Ana səhifə

Ağ Evdən Kremlə kritik telefon – zəng Azərbaycan üçün də çalınır...

    Tarix: 30-01-2017 09:06   
 Ağ Evdən Kremlə kritik telefon – zəng Azərbaycan üçün də çalınır...

Qlobal ab-havanı hansı paytaxt diktə edəcək - günün sualı; ABŞ və Rusiya liderləri arasında ilk telefon danışığı - ilin ilk önəmli anonsu; Tramp Güney Qafqaza nə gətirəcək? Ekspertlərin Qarabağ məsələsi də daxil, 2017 gözləntiləri ilə bağlı maraqlı proqnozları var...

Donald Trampın Ağ Evə sahiblənməsindən 10 gün ötür. Dəniz suyunun dadını bilmək üçün damla yetərli olduğu kimi, ötən 10 gün də Trampın necə bir prezident olacağı haqda artıq müəyyən təsəvvür yaradır. Sözsüz ki, bizi daha çox Azərbaycan və onun maraqları, o sırada torpaqlarımızın taleyi düşündürür. Bu maraqlar isə, əlbəttə ki, Rusiya-ABŞ, Tramp-Putin münasibətlərinin necə formalaşacağından əhəmiyyətli dərəcədə asılı olacaq.

Rəsmi Bakı Azərbaycanın çıxarlarını ilk növbədə bu kontekstdə korrektə etməli olacaq. Ən azı o səbəbə ki, Qərb (ABŞ, NATO) indiyədək Rusiyanın bölgəmizdə geniş əl-qol açmasını əngəlləyən, Putinin bəzi təhlükəli Avrasiya planlarına mane olan əsas faktor olub. Cənubi Qafqazın Rusiyanın həyati maraqlar zonası kimi tanınması - hansı ki Trampın gəlişi ilə bəzi analitiklər bunu mümkün hesab etməyə başlayıblar - bu xüsusda Kremlin geosiyasi iştahını artıra, onun regionda hərbi-siyasi dayaqlarının daha da möhkəmlətməyə vadar edə bilər.

*****

Donald Trampın Ağ Evə sahiblənməsi ilə ABŞ-Avropa müttəfiqliyinin çat verə biləcəyi də narahatlıq doğurur. Ona görə ki, bu da Rusiyanın neo-imperiya maraqlarına işləyə, Krımın, Cənubi Osetiya və Abxaziyanın ilhaqını möhkəmlədə bilər. Hər halda ABŞ və Avropa Birliyi qlobal və regional məsələlərdə Rusiyaya qarşı həmişə vahid mövqedən, daha dəqiqi, vahid cəbhədən çıxış edib.

Image result for Ağ ev

Belə yekdil mövqenin laxlaması, şübhəsiz ki, Moskvanın işinə yarayacaq. Hətta bu arada Trampın Rusiyaya qarşı sanksiyaları götürəcəyi barədə xəbərlər yayılıb. Doğrudur, az sonra ABŞ-ın yeni prezidenti bunun hələ tez olduğunu deyib, ancaq onun böyük siyasətdə “piyada”, Putinin isə hiyləgər birisi və KQB mogikanı olması məsələni gündəmdən çıxarmır. Trampın Krımın ilhaqını tanıya biləcəyi ilə bağlı sözləri də bu yerdə yaddan çıxarılmamalıdır.

Amerika-Avropa münasibətlərinə gəlincə, artıq bu münasibətlərin Obama dövründəki kimi isti olmayacağını Almaniya kansleri Angela Merkelin narahatlığından görmək mümkündür. Öz növbəsində Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ-ın yeni prezidentinə Vladimir Putinlə münasibətlərdə ehtiyatlı olmağı məsləhət görüb.

Fransa prezidenti Fransua Olland isə bir az da qabağa gedərək, Tramp administrasiyasını Avropa Birliyi üçün təhdid hesab etdiyini bildirib. Bu barədə o, Angela Merkellə keçirdiyi birgə mətbuat konfransında deyib: “Gəlin, açıq danışaq. ABŞ administrasiyasının qarşımıza qoyduğu çağırışlar var. Bu, ticarət qaydalarına, habelə dünyadakı münaqişələrin həlli ilə bağlı mövqeyimizə aiddir. Əlbəttə ki, Trampla dialoq aparmalıyıq, çünki onu amerikalılar seçiblər. Lakin bunu Avropa dəyərlərini nəzərə almaqla, maraqlarımız naminə etməliyik ”, - deyə Olland vurğulayıb. Merkel isə Trampın adını çəkməsə də, dünyadakı şərtlərin tez və dramatik istiqamətdə dəyişdiyini bildirib.


