir Vəliyev yenidən müşavir vəzifəsinə qaytarıldı.
Bundan başqa, nazirlikdə Ali təhsil sektorunun müdiri təyin olunmuş Yaqub Piriyev həm də aparat rəhbərinin müavinidir.
Mətbuatda haqqında tənqidlər yazılan Fərzəli Qədirov “İnsan resursları” şöbəsinin müdiri vəzifəsindən azad olunaraq Aparat rəhbərinin müavini təyin olunub.
Bir adamın 2 vəzifə tutması isə ölkəmizin qanunvericiliyində yoxdur. Nazir bu baxımdan da “yeniliyə” imza atıb. Eləcə də, Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə nazir müavini Ceyhun Bayramovun qohumudur.

Ceyhun Bayramov da nazirin yaxın dostudur. Nazirlikdə böyük problemlərin yaranmasının əsas səbəbkarlarından biri kimi məhz onun adı çəkilir. Bu adam indiyə kimi təhsil sistemində işləməyib.
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.
O, Mikayıl Cabbarovla “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıb. Ceyhun Bayramov həm də maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.

Göründüyü kimi, bu “Mişa” o “Mişa” deyilmiş...Sadəcə, kosmetik görüntü, imitasiya xarakteri daşıyır. Bəlkə də nazir nələrisə dəyişmək iqtidarında olardı. Kim bilir, özünə sual da verir: mən nə edə bilərəm, sistemi dəyişmək olmur...Amma nazir ən azı kadr sistemini dəyişə bilərdi ki, bu məsələdə də Qərb təhsilli yox, tayfaklan təfəkkürü ilə davrandı...
Anaxeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net