*****

Göründüyü kimi, Fransa lideri ABŞ-ın yeni liderinin dünyadakı münaqişələrin həlli ilə bağlı fərqli mövqe tuta biləcəyinə də işarə edib. Həmin münaqişələr arasında isə üçüncü on illikdir öz ədalətli həllini gözləyən Qarabağ münaqişəsi də var. Bəs, Donald Tramp administrasiyası Cənubi Qafqaza nə vəd edir, yeni hökumət regionumuzla bağlı daha çox hansı siyasəti izləyəcək?

Məsələ ondadır ki, bir tərəfdən milyarder-prezidentin təcrid proqramı ABŞ-ın xarici ölkələrə, o cümlədən postsovet məkanına marağının müəyyən ölçüdə azalmasını ehtiva edirsə, digər yandan, Amerika xarici siyasət kursunun radikal şəkildə dəyişəcəyini gözləmək də real görünmür. Çünki ABŞ-ın xarici siyasətini təkcə prezident müəyyən eləmir.


*****

Rusiyalı ekspertlərin bu yöndə “Vestnik Kavkaza” saytına söylədikləri təxminlər birmənalı olmasa da, maraqlıdır. Məsələn, Rusiya EA yanında Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri Aleksey Arbatov ABŞ-ın Cənubi Qafqazda fəallığının azalacağını ehtimal edir:

“Fikrimcə, indiki administrasiya bölgə haqda az məlumatlıdır və burada baş verən hadisələrə tamamilə laqeyddir. Bundan dolayı Vaşinqton istənilən aktivlikdən, xüsusilə də sülhməramlı fəallıqdan uzaq duracaq. Əgər Krım-Ukrayna məsələsi hər halda Ağ Evdən ötrü prinsipiallığını saxlayacaqsa, Cənubi Qafqaz məsələsi uzaq bir yeşiyə qoyulacaq. Hətta bu bölgədə müharibə başlasa, bu, Trampın deyil, Avropanın başağrısı olacaq”, - deyə ekspert qeyd edib.

Moskvadakı Siyasi İnformasiyalar Mərkəzinin direktoru Aleksey Muxin isə, əksinə, əmindir ki, Trampın dönəmində ABŞ-ın xarici siyasəti daha sərt və məqsədyönlü olacaq: “Tamamilə aydındır ki, Birləşmiş Ştatlar Güney Qafqazda daha fəal rol oynayacaq. Ənənəvi olaraq, anqlo-sakson dünyası Cənubi Qafqazdan Rusiyaya təsir eləmək üçün istifadə edir. Yaxın gələcəkdə Vaşinqton bu kursu davam etdirəcək”, - politoloq əminliklə vurğulayıb.

Onun sözlərinə görə, bu üzdən bölgədə konfliktlərin eskalasiyası, qanunsuz birləşmələrin fəaliyyətinin güclənməsi və Qərb QHT-lərinin fəallaşması gözlənilir. “Qərb regionda Rusiya üçün yeni hədələr və təhdidlər yaratmaqla Rusiya rəhbərliyinin başqa məsələlərdə mövqeyinin yumşalmasına cəhd edəcək”, - politoloq əlavə edib.



Öz növbəsində Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının proqram direktoru İvan Timofeyev düşünür ki, ABŞ Cənubi Qafqazda öz aktivliyini Rusiya ilə koordinasiya eləmək zərurəti ilə üzləşəcək: “Cənubi Qafqaz üçün Donald Trampın hakimiyyətə gəlişindən dolayı bir neçə mühüm məqam var. Birincisi, Tramp Gürcüstanın NATO-ya doğru hərəkətini sürətləndirə də bilər, bu məsələyə böyük önəm verməyə də. Aydındır ki, bu prosesin sürətlənməsindən Moskva yüz faiz məmnun olmayacaq”.

Dağlıq Qarabağ probleminə gəlincə, analitik Rusiyanın fəaliyyətinin koordinasiya olunması məsələsinin ortaya çıxacağını təxmin edir: “Əgər ilk mərhələlərdə Rusiya və ABŞ vasitəçilər kimi birgə hərəkət edirdilərsə, daha sonra Qarabağ üzrə uzlaşma bir qədər pozuldu. İndi isə koordinasiyanı bərpa etmək lazımdır. Rusiya-Amerika koordinasiyasına həmçinin radikal qruplaşmaların Cənubi Qafqaza nüfuz etməsinə qarşı mübarizədə ciddi şəkildə ehtiyac var. Axı, bu təhlükələri qiymətləndirməmək olmaz. Radikallara qarşı ölkələrin ümumi ortaq əməkdaşlığı gərəkdir”. Söhbət, təbii ki, ilk növbədə terror qruplaşmalarından gedir.

*****

Ötən həftənin son siyasi akkordu isə gözlənildiyi kimi, prezident qismində Trampla onun rusiyalı həmkarı Putin arasında baş tutan ilk telefon danışığı oldu. İnformasiyaya görə, telefon zəngini Tramp edib və söhbət 50 dəqiqə çəkib (Buna kimi o, Yaponiya baş naziri və Almaniya kanslerinə telefon açıb).

Bu telefon danışığı ilə bağlı Kremldən yayılan açıqlamanın məzmunu maraqlıdır: “Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı məhsuldar və müsbət olub. İki ölkə lideri terrorla mübarizə, Suriya münaqişəsi və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Bu və digər məsələlər üzrə tərəfdaş əməkdaşlığının yaradılması razılaşdırılıb. İki ölkənin liderləri prioritet məsələ kimi beynəlxalq terrorçuluqla mübarizənin zəruriliyini qeyd ediblər və Rusiya və Amerika hərbçilərinin İŞİD-in və Suriyada fəaliyyət göstərən digər terrorçu qruplaşmaların darmadağın edilməsi məqsədilə koordunasiyalarının yaradılması barədə razılığa gəliblər”. APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“Prezidentlər həmçinin ərəb-İsrail münaqişəsi, strateji sabitlik sahəsi və nüvə silahının yayılmaması, habelə İranın nüvə proqramı və Koreya yarımadası ətrafındakı məsələləri müzakirə ediblər. Dövlət başçıları mütəmadi olaraq şəxsi əlaqə saxlamağa dair də razılığa gəliblər. V.Putin və D.Tramp habelə iki ölkənin işgüzar dairələri arasında ticari-iqtisadi əlaqələrin bərpa olunmasının vacibliyini qeyd ediblər. Tərəflər telefon danışığı zamanı konstruktiv, bərabər hüquqlu və qarşılıqlı faydalı şərtlər əsasında əməkdaşlığın bərpası və inkişaf etdirilməsi istiqamətində birgə fəal iş aparmaq niyyətində olduqlarını bildiriblər”.

Diqqətçəkicidir ki, telefon danışığı zamanı Kreml başçısı ABŞ-ı “mühüm tərəfdaş” adlandırıb.

*****

Bu yerdə qeyd etmək zərurəti var ki, Tramp ABŞ başda olmaqla “altılıq” ölkələrinin İranla əldə etdiyi məlum nüvə anlaşmasını təftiş və ləğv etmək niyyətindədir - hərçənd Konqresdə bu xəttin tərəfdarları azlıq təşkil edir. Rəsmi Tehran isə məsələyə artıq sərt reaksiya verib və hətta ABŞ-ı hədələyib. Trampın İran planları Rusiyanın da maraqlarına toxunur. Ən azı ona görə ki, Moskva Tehranın nüvə proqramına qayıdışını istəmir.

Trampın İrana neqativ münasibətini verdiyi ilk fərmanlardan birindən də aydın görmək olar. Həmin fərmana əsasən, İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə girişi 90 gün müddətinə dayandırılıb. Bu və digər səbəbdən Tramp dönəmində İran-Amerika münasibətlərinin təzədən gərginləşəcəyi istisna edilmir. Bu isə Azərbaycan üçün də köhnə və həssas situasiyaya qayıdış anlamına gələ, onun regiondakı önəmini ABŞ üçün yenidən artıra bilər.

Bütün hallarda iki dövlət başçısı arasında bu təmas iki dövlət arasında münasibətlərin post-Obama dövründə hansı məcrada inkişaf tapacağının konturlarını dəqiqləşdirmək baxımından xüsusi önəm daşıyırdı. Demək, Azərbaycanın yerləşdiyi Güney Qafqaz bölgəsi ətrafında situasiyanın hansı məcrada dəyişəcəyi də əhəmiyyətli ölçüdə bu telefon danışığının elan olunan və olunmayan detallarından, əldə olunan ilkin anlaşmalardan asılı ola bilər.
Eləcə də iki superdövlətin maraqlarının toqquşduğu digər regionlarda ab-havanı hansı paytaxtın diktə edəcəyini 50 dəqiqəlik söhbətin məzmununda axtarmağa dəyər. Bu mənada ABŞ və Rusiya liderləri arasında ilk telefon danışığını dünya üçün ilin ilk ən mühüm və qiymətli anonsu da saymaq mümkündür.

Analitik xidmət

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